10 gün komada yatıb 11 dəfə əməliyyat olunan şəhid kəşfiyyatçı gizir Allahverdi Ələkbərov

04 May 2021 13:08
206

Əslən Ucar rayonundan olan Allahverdi Məzahir oğlu Ələkbərov 15 fevral 1987-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıq illərini Ucar rayonunda keçirib. 1994-cü ildə Ucar şəhər 2 saylı tam orta məktəbin birinci sinfinı gedib və 2005-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub. 2006-cı ildə Ucar şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Allahverdi Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Xidməti dövründə kəşfiyyatçı kimi xidmətini başa vuran Allahverdi evinə qayıdır. Ailəsinə kömək etmək məqsədilə bir çox işlərlə məşğul olmağa başlayır. 

2015-ci ilin avqust ayında yenidən könüllü olaraq hərbiyə yazılır və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlıq kursu"na daxil olur. Həmin ilin dekabr ayına qədər kurs keçir və kursu bitirdikdən sonra gizir rütbəsində Azərbaycan Ordusunda xidmət etməyə başlayır. 2017-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrin təməl kursuna qəbul olur. Kursu bitirdikdən sonra xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı vəzifəsində xidmət edir. 

2020-ci ilin sentyabr ayının 2020-ci ilin sentyabr ayının 27-dən etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Allahverdi də bir kəşfiyyatçı kimi iştirak edir, Füzuli və Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə böyük fədakarlıqlar göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edir. Döyüşdə öz qrupu ilə qəhrəmanlığı və qətiyyəti ilə fərqlənən Allahverdi daha sonra Qubadlı istiqamətində gedən döyüşdə iştirak edir, bir kəşfiyyatçı kimi düşmənlə əlbəyaxa döyüşür və düşmənə sinə gərir. Qəhrəman gizir oktyabr ayının 20-də Milli Qəhrəman Şükür Həmidovun şəhid olduğu yüksəklikdə ağır yaralanır. Dərhal Füzuli rayon xəstəxanasına gətirilir. 2 gün orada müalicə aldıqdan sonra, vəziyyəti ağır olduğundan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gətirilir və komaya yerləşdirilir. 10 gün komada yatan Allahverdi 11 dəfə əməliyyat olunur. Noyabr ayının 2-də komadan ayılır. Həkimlərin bütün səyinə baxmayaraq Allaherdi həmin ayın 10-da şəhadətə ucalır. Şəhidin nəşi səhərisi gün Ucar şəhərinə gətirilir və orada yerləşən "Şəhidlər Xiyabanı"nda böyük izdihamla torpağa tapşırılır. Ailəli idi, 3 azyaşlı övladı xalqımıza əmanət qalır.    

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Bakı şəhərində anadan olan gizir Allahverdi Məzahir oğlu Ələkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                                    Ambur.az

Oxşar xəbərlər