2 aylıq Nişanəni xalqımıza yadigar qoyan Osaküçə kəndinin şəhidi Əhmədli Qardaşxan

15 Mrt 2021 14:03
742

Qardaşxan Elxan oğlu Əhmədli 12 mart 1996-cı ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olub. 2 bacı 1 qardaş olmaqla ailədə 5 nəfər olublar. 6 yaşına kimi Osaküçə kəndinə olub və daha sonra ata-anası ilə birgə Bakı şəhərin köçüblər. 15 sentyabr 2004-cü il ildə Bakı şəhəri şəhid Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib və 2013-cü il may ayının 30-da həmin məktəbin 11-ci sinfini başa vurub. Təhsilini başa vurduqdan sonra bir müddət satıcı işləməyə başlayıb. Atası Elxan kişi Rusiyada olduğundan, Qardaşxan həm bacılarına, həm də anasına baxırdı. Çox mərifətli, qanacaqlı, tərbiyəli uşaq olan Qardaşxan çox da zəhmətkeş biri olub. 

Qardaşxan Əhmədli 03 yanvar 2015-ci ildə Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Gəncədə yerləşən "N" saylı hərbi hissəyə göndərilir. Qısa bir müddət orada xidmət edən Qardaşxan daha sonra Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə xidmətini davam etdirməyə göndərilir. 2016-cı ilin "Aprel döyüşlərinin" iştirakçısı olur və sözün əsl mənasında göstərdiyi şücaət və qəhrəmanlıqlarla adını tarixə yazır. Həmin ilin iyul ayında xidmətini başa vurduqdan sonra ehtiyyata buraxılır. Ata-anasına kömək etmək məqsədilə fəhlə işləməyə başlayır. 2019-cu ilin noyabr ayında ailə həyatı qurur. 

2020-ci ilin sentyabr ayında II Qarabağ müharibəsi başladığı zaman Qardaşxan həmin ayın 21-də Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən çağırılır və döyüşə yola salınır. Döyüşə getdiyi zaman atasına "Ata, özünüzə yaxşı baxın, yoldaşım sizə əmanət" -deyir və döyüşə gedir. Qardaşxanın döyüş yolu Füzulidən başlayır. Daha sonra Ağdam, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edir.  Düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edir və yaralı əsgərlərimizi döyüş meydanından çıxarır. Qəhrəman Qardaşxan noyabr ayının 7-dən 8-nə keçən gecə Xocavənddə yerləşən Nərgiz təpə istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşür. Bir müddət Qardaşxandan xəbər çıxmayır. Yaxınları, valideyinləri nə qədər axtarsalar da, Qardaşxandan heç bir xəbər ala bilmirlər. Nəhayət dekabr ayının 19-da Qardaşxanın şəhid olduğu bilinir və nəşi Bakı şəhərinə gətirilir, səhərisi gün böyük izdihamla Binə qəsəbəsində yerləşən "Şəhidlər xiyabanı"da torpağa tapşırılır. Şəhidimizdən 2 aylıq Nişanə adında qız övladı xalqımıza yadigar qalır. 

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lənkəran rayonunun Osaküçə kəndində anadan olan Qardaşxan Elxan oğlu Əhmədli ölümündən sonra "Xocavəndin azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun! 

2021-ci il mart ayının 12-də Qardaşxanın 25 yaşı tamam oldu. Onun arzusu o idi ki, 25 yaşını öz ata-anası, yoldaşı və Nişanə adında körpə qızı ilə qeyd etsin. Lakin, təəssüf olsun ki, Qardaşxanın yaşadığı evdə onun doğum günü onsuz keçirildi. Qardaşxan xalqımız üçün öz isti evini soyuq bir məzara dəyişdi. Doğum günündə şəhidin yaxınları, qohum-qonşuları, Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin idarə heyətinin üzvü Rafiq Mütəllimov, Suraxanı rayon İcra Hakimiyyətinin başçıs iştirak etdi. İştirak edənlər şəhidin yaxınlarına başsağlığı verdilər və onların dərdinə şərik oldular. 
                     Ambur.az

Oxşar xəbərlər