2 azyaşlı qızını gözü yolda qoyan şəhid Təbriz Talıbov

18 Fev 2021 17:34
1096

Təbriz Məhərrəməli oğlu Talıbov 11 iyun 1994-cü ildə Lerik rayonunun Ləkər kəndində anadan olmuşdur. 3 bacı və 3 qardaş olmaqla ailədə 8 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Ləkər kəndində keçmişdir. 2001-ci ildə Ləkər kənd natamam orta məktəbin 1-ci sinfinə daxil olur və 9-cu sinfi başa vurduqdan sonra şəhid Mehman Qafarov adına Lerik rayon Siyov kənd tam orta məktəbində təhsilini davam etdirir. Orta təhsilini başa vurduqdan sonra, 2012-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Goranboy rayonunun "N" saylı hərbi hissəsinə göndərilir. 2014-cü ilin yanvar ayında xidmətini başa vurduqdan sonra evinə qayıdan Təbriz ata-anasına kömək etmək məqsədi ilə bir çox işlərlə məşğul olur. 

Yenidən könüllü olaraq hərbiyə yazılan Təbriz Talıbov 09 sentyabr 2015-ci ildə könüllü olaraq kiçik çavuş rütbəsində müddətdən artıq hərbi xidmətə yola düşür. Nümuməvi xidmətinə görə kiçik çavuş Təbrik 09 sentyabr 2018-ci ildə kiçik gizir rütbəsinə qalxır. Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən kiçik gizir "Aprel döyüşləri"nin iştirakçısı olmuş və 27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsində də göstərdiyi qəhrəmanlıq və şücaətləri ilə adını qızıl hərflərlə tarixə yazır. Ağdam, Cəbrayıl və Zəngilan uğrunda vuruşaraq düşmənə sarsədəcə zərbələr endirən kiçik gizir Talıbov Təbriz oktyabr ayının 23-də Zəngilan rayonunun Ağbənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Nəşi doğulduğu Ləkər kəndinə gətirilir və kənd qəbirstanlığında torpağa tapşırılır. Şəhidimiz ailəli idi. 3 yaşında Mələk və 2 yaşında Kifayət adında qızları xalqımıza əmanət qaldı. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Ləkər kəndində anadan olan kiçik gizir Təbriz Məhərrəməli oğlu Talıbov ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun!  

Oxşar xəbərlər