22 şəhidimizin nəşini döyüş meydanından çıxaran şəhid gizir Elqaşın qəhrəmanlıq səlnaməsi

07 Mrt 2021 18:34
705

Elqaş Barat oğlu Əliyev 12 fevral 1999-cu ildə Lerik rayonunun Bırkandul kəndində, fəhlə ailəsinə anadan olub. 2 qardaş 1 bacı olmaqla ailədə 5 bəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2005-ci ildə Lerik rayon şəhid Z.Həsənov adına Bırkandul kənd ümumi orta məktəbin 1-ci sinfinə gedib. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini başa vurduqdan sonra təhsilini Lerik rayon şəhid Ə.Nəciyev adına Vistən kənd tam orta məktəbində davam etdirib və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini başa vurub. 2017-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıran Elqaş Müdafə Nazirliyinin "N" saylı hərbi hissəsinə göndərilib. Hərbi xidməti dövründə nümunəvi xidmətinə görə və nizam-intizamına görə seçilən Elqaş dəfələrlə komandirləri tərəfindən "Təşəkkürnamə"lərlə təltif edilib. Xidmətini nöqsansız başa vurduqdan sonra 2019-cu ilin oktyabr ayında evinə, ata-anasının yanına qayıdıb. Ailəsinə kömək etmək məqsədilə bir çox işlərlə məşğul olmağa başlayıb. 

Vətənini, torpağını canından üstün bilən Elqaş könüllü olaraq müddətdən artıq hərbi xidmət etmək qərarına gəlir. 2020-ci ilin yanvar ayında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlıq kursu"na daxil olur və həmin ildə gizir rütbəsi alaraq Müdafiə Nazirliyinin Nasosnu qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində xidmət etməyə başlayır. 

Gizir Elqaş Əliyev 2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində iştirak etmək üçün 3-4 gün öncə könüllü olaraq ərizə yazır və Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola düşür. Müharibənin ilk günündən döyüşə qatılan gizir Elqaşın döyüş yolu Füzuli rayonudan başlayır. Böyük şücaət və qəhrəmanlıqlar göstərərək düşmənə sinə gərən Elqaş daha sonra Ağdam, Cəbrayıl və Laçın dəhlizi istiqamətində gedən şiddətli döyüşlərdə də iştirak edir, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Gizir Elqaş Əliyev 03 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Lerik rayonunun Brkandul kəndinə gətirilir və böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılır. 

Şəhidin döyüş yoldaşlarının dediklərinə görə; Elqaş döyüşdə mərdliklə iştirak etmiş, heç nədən çəkinməmiş və böyük qəhrəmanlıqlar göstərmişdir. Dəfələrlə mühasirəyə düşən əsgər yoldaşlarını xilas etmişdir. Elqaş 22 şəhidimizin nəşini döyüş meydanından çıxarmış və 6 yaralı əsgərimizi təyin olunan məntəqəyə çatdırılmasına kömək etmişdir. Təkbaşına səngərdə 14 əsgərimizi pulemyotla xilas etmiş, düşmən mövqeyine 3 qumbaraatan ataraq onların postunu və kazarmasını külə döndərmişdir. Elqaşın göstərdiyi şücaətləri saymaqla bitməz. 

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Bırkandul kəndində anadan olan gizir Elqaş Barat oğlu Əliyev ölümündən sonra "Xocavəndin azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir.  Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                     Ambur.az

Oxşar xəbərlər