3 ayın əsgəri -şəhid Orxan Dənziyev

29 Mrt 2021 15:20
723

Orxan Mübariz oğlu Dənziyev 18 iyul 2002-ci ildə Lerik rayonunun Laman kəndində anadan olub. Uşaqlıq illəri doğulduğu kəndə keçib. 1 bacı 2 qardaş olmaqla ailədə 5 nəfər olublar. Orta təhsilini 9-cu sinfə qədər Lerik rayon Laman kənd ümumi orta məktəbində alıb. 9-cu sinfi başa vurduqdan sonra Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub. Təhsilini başa vurduqdan sonra Orxan 29 iyul 2020-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə göndərilib. 

2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Orxan gənc əsgər olmasına baxmayaraq fəal iştirak edir, yüksək qəhrəmanlıqlar göstərir. Düşmədə sarsıdıcı zərbələr endirməklə və xeyli sayda canlı qüvvəsini məhv etməklə adını qızıl hərflərlə tarixə yazan qəhrəman Orxan 15 oktyabr 2020-ci ildə Ağdərə-Tərtər istiqamətində gedən şiddətli döyüşərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Laman kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Ləman kəndində anadan olan Orxan Mubariz oğlu Dənziyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                     Ambur.az

Oxşar xəbərlər