3 aylıq körpəsini Vətənə əmanət qoyan şəhid kəşfiyyatçı - Kapitan Həmidağa Hüseynzadə

17 May 2021 18:30
1198

Həmidağa Bağı oğlu Hüseynzadə 13 avqust 1990-cı ildə Bakı şəhərində anadan olub. 2 qardaş və 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illərini Bakı şəhərində keçirən Həmidağa 1997-cı ildə 54 saylı tam orta məktəbin 1-ci sinfinə gedib və 2008-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2012-ci ildə leytenant rütbəsi ilə məktəbi bitirir və 1 illiik Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təhsilini davam etdirib. 2013-cü ildə TTM-ni başa vurduqdan sonra əvvəlcə Tovuz rayonunda yerləşən hərbi hissədə, daha sonra Ağdam rayonunda yerləşən hərbi hissədə komandir vəzifəsində xidmət edib. 

Leytenant Həmidağa Hüseynzadə Xüsusi Təyinatlı Qüvvələrin kursuna gedir, 2014-cü ildə layiqincə başa vurur. 
2015-ci ildə leytenant rütbəsindən baş leytenant rütbəsinə yiyələnir.
2017-ci ildə baş leytenant rütbəsindən kapitan rütbəsinə yiyələnir. 
Cəlilabad rayonunda yerləşən Xüsusi Təyinatl Qüvvələrin "N" saylı hərbi hissəsində baş kəşfiyyatçı vəzifəsində xidmət edir.
Xidməti dövründə III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilir.

2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı olan kapitan Hüseynzadə 2020-ci ilin sentyabr ayından etibarən başlayan II Qarabağ müharibəsinin də fəal iştirakçısı olur. Qəhrəman zabit Murovdağ silsiləsinin, sağ və sol canavar adlanan postların alınmasında xüsusi olaraq döyüşür, yüksək qəhrəmanlıqlar göstərir. Murovdağ istiqamətində düşmən tərəfindən mühasirəyə düşdükləri zaman həmin mühasirəni yararaq 30 nəfərə yaxın döyüş yoldaşlarını mühasirədən çıxararaq onların həyatını xilas edir. Müharibənin ikinci günündə -sentyabr ayının 28-də Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi bacısının doğum günündə -oktyabr ayının 2-də Bakı şəhərinə gətirilir və II Fəxri Xiyabanda böyük izdihamla torpağa tapşırılır. Ailəli idi, 3 aylıq qız övladı Vətənə əmanət qalır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Bakı şəhərində anadan olan kapitan Həmidağa Bağı oğlu Hüseynzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda"  medalları və "Qarabağ" ordeni ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                           Ambur.az

Oxşar xəbərlər