3-cü övladı şəhid olduqdan sonra dünyaya gəldi - Şəhid kapitan Quliyev Vüsal -VİDEO

10 May 2021 22:07
414

Vüsal Tahir oğlu Quliyev 05 iyun 1985-ci ildə Lənkəran şəhərində anadan olub. 2 bacının tək qardaşı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illərini Lənkəran şəhərində keçirib. 1991-ci ildə Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziya məktəbinin 1-ci sinfinə daxil olub. 2002-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 
2006-cı ildə məktəbi başa vurduqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (TTM) qəbul olub. 
2007-ci ildə TTM-i bitirərək "leytenant" hərbi rütbəsi alıb və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etməyə başlayıb. 

2009-cu ildə baş leytenant rütbəsi alaraq Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə batareya komandiri vəzifəsinə təyin olunub. 
2013-cü ildə isə baş leytenant rütbəsindən kapitan rütbəsinə yüksələrək Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə həmin vəzifədə xidmət edib. 
2016-cı ildə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəyə qoşun xidmət rəisinin köməkçisi vəzifəsinə təyin edilib.
2019-cu ildə Goran rayonunda yerləşən "N" saylı hərbi hissədə kəşfiyyat rəisinin köməkçisi vəzifəsində xidmət edib.
2020-ci ilin mart ayında həmin vəzifədə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəd xidmət etməyə başlayıb. Xidmətinə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.

27 sentyabr 2020-ci ildən etibarən başlayan 44 günlük II Qarabağ müharibəsində kapitan Quliyev də iştirak edir və Suqovuşan azad olunması uğrunda gedən ağır döyüşlərdə yüksək qəhrəmanlıqlar göstərir və həmin istiqamətdə, müharibənin ikinci günündə, sentyabr ayının 28-də qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Lənkəran şəhərinə gətirilir və "Böyük Bazar" adlanan qəbiristanlığda böyük izdihamla torpağa tapşırılır. Ailəli idi, 3 övladı -2 qız və 1 oğul övladı Vətənə əmanət qalır. İkinci qız övladı şəhidimizdən sonra dünyaya gəlir. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lənkəran şəhərində anadan olan kapitan Vüsal Tahir oğlu Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                                       Ambur.az

Oxşar xəbərlər