300-ə yaxın yaralı əsgərin əlinin, ayağının kəsilməsinə mane olan və onları əməliyyat edərək sağaldan həkim- Əbülfət Həmidov

10 Dek 2020 09:43
2980

Vətən müharibəsi günlərində qəhrəman əsgərlərimizlə yanaşı hərbi həkimlərimiz də ilk gündən həm ön, həm də arxa cəbhədə döyüşürdü və yaralı əsgərlərimizin sağalması uğrunda gedən bu döyüş hələ də davam edir. Bu döyüşlərdə yaralanan əsgərlərimizə arxa, dayaq olan onların sağlamlığının keşiyində duran belə həkimlərdən biri də dünya şöhrətli həkim, dünya tibb tarixində inqilabi kəşflərdən olan və sınıqların müalicəsində hələ də əvəzsiz olaraq qalan "İlizarov aparatı"nın ixtiraçısı, akademik İlizarovun azərbaycanlı tələbəsi Lerik əsilli Əbülfət həkim olmuşdur. Tanınmış həkim Lerikin Çayrud kəndindəndir və İlizarovun ən layiqli davamçılarından biri hesab olunur. Həkim Əbülfət Həmidov SSRİ vaxtı tanınmış hərbi həkimlərdən biri olub. Birinci Qarabağ müharibəsi zamanı bir çox azərbaycanı kimi Vətəninə dönmüş və sonra da hərbi həkim kimi xalqının ordusunun xidmətində durmaqda davam etmişdir.
Qarabağın azadlıq müharibəsi başlayan gündən Əbülfət həkim cəbhə xəttinə gedir və döyüşlərdə yaralanan 300-dən çox əsgərimizi əməliyyat edib. Ən əsas məsələ isə bundan ibarətdir ki, tanınmış həkim ən pis hallarda belə əsgərlərin əl və ayağını amputasiya etməmişdir. Məlumdur ki, müharibə şəraitində "İlizarov aparatı"na kəskin tələbat yarandığından, infeksiya riskinin çox olmasından və döyüş əməliyyatlarının aparıldığı ərazidə səhra hospitallarında müvafiq avadanlığın quraşdırılmasının mümkünsüz olduğundan çox vaxt həkimlər sonrakı ağırlaşma risklərini nəzərə alaraq amputasiyalara daha çox üstünlük verirlər. Əbülfət həkim isə bütün bu riskləri gözünə alaraq hər bir xəstəsinin müalicəsində şəraitsizlikdə belə müəyyən yollarla amputasiyadan qaçmış, pinsitlə belə zədələnmiş sümüyü yığaraq "İlizarov aparatını" əvəz etmiş və neçə-neçə əsgərin əl və ayağını amputasiya etməkdən qurtarmışdır.  Onun öz xəstələrindən biri, Vətən müharibəsi qazisi Əsgər Hüseynov öz şahidi olduğu hadisəni belə nəql edir: "Mənim özümü Füzuliyə hospitala gətirdilər. O olmasa idi, mənim qolumu indi çoxdan kəsmişdilər. Elə mənim kimi 300-ə yaxın yaralının əlinin, ayağının kəsilməsinə mane oldu və onları əməliyyat edərək sağaltdı". Təsadüfi deyil ki, Əbülfət həkimi Azərbaycanın tibbi travmatologiyasının atası da adlandırırlar. 
Əbülfəz həkim həm də Qarabağ müharibəsində şəhid olan Cavanşir Həmidovun əmisidir. Allah vətən uğrunda döyüşlərdə şəhid və qazi olan əsgərlərimizlə birlikdə, onlarla çiyin-çiyinə döyüşən, əsgər və zabitlərimizin səhhətinin qayğısına qalan qəhrəman həkimlərimizə də can sağlığı versin. Unutmayaq ki, bu cür yüzlərlə həkimimizin də şanlı ordumuzun qələbəsində öz payı vardır. Allah Vətən müharibəsinin bütün iştirakçılarını qorusun!

Oxşar xəbərlər