“4 gün olmadığım müddətdə qohum-əqrabamın hamısı şəhid olduğumu bilirdi“- 1500 metr yolu 4 günə tək sol qolu ilə sürünən kapitan  

16 Mrt 2021 20:22
1050

Asim Əfrasim oğlu Quliyev 15 sentybr 1989-cu ildə Bakı şəhəri Nizami rayonunda anadan olub. 2 qardaş olmaqla aildə 4 nəfər olublar. 1995-ci ildə Bakı şəhər Nizami rayonu şəhid Etibar Cəlilov adına 272№-li məktəbin 1-ci sinfinə gedib. 2003-cü ildə həmin məktəbin 8-ci sinfini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2006-cı liseyi başa vurduqdan sonra, həmin ilin avqust ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbininə daxil olub və motoatıcı ixtisası üzrə oxuyub. 2010-cu ilin iyun ayında məktəbi başa vurub və leytenant rütbəsi alaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində oxuyub. 1 il orada oxuduqdan sonra, 2011-ci ildə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlayıb. 

12 aprel 2012-ci ildən 2017-ci ilə kimi Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə tağım komandiri, bölük komandiri və tabor komandiri vəzifəsində xidmət edib.
2013-cü ildə leytenant rütbəsindən baş leytenant rütbəsinə yüksəlib.
27 noyabr 2017-ci ildən 25 fevral 2019-cu ilə kimi Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
2017-ci ildə baş leytenant rütbəsindən kapitan rütbəsinə yüksəlib. 
25 fevral 2019-cu ildən etibarən Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.  
Kapitan Quliyev nümunəvi xidmətinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley və "Qüsursuz xidmətə görə" medalları ilə təltif olunub. 

2016-cı ilin "Aprel döyüşləri"nin, 2020-ci ilin "Tovuz döyüşləri"nin iştirakçısı olan qəhrəman komandir 2020-ci ilin sentyabr ayından etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində fəal iştirak edib. Düşmənə sarsədəcə zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən kapitan Quliyev Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən ağır döyüşlərdə artilleriya atəşi nəticəsində hər iki ayağndan yaralanır, qarın nahiyəsi deşilir, içalatı dağılır, bağırsağı sıradan çıxır. 4 gün neytral zonada qaldıqdan sonra 1500m məsafəni tək sol qolu ilə sürünərək postuna gəlib çıxır. 

Bu 4 gün müddətində yaşadığı çətinlikləri kapitan Quliyev belə xatırlayır: "Mən ağır yaralandığım zaman mənə ilk öncə kömək edən əsgər Yusifzadə Ramil olub. O başımdan kaskamı, formamın üstündən branjiletimi çıxartmaqda mənə böyük kömək oldu. Mən bütün şəxsi heyətə məni orda saxlayıb, irəliləməklərini istədim. Ama onlar həm özləri yaralı idi, həm də mənim yaralı halda orada qalmağımı istəmirdilər. Mən onlara ona görə dedim ki, məni saxlayıb getsinlər, əgər onlar məni yaralı halda aparsaydılar, özləri də çətin vəziyyətə düşəcəkdilər. Bu da düşmən üçün sadə bir üsul idi, yaralı Azərbaycan əsgərini görən zaman, ilk öncə onu daşıyan əsgəri vuracaq, sonra da öz sevinci ilə yaşayacaq. İstəmirdim onlara belə bir sevinc yaşadım. Düşmən səngərində onlar tərəfindən atılan ağır artilleriya atəşi nəticəsində ağır yaralandım və 2 saata yaxın olardı ki, səngərdə qaldım. O səngərdən böyük Allahın köməkliyi ilə çıxa bildim. Səngərdən çıxdıqdan sonra 200 metr olan bir əraziyə özümü yuvarlayaraq minalı olan sahəyə keçtim. Orada yerdən balaca bir dəmir tapmışdım, sahəni yoxlaya-yoxlaya 50m yaxın dizlərimi yerə qoymadan irəlilədim. Sonra bir balaca maili olan yüksəklikdən özümü aşağı yuvarladım. Yuvarlamamışdan öncə başımı kitelimin içinə salmışdım ki, təki başıma zədə dəyməsin, özümü yuxarıdan aşağı düşürdə bilim. Ondan sonra, orada böyük bir kol var idi, o kolun arxasına keçdim, sonra artıq havanın qaralmasını gözlədim. Çünki düşmən snayperlə işləyirdi. Hava qaraldıqdan sonra sürünərək meşəlik olan bir əraziyə bir yerə keçdim. Orada səhərə kimi su istəyirdim, içməyə su tapa bilmirdim, çox susamışdım, əlimi açıb Allaha yalvarırdım ki, mənə kömək olsun, mənə su versin. Səhərə yaxın idi, saat 5 olardı, düzdür qolumda saat yox idi, ama təxmini bilirdim. Ayıldığım zaman baxdım ki, ərazidə, sol tərəfimdə böyük bir yer var, parıldıyır, yaxınlaşmağa qorxdum, düşündüm ki, hava açılandan sonra yaxınlaşsam daha yaxşı olar. Havanın açılmağını gözlədim.

Hava açılandan sonra həmin əraziyə baxıb, gördüm ki, yağışın yağdığı bir yerdir və orada su yığışıb qalıb. İlk növbədə Allahıma duamı qəbul etdiyi üçün minnətdarlığımı bildirdim, şükürlər etdim Allahıma. Ərazidən kanserva qabı tapdım və həmin o yerdən 3 qab su içdim. İçəndən sonra artık özümü həmin o su olan hövzəyə saldım. İki gün ağır vəziyyətdə olduğum üçün hərəkətsiz idim. Gündüzlər suyun içində qalıb, gecələr isə su olan hövzədən çıxıb həmin ərazini müşahidə edirdim. Su olan hövzədə qaldığım müddətdə, bədənim keyiməsin deyə ikinci gün suyun içində hərəkət etməyə başladım. İrəli və geriyə doğru hərəkət edirdim və qollarımı işlədirdim. Bədənim keyiməsin deyə tək sol qolumu işlədirdim. İki güdən sonra, əynimdə qara maykam var idi, maykamı cırıb əlimə əlcək düzəltdim. O biri əlimi isə kitelimin sol qolunu açıb... Növbəti çatdığım bir ərazi, hava açılana yaxın, düzdür, bəlkə də danışdığım zaman kənardan baxan üçün sadə gəlir. Amma o 200-300m və yaxud da müəyyən bir məsafəni qət etmək mənim üçün həqiqitən də həmin vaxtı çox çətin gəlirdi. İradə tələb edən bir an idi. Üçüncü gün digər bir əraziyə gəlib çıxdım və həmin ərazidə Allahımdan yenə su var idi. Sadəcə burada olan su birinci düşdüyüm ərazidə olan sudan çox idi. Orada yenə də özümü suda saxlamalı oldum, bir gün də orada qaldıqdan sonra, artıq dördüncü gün hava tam açılana qədər süründüm. Sürünüb, gəlib çıxanda, qulağıma gələn səslər öz əsgərlərimizin səsi idi, öz postumuza tərəf yaxınlaşmışdım. Öz maşınlarımızın, öz texnikamızın səsi gəlirdi. Ama səs gələn istiqamətə hərəkət etmək istəmədim, ona görə ki, həmin ərazinin qarşısı minalanmış ərazi idi, öz əsgərimiz bilmədən belə məni vura bilərdi. Böyürtkənlik olan bir əraziyə gəlib girdim, ama oranın nə olduğunu bilmirdim. Orada düşmən tərəfindən həm silah səsləri gəlirdi, həm artilleriya atəşlərinin səsi. Məcbur olaraq böyürtkənli olan ərazidə böyürtkənləri qıraraq masqalandım. Hansı ki, o birinci suya girdiyim yerdən etibarən tək gözlərim xaric, demək olar ki, əllərim, sifətim, bədənim, patinkama qədər palçıqla masqalanışdım ki, ərazidən seçilməyim. Və o böyürtkənli olan ərazidə həqiqətən də artıq dördüncü gün yemək yemək istəyirdimş Amma təəssüflər olsun ki, ərazi imkan vermirdi, vəziyyət əlverişli deyildi. Yenə də Allahıma çox şükürlər edirdim ki, məni gətirib ora çıxarmışdı. Həqiqətən də gəlməyimin özü bir möcüzədir. O ərazidə qara böyürtkənlər var idi, yadımdadır hələ də... Hava qaralanana yaxın ordan çıxdım, qamışlıq deyilən bir əraziyə keçdim. Qamışlıq olan əraziyə qalxmaq istəyirdim, ama qalxa bilmirdim. İki dəfə cəhd etdim, amma alındıra bilmədim. Ona görə ki, ayağım sınmışdı.

Sağ ayağımı ümumiyyətlə yerə basa bilmirdim. Sol çiynimi iri qamış kötüklərinə söykəyərək, yuxarı qalxıb qamışların içində müqavimətimi itirə-itirə müəyyən bir məsafə gəldiktən sonra iki səngər başlığını yarımçıq qoydum... Səngərin berma hissəsinə belimi söykəyərək, yuvarlana-yuvarlana gəlib bizim postumuza çıxdım. Gəldiyim vaxtı yerdə bizim şəhidlərimiz qalmışdı. Onların hər birinin üstünü yoxluyurdum. Onlarda əl qumbarasının olub-olmadığını axtarırdım. Ola bilərdi ki, kimsə özündə saxlayar, açar, hazır qoyar və bizim şəxsiyyət onları götürən zaman o əl qumbarası partdıyar. Bunu eləməyimin səbəbi o idi ki, onları oradan götürən əsgərlərimizdə, şəxsiyyətimizdə itki olmasın... Mən artıq səngərə gəlib çıxan vaxtı, əsgər mənə "Dur, hərəkət etmə, yoxsa vuracağam" -dedi. O bilmirdi mən kiməm, mən ona məlumat verəndən sonra, artıq mənim kim olduğumu bildi və köməyə postun şəxsiyyətini çağırdı. Ondan sonra onlar məni oradan götürüb sanitarkaya, daha sonra ambulansla göndərdilər hospitala. Mən 4 gün olmadığım müddətdə anam xaric, bütün qohum-əqrəabamın hamısı şəhid olduğumu bilirdi və hətda atamın qəbr üstünü ziyarət etməyə gedən zaman, mənim özüm üçün qazılan qəbirlə belə rastlaşdım. Xalam oğlundan soruşduğum zaman, mənə "Asim, bizə deyilmişdi ki, sən şəhid olmusan, Müdafiə Nazirliyindən məlumat verilmişdi". -bildirdi. Çünkü heç kəsin xəbəri yox idi, bu uca Allahın sayəsində olmuşdu... Həqiqətən də Allahıma çox şükürlər olsun ki, özü istəyəndə hər şeyi edə bilir......".

Qəhrəman kapitan Füzuli rayonunda yerləşən diaqnostika mərkəzinə yerləşdirilir və oradan da Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilir. Ardınca Şəmkir Hərbi Hospitalı və daha sonra Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalına yerləşdirilir. Hal-hazırda müalicəsi davam edir. Allahdan qəhrəman komandirimizə şəfalar diləyirik. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, kapitan Asim Əfrasim oğlu Quliyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Allah qorusun. Fəxr edirik!
            Ambur.az

Oxşar xəbərlər