44 yaşlı baş leytenant erməniləri çaş-baş salan taktikadan danışdı: “Sona qədər anlamadılar” - MÜSAHİBƏ

09 Okt 2021 18:34
111

Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin Hasilatın idarəedilməsi xidmətinin rəis müavini kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Ənvər Həbibov Vətən müharibəsinin iştirakçısı olub.

O, 44 yaşında 44 günlük müharibədə “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Həmçinin, 18 il SOCAR-da fəaliyyət göstərən Ənvər bəy 2021-ci ilin mart ayında “Neft və qaz sənayesinin inkişafında göstərilən xidmətlərə görə Fəxri Fərman”la da təltif edilib.

Ambur.az bildirir ki, Vətən müharibəsi iştirakçısı Oxu.Az-a müsahibə verib.

Sözü gedən müsahibəni təqdim edirik:

- Müharibədə iştirak edəcəyinizi nə zaman öyrəndiniz?
- Müharibədə iştirakım gözlənilən idi. Mən ehtiyatda olan zabit idim. 2020-ci ilin iyul hadisələri zamanı könüllü olaraq müraciət etmişdim. Sentyabrın 27-si əks əməliyyat tədbirləri başlayanda səbirsizliklə mənə nə zaman zəng edəcəklərini gözləyirdim. Nəhayət, 9 oktyabrda mənə zəng gəldi və 10 oktyabrda hərbi komissarlığa yaxınlaşdım. Günortadan sonra yola düşdük. Oktyabrın 15-də isə tağım komandiri kimi əməliyyat taborunda birinci döyüş əməliyyatına qoşuldum.

- Döyüş əməliyyatlarına başladığınız andakı təəsüratlarınızı bölüşə bilərsiniz?
- Döyüş döyüşdür, amma əməliyyat taborunun ayrıca tapşırıqları var. Hər hansı tapşırığı yerinə yetirmək üçün çiynində 30-40 kiloqram yük ilə böyük məsafələr qət etməli, 10 saata qədər dayanmadan piyada hərəkət etməli olurduq. 44 yaşım var idi və yaşıma baxmayaraq mən tağım komandiri idim. Tağım komandiri isə ön xətdə, əsgərin qarşısında getməlidir. Bu cəhətdən ilk döyüş əməliyyatı çətin keçdi. Döyüşə qatılmaq üçün getdiyimiz enişli-yoxuşlu yollardan sonra yüksəkliyə qalxmaq lazım idi. Əməliyyatlara qoşulacağımız yerə minaatan mərmiləri yağış kimi yağırdı. Yalnız atəş səngiyəndən sonra irəliləyə bilirdik. İlk döyüş əməliyyatından sonra səngərdə yaralı əsgərlərlə üz-üzə gəlirdim. Bizdən əvvəl döyüşə daxil olmuş yaralılar təxliyyə olunurdular, birinin əli yox, birinin ayağı...  

- Həmin mənzərəni ilk dəfə görəndə nə hiss etdiniz?
- Sadəcə intiqam hissi ilə daha da irəli getmək istəyirdik. 

- Döyüş əməliyyatları zamanı sizi təəassüfləndirən hadisə oldu?
- Əməliyyatların birində mənimlə birgə iki nəfər pulemyotçu ağır atışmada iştirak edirdi. Xeyli atış apardıq. Mən mövqeyimi dəyişməli oldum. Yerimi dəyişən kimi pulemyotçunun biri ayağa qalxıb irəli getməyə başladı. Onu çağırdım. Dedim ki, təhlükəlidir, ayağa qalxmaq olmaz. Elə sözüm ağzımda qalmışdı ki, onu alnından vurdular. Həmin anda da şəhid oldu. Mən çox təəssüfləndim. Bəlkə də həmin an yanında olsaydım ona ayağa qalxmağa imkan verməzdim. Bu çox təhlükəli idi, amma əsgər belə bir şəraitdə yalnız irəliyə getməyi düşünürdü. Onun adı İlkin Ağaquliyev idi.

- Uğurlu döyüş tapşırıqlarınızdan bəhs edə bilərsiniz?
- Əməliyyat taborunda ancaq müddətdən artıq xidmət edən, xüsusi hazırlıq keçmiş əsgərlər var idi. Bizim tapşırığımız bir qədər fərqli idi. Hücum edib hansısa ərazini əldə etmək məqsəd deyildi. Əsas tapşırıq düşmənin diqqətini cəlb etmək və onu müəyyən olunmuş ərazidə saxlamaq idi. Biz müəyyən manevrlər etməklə düşmən qüvvələrini olduğumuz mövqeyə cəlb etməyə çalışırdıq. Məqsəd düşmənin cənuba doğru yönəlməsinin qarşısını almaq idi. Çünki əsas hücum istiqaməti cənubdan - Füzuli, Cəbrayıl, Zəngilandan idi. Düşmən olduğumuz mövqedə həmişə təhlükə hiss etməli idi ki, cənuba doğru qüvvə göndərə bilməsin.

- Məqsədinizə sona qədər nail ola bildiniz?
- Bəli. Onlar sona qədər bizim nə etmək istədiyimizi anlamadılar. Axıra kimi qüvvələrini ərazidən geri çəkmədilər. Həmin istiqaməti daim nəzarətdə saxladılar. Tapşırığımız da məhz bu idi - onların diqqətini əsas hədəfdən yayındırmaq və bunu bacardıq.

- Bunu necə bacardınız?
- Biz ərazidə daim aktivlik yaradırdıq. Lazım olanda atışmaya da gedirdik. Bəzən saatlarla piyada yol gedirdik, nə təminat, nə də silah sursat olmadan. Çox az qüvvə ilə (100-150 nəfər) əməliyyat keçirirdik. Düşmənin arasına sızmaqla elə bir təəssürat yaradırdıq sanki hücum edirik.

- Əməliyyatlar zamanı artıq davam edə bilməyəcəyinizi düşündüyünüz an olub?
- İlk əməliyyatların birində uzunmüddətli döyüş oldu. Şəhid olmuş kombatı gündüz vaxtı ərazidən çıxarda bilmədik. Yalnız hava qaralandan sonra onu təxliyə edə bildik. Təxliyə zamanı iki kilometr piyada getməli oldum və artıq geri qayıdan zaman ikinci sutkaya doğru gedirdi. Bu müddət ərzində su belə ağzıma dəyməmişdi. Artıq taqətdən düşmüşdüm, üstəlik ayağım da əzilmişdi. Minamyot atəşi də səngimirdi. O an “bu yolu sona qədər gedə bilərəm ya yox?”, - deyə düşünməyə başladım. Həmin an nə hiss etdiyimi heç kəslə bölüşmədim. Özümü toparlayıb sona qədər hərəkət etməyi bacardım.

- Noyabrın əvvəlində, üçtərəfli bəyanat imzalanmamışdan öncə müəyyən uğura imza atıldığını və müharibənin tezliklə bitəcəyini güman edirdiniz?
- Uğur əldə etdiyimiz heç şübhəsiz görünürdü. Qalan ərazilər isə heç də az deyildi. Onları döyüşlə azad etmək ən azından bir-neçə ay çəkə bilərdi. Qış fəsli dağlıq ərazidə sərt keçdiyindən bu daha çox vaxt çəkə bilərdi. Noyabrın 8-i Şuşa azad olunandan sonra ayın 9-u bizə tapşırıq verildi ki, artıq manevrlər başa çatıb. Biz Ağdərəni azad etməliyik - tapşırıq belə idi. Həmin gün komandirlər kəşfiyyat xarakterli baxış keçirdilər. Böyük korpusla birgə bütün bölmələr eyni vaxtda döyüşə girməli idi. Çox ağır döyüş gözlənilirdi. İtkilər də çox olacaqdı.

- Tapşırığa necə hazırlaşırdınız?
- Artıq hazır idik. Döyüşə qüvvələr seçilirdi. Hər bölmədən 60-70 nəfər. Mən də döyüşə hazırlaşmışdım. Lakin, öyrəndim ki, məni bu döyüşə aparmayacaqlar. Dərhal komandirin yanına getdim. Bölük komandiri məndən 20 yaş balaca idi. Cəmi 24 yaşı var idi. Soruşdum ki, nə məsələdir? Dedi ki, siz bu döyüşdə iştirak etməyin, çox ağır döyüş gözlənilir. Razılaşmadım. Dedim ki, bura döyüşməyə gəlmişəm. Ola bilməz ki, mən qalım amma yoldaşlarım döyüşə qatılsın, bunu ağlınıza da gətirməyin. Bir az düşündü sonra “get hazırlaş, bilirdim ki, səni fikrindən daşındıra bilmərəm, amma yenə də öz üzərimə düşəni etdim” - dedi. Hazırlaşdım. Elə döyüşə girdiyimiz zaman noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktı imzalandı.

- Bundan necə xəbər tutdunuz?
- Suqovuşandan Ağdərə istiqamətində hərəkət edəndə artilleriya atəşi altına düşmüşdük. Demək olar ki, hədəfimizə çatmışdıq. Lakin, həmin istiqamətdə qüvvələr çox idi deyə başqa istiqamətdən döyüşə qatılmalı olduq. Xocavənd istiqamətindən Ağdərəyə keçməli idik. Saat 2-3 arası bir nəfər bölük komandiri bəyanatla bağlı xəbər verdi. Xəbəri alan zaman maddələrlə tanış deyildik və bir çoxları kimi mən də döyüşü davam etdirə bilməyəcəyimiz üçün heyfsiləndim. Biz sadəcə nəyin bahasına olursa olsun Ağdərəni azad etmək istəyirdik. Xəbəri eşidən zaman döyüş mövqeyində deyildik. Maşın kalonları yollarla gedərkən insanlar küçələrə axışır, bizi alqışlayırdılar. Həmin vaxt Beyləqan-Füzuli istiqamətində hərəkət edirdik. Füzulidən Xocavənd istiqamətində, oradan isə Ağdərəyə keçəcəkdik.

- Müharibədən qayıdandan sonra əsgər yoldaşlarınızla qarşılaşmısınız? 
- ... Bir dəfə ağır keçən atışmaların birində səngər boyu irəliləyəndə ağır yaralı əsgərlə üz-üzə gəldim. Ağrıkəsici iynə istəyirdi. Hər dəfə əməliyyata yollanarkən bizə bir ampula ağrıkəsici verirdilər. Mən öz ağrıkəsici iynəmi həmin əsgərə vurdum. Onu təxliyə etdilər və apardılar. Müharibə bitəndən sonra məni axtarıb tapdı. Bizim bölmənin əsgəri deyildi. Dedilər bir əsgər səni axtarır. Elə bir şəraitdə qarşıma çıxmışdı ki, üzünü yadımda saxlamamışdım. Ona da əsgər yoldaşı bir baş leytenantın yardım etdiyini demişdi. Gəlmişdi ki, mənə təşəkkür etsin. Salamat idi. Onun adına çox sevindim.

Oxu.az

Oxşar xəbərlər