500 manat cərimə - Vəkillər yeni təklifi tənqid etdi

25 İyn 2021 10:21
108

Azərbaycanda məhkəmə proseslərinin tənzimlənməsi ilə bağlı qanunvericiliyə ediləcək dəyişiklik vəkillər tərəfindən narazılıqla qarşılanıb.

Ambur.az xəbər verir ki, Mülki Prosessual Məcəlləyə yeni, 174.5-ci maddə əlavə edilməsi təklif edilir. Bu təklifə görə, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Bu məlumatın ictimailəşməsindən sonra Vəkillər Kollegiyasının üzvləri məsələyə kəskin etiraz ediblər.

VK Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib ki, vəsatətin və ya şikayətin "açıq-aşkar əsassız" olması meyarının necə müəyyən olunduğu məlum deyil: “Və ya müəyyən olunubmu? Bu ifadə hüquqi müəyyənlik prinsipinə nə dərəcədə cavab verir? Hal-hazırda imkansız vətəndaş mülki işlər üzrə aşağı instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımla təmin olunmur, hüquqi savadı və hüquqi yardıma çatımlığı olmayan şəxs istənilən halda "açıq-aşkar və aşkar olmayan əsassız" vəsatət verəndə 500 manatadək cərimələnməsi nə dərəcədə ədalətli olacaq? Bu sualların əsaslı cavabını eşitmək maraqlı olardı”.

Vəkil Fariz Namazlı qeyd edib ki, məhkəmə vəsatəti rədd edəndə hakim əsassız olduğundan təmin edilmədiyini deyir: “İndi cərimə olunmaq qorxusu ilə vəsatət də verə bilməyəcəyik”.

Oxşar xəbərlər