70-ə yaxın erməni əsgərini məhv edən Çökərə kəndinin qəhrəmanı, XTQ zabiti - şəhid Əhədov Tural

07 Mrt 2021 16:36
1749

Tural Rahil oğlu Əhədov 12 oktyabr 1993-cü ildə Lerik rayonunun Çökərə kəndində anadan olub. 2 qardaş 1 bacı olmaqla ailədə 5 nəfər olubar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2001-ci ildə Lerik rayon Lələhiran kənd orta məktəbin 1-ci sinfinə gedib. 2009-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2012-ci ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2016-cı ildə leytenant rütbəsi alaraq məktəbi tankçı kimi bitirib. 

2018-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunda oxuyan Tural kursu müvəffəqiyyətlə başa vurduqdan sonra 052-nin "N" saylı hərbi hissəsində qrup komandirinin müavini vəzifəsində xidmət etməyə başlayır. 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Kəşfiyyatçı Artilleriya Korrektəedici" ixtisası kursunu fərqlənmə ilə bitirir. Həmin il leytenant Əhədov baş leytenant rütbəsinə yüksəlir. 30 aprel 2020-ci ildə 052 nömrəli hərbi hissənin yaranmasının 21-ci ildönümünün qeyd edilməsi münasibəti ilə nizam-intizamı ilə seçildiyinə görə baş-leytenant Əhədov Tural Rahil oğlu general-leytenant Hikmət Mirzəyev tərəfindən "Fəxri Fərman"la təltif olunur. Bundan başqa Tural nümunəvi xidmətinə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə də təltif edilir. 

2020-ci il sentyabr ayının 27-dən başlayan II Qarabağ müharibəsinə Xüsusi Təyinatlı qüvvələrin zabiti, baş leytenant Tural Əhədov qrup komandirinin müavini, sonra isə qrup komandiri kimi qatılır, torpaqlarımızın düşmən əsarətindən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Murovdağ, Füzuli, Hadrut, Xocavənd və Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə yüksək qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr endirir və çoxlu sayda canlı qüvvəsini məhv edir. Döyüş zamanı baş leytenant iki döyüş yoldaşı ilə birgə düşmən tərəfindən mühasirəyə düşür. Bu zaman Tural düşmənə sinə gərərək 70-ə yaxın canlı qüvvəsini məhv edir. Adını gğstərdiyi şücaətlərlə tarixə yazan baş leytenant Tural Əhədov 12 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Lerik rayonunun Çökərə kəndinə gətirilir və kənd qəbiristanlığında torpağa tapşırılır. Şəhidimiz subay idi.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Çökərə kəndində anadan olan baş leytenant Tural Rahil oğlu Əhədov ölümündən sonra "Şuşanın azad olumasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir.  Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                     Ambur.az

Oxşar xəbərlər