“Ağzı üzüklü balıq” adəti

03 Yan 2021 14:27
273

Bu adı eşidərkən hər halda düşündünüz ki, sizə ya bir nağıl, ya bir əfsanə, ya da ki, bir rəvayət danışacam. Amma bu belə deyil. Yəni, sizə gerçək olan, hal-hazırda da mövcud olan bir adət-ənənədən bəhs edəcəm. Bu adət Cənub bölgəsində, talışlar arasında geniş yayılıb.

Bölgənin özünəməxsus bir çox adət-ənənələri vardır ki, onlara digər regionlarda az rast gəlinir. Həm də bu adətlər bir sıra maraqlı tərəfləri ilə də diqqəti çəkir. Bu maraqlı adətlərdən biri də “bayramda ağzı qızıl üzüklü balıq hədiyyəsi aparmaq” adətidir. Bayram vaxtı bir ailə digər bir ailəyə ağzında qızıl üzük olan Ziyad (Kütüm) balığını hədiyyə aparır. Bəs bunu kimlər kimlərə aparır və nə vaxt, nə üçün aparır, gəlin, birlikdə öyrənək.

Bu adəti toy və toy mərasimləri adətləri içərisinə daxil etmək olar. Bu adətin özünəməxsus vaxtı və səbəbi var ki, bunlar olmazsa bu adət də yerinə yetirilməz. Qısacası, bu adət hər vaxt və hər yerdə olmur. Onun vaxtına gəlincə isə, bu Novruz bayramı qabağı, axır çərşənbə günüdür. Bu adətin səbəbi isə odur ki, gərək tərəflər bir-birilə nişanlı olsunlar. Əgər nişanla toy arasında olan vaxta Novruz bayramı düşərsə onda oğlanın valideynləri axır çərşənbə günü qudalarının evinə qonaq gedirlər. Həm də hədiyyə ilə birlikdə. Bu hədiyyə də balıq olur. Bununla yanaşı bayram şirniyyatları və səməni də aparılır.

Balıqlar içərisində özünəməxsus dadı və gözəlliyi olan ziyad balığının ağzına bir qızıl üzük qoyulur və balıq bişirilmir. Elə çiy halda götürüb axır çərşənbə günü nişanlı qızın evinə hədiyyə aparırlar. Bəli, bununla da bayramlaşırlar. Bu adət-ənənəyə bölgə əhalisinin demək olar ki, çoxusu əməl edir.

Nəzərə alsaq ki, balıq çox faydalı bir qidadır və həm də Novruz yeməkləri içərisində ən öndə gələn yeməklərdəndir, onda bunu gözəl bir seçim olaraq dəyərləndirmək də olar. Yəni, oğlan tərəfi bəlkə də bununla demək istəyir ki, həm çox faydalı və həm də bayramın əsas öndə olan bir təamını sizə hədiyyə etməklə sizin bizim üçün nə qədər dəyərli olduğunuzu bir daha xatırladırıq.
Ümumiyyətlə, bu bölgədə həm axır çərşənbədə, həm də Novruz bayramında süfrədə balığın olmasına çox önəm verirlər. Özü də gərək bu balıq Ziyad (Kütüm) balığı ola ki, onu həm yaxşı ləvəngi etmək olur, həm də çox dadlı olur. Yəni, Novruz süfrəsi balıq ləvəngisi olmadan açılmır.

                                                                          Həbib Əlizadə, müəllim

Oxşar xəbərlər