“ALƏM” İnternet Televiziyasının (ALƏM TV) proqramı və əsasnaməsi (layihə)

05 Yan 2021 13:09
294

“ALƏM TV” “Aləm” jurnalının nəzdində fəaliyyət göstərəcək, internet səhifələrində, saytlarda və digər sosial şəbəkələrdə yayımlanacaq, internet televiziyasıdır.

                                                                Fəaliyyət Proqramı

“ALƏM TV”-nin fəaliyyət proqramı aşağıdakılardan ibarətdir:
- Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşları olan talış xalqının ləyaqətli milliözünüifadələri naminə, Dövlət Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları, eləcə də milli azlıqların dil və mədəniyyətlərinin qorunması ilə bağlı, ölkəmizin qoşulduğu Beynəlxal Konvensiyalar çərçivəsində təbliğat və təşviqat işlərini aparır;
- Verilişlərin hazırlanmasında və efirə verilməsində Azərbaycan Respublikasının Dövlət Konsitusiyasının maddələri əsas götürülür, ölkəmizin ərazi bütövlüyü və Dövlət rəmzləri (Himn, Bayraq və Gerb) uca tutulur;
- “ALƏM TV” Talış dili və ədəbiyyatının, mədəniyyətinin, adət-ənənələrinin, eləcə də digər milli-mental, maddi-mənəvi dəyərlərinin təbliğini, təşviqini ümumazərbaycan mədəniyyətinin tərkib hissəsi kontekstində təlqin və nümayiş edir;
- Fəaliyyətində AR-nın qardaş xalqları arasında dostluq, bərabərlik, tolerantlıq kimi, pozitiv məqamlara yer ayırır. Etnomuxtəlifliyin inkişaf dinamikasını daha da yüksəldərək, ölkəmizin etnik qrupları və xalqları arasında səmimi ünsiyyət və qarşılıqlı hörmət tellərinin inkişafına xidmət, əməkdaşlıq edilir;
- İnsanlarda yüksək mənəvi keyfiyyətlərin, milli qürur və ləyaqətli vətəndaşlıq hisslərinin aşılanması vətənpərvərlik, mərdanəlik, dürüstlük və dövlətçilik maraqları daxilində təşfiq edilir.

                 “ALƏM TV”-nin əsasnaməsi (Məqsəd və vəzifələri, prinsipləri və işçi qrup-menecer həlli)

Məqsəd və vəzifələri:
1. “ALƏM TV” ictimai əsaslarla – həvəskar jurnalistlərin, ssenaristlərin, rejissorların, operatorların, montajçıların, kompyüter dizaynerlərin, prodüserlərin və digər müvafiq peşə sahiblərinin kollektiv səyi nəticəsində, Talış və Azərbaycan dillərində yayımlanacaq, internet televiziyasıdır.
2. Azərbaycanın bərabərhüquqlu xalqlarından biri olan talışların dil və ədəbiyyatını, mədəniyyətini, tarixini, etnoqrafiyasını, cografiyasını, toponimikasını, folklorunu, adət-ənənələrini, xalq sənətkarlığı nümunələrini və digər milli-mənəvi dəyərlər toplusunun təbliğ edilməsi ilə bağlı, Talış və Azərbaycan dillərində jurnalist tədqiqatları, verilişlər, proqramlar hazırlayır və onları geniş tamaşaçı kütləsinə nümayiş edir.
3. Talış müsiqisinin, rəqslərinin, xalq mahnıları və oyunlarının, folklor nümunələrinin, dramaturgiyasının səhnə təcəssümü və nümayişi naminə, bu dildə fəaliyyətlərinə start verəcək, teatrların, filarmoniyaların, mahnı və estrada studiyaların, eləcə də bu yönümdə kadrlar hazırlayacaq, milli konservatoriyanın fəaliyyətlərini tamaşaçıya çatdıracaqdır.
4. Talış və Azərbaycan dillərində yazıb-yaradan şair və yazıçıların həyat və yaradıcılıqlarını əks etdirən video süjetlər hazırlayır və efir məkanında bölüşür.
5. Talış xalqının qədim adət-ənənələrini, folklor, toy-mərasim, klassik sənətkarlıq nümunələrini, tarixi yerlərini, abidələrini, artefaklarını və itirilməkdə olan digər milli-mental, maddi mədəniyyət nümunələrini öyrənmək və onları video lentlərə köçürdərək, ictimaiyyətə təqdim edir.
6. Yetişməkdə olan gənc nəslin ana dilinə bağlaya biləcək tədbirlər planı – müsabiqələr, viktorinalar, konkurslar, festifallar və dəyirmi masalar təşkil edir. Şagirdlərin ana dillərində keyfiyyətli təhsil almalarına dəstək olaraq, proqramlar, layihələr və verilişlər hazırlayır.
7. Milli-mental dəyərlərin hifz olunması və gənc nəslə çatdırılması ilə əlaqədar, regionun nüfuzlu ağsaqqalların və ağbirçəklərin, ziyalıların, ictimai-siyasi xadimlərin iştirakı ilə, video-intervyülər hazırlayır və nümayiş edir.
8. Efirlərində insan şəxsiyyətini aşağılayan, AR xalqları arasında milli ədavət toxumu səpən, əxlaqa zidd və etik qaydalara sığmayan video süjetlərin nümaiş olunmasının qarşısını alır.
9. Tamaşaçı kütləsinin sayından və maddi imkanlarından asılı olaraq, regionun mərkəzi olan Lənkəran şəhərində ümumregion tamaşaçılarına çatdırmaq üçün, AR Rabitə Nazirliyinin lisenziyası əsasında, yüksək tezlikli teleefir məkanının paylaşılmasına nail olacaqdır.

Fəaliyyət prinsipləri:
1. Fəaliyyətində qərəzsizlik, ədalətlilik, dəqiqlik, tərəfsizlik, operativlik, novatorluq, səmimilik, həssaslıq kimi, prinsip və keyfiyyətlərə üstünlük verəcəkdir. 
2. İnsanların icazələri və rəyləri olmadan, onların şəxsiyyətlərinə, işgüzar imiclərinə zərər vura biləcək, epizodlara yer verilməyəcəkdir.
3. Vətəndaşlar arasında qarşıdurmaya, düşmənçilik toxumlarının səpilməsinə xidmət edən kadrlara efir məkanı verilməyəcəkdir. 

Layihənin menecer həlli və işçi qrup:
1. “ALƏM TV” fəaliyyətini təşkil edən işçi qrup 2 yerə bölünür; a) yaradıcı qrup. Hansı ki, bu qrupa daxildirlər – ssenaristlər, rejissorlar, aparıcı-jurnalistlər, operatorlar, montaj və səs rejissorları, kompüter dizaynerləri, rəssamlar, qrim, kostyum, əlbəsə ustaları, və s. b) inzibati qrup. Bu qrupa icraçı direktor, prodüserlər, menecerlər, inzibatçılar, mühasiblər və s. daxildir.
2. “ALƏM TV”-nin fəaliyyət göstərməsində iştirak edən hər iki qrupun mütəxəssisləri ictimai əsasalarla, hər hansı maddi iddiaları olmadan, istək və arzularına uyğun, işə başlayırlar.
3. “ALƏM TV”-nin fəaliyyət göstərməsi üçün, vacib olan nəqliyyat vasitələrinin, videokameraların, mikrafonların, səsyazma və işıq avadanlıqlarının, eləcə də çəkiliş studiyalarının icarə xərclərini prodüserlər təşkil edir. Bu xərclər hər iki qrup üzvlərinin şəxsi vəsaitləri və ayrı-ayrı talış əsilli vətəndaşların ödədikləri birdəfəlik ianələr hesabına formalaşacaqdır.
4. Efir populyarlığı qazanandan sonra, reklam və elanlar hesabına da müəyyən gəlirlər əldə etmək planlaşdırılır.
5. “ALƏM TV”-nin fəaliyyətini hər iki qrup üzvlərinin seçdikləri 11 nəfərlik Bədii Şura tənzimləyir. Bədii Şura üzvləri “ALƏM TV”-nin ümumi fəaliyyətinə nəzarət etmək üçün, sıralarından “Sədr” seçirlər.
6. Sədr “ALƏM TV”-nin effektiv fəaliyyəti üçün, iş bölgüsü aparır, efir proqramlarını, yayılma ünvanlarını və vaxtını müəyyənləşdirir. 

“ALƏM TV”-nin bu əsasnaməsi onun adından fəaliyyət göstərən bütün şəxslər üçün zəruri təlimatdır!

Oxşar xəbərlər