“Aprel döyüşləri“nin iştirakçısı, Vətən müharibəsi şəhidi, tankçı, baş gizir İntiqam Abbasov - Fotolar

21 Sen 2022 14:33
80

İntiqam Yavər oğlu Abbasov 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köcəkli kəndində anadan olub. 1985-1995-ci illərdə S.Rəhimov adına Masallı rayon Köcəkli kənd tam orta məktəbində təhsil alıb. 9 oktyabr 1996-cı ildə Masallı rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və həmin ilin 12 oktyabrında hərbi xidmətə başlayıb. 1999-cu il mayın 12-də hərbi xidmətini başa vurub. 2000-2001-ci illərdə "PDM-2" ixtisası üzrə gizirlik kursunda təhsil alan İntiqam 2001-ci il martın 14-də "N" saylı hərbi hissənin tağım komandiri kimi "gizir" rütbəsində xidmət etməyə başlayıb. 2014-cü il martın 8-də "PDM-3" komandiri, həmin il sentyabrın 27-də isə "ZTR-82A" komandiri vəzifəsində xidmət etməyə başlayıb.

Gizir İntiqam Abbasov 2016-cı ilin "Aprel döyüşləri"nin fəal iştirakçısı olub. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. Döyüşlərdən bir il sonra, 2017-ci ildə İntiqam Abbasova "baş gizir" rütbəsi verilib.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində baş gizir İntiqam Abbasov tankçı olaraq iştirak edib və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulduğu Masallı rayonunun Köcəkli kəndinə gətirilib və kənd qəbiristanlığında böyük izdihamla dəfn edilib. Ailəli idi. Xədicə və Əli adlı övladları Vətənə yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən. İntiqam Abbasov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Ambur.az

Oxşar xəbərlər