“Artıq Cəbrayıl azad olmaq üzrədir. Füzulini də azad etmişik. Hədəfimiz Qubadlı, Zəngilan istiqamətidir...“ - 7 ay sonra nəşi tapılan şəhid kapitan Əbülfəz Rəhmətov

09 May 2021 11:45
401

Əbülfəz Hüseynverdi oğlu Rəhmətov 03 iyul 1989-cü ildə Lerik rayonunun Anbu kəndində anadan olub. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. Orta təhsilini Lerik rayon K.Həmidov adına Anbu kənd tam orta məktəbində alıb. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2010-cu ildə həmin məktəbi və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu müvəffəqiyyəylə başa vurub. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə ona “leytenant” hərbi rütbəsi verilib. Daha sonra o baş leytenant və kapitan rütbələrinə yüksəlib. Milli ordu sıralarında zabit kimi xidmətə başlayan Əbülfəz Rəhmətov bir çox vəzifələrdə -motoatıcı taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi, kəşfiyyat tağımının komandiri, kəşfiyyat bölüyünün komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandirinin müavini, hərbi hissənin kəşfiyyat bölməsi rəisinin məlumatların toplanılması üzrə köməkçisi vəzifələrində xidmət edib. Xidmətinə görə “Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi" yubiley, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley və "Qüsursuz xidmətə görə" III dərəcəli medalları ilə təltif olunub. 

"Aprel döyüşləri" və "Tovuz döyüşləri"nin iştirakçısı olan motoatıcı taborun qərargah rəisi kapitan Rəhmətov 2020-ci ilin sentyabr ayından etibarən başlayayan 44 günlük II Qarabağ müharibəsinin ilk günündən Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlərdə də fəal iştirak edir, mühüm kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirir və 2020-ci il oktyabrın 15-də Cəbrayıl rayonunun Hovuslu kəndi uğrunda gedən hərbi əməliyyatlar zamanı itkin düşür. 8 ay sonra -07 may 2021 -ci ildə şəhid olduğu müəyyənləşir. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Lerik rayonunun Anbu kəndində gətirilir və kənd qəbiristanlığında böyük izdihamla dəfn edilir. Ailəli idi, 2 övladı xalqımıza əmanət qalır. 

Şəhidin döyüş yoldaşı Amil Məhərrəmoğlu xatırlayır: "Əbülfəz oktyabr ayının 15-də zəng edib, "Artıq Cəbrayıl azad olmaq üzrədir. Füzulini də azad etmişik. Hədəfimiz Qubadlı, Zəngilan istiqamətidir. Oranı da azad edəcəyik". -dedi. Qubadlıya keçmişdi. Döyüşlərdə də iştirak etmişdi. Sonra yenidən Cəbrayıl rayonu Hovuslu kəndində döyüşmüşdü. Orada da şəhidlik zirvəsinə yüksəldi".

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Anbu kəndində anadan olan kapitan Əbülfəz Hüseynverdi oğlu Rəhmətov ölümündən sonra "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!

3 zabit, 3 lerikli, 3 dost, 3 silahdaş, 3 şəhid
1_Kapitan Cəlil Ağaddin oğlu Cavadov -ölümündən sonra "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
2_Mayor Amid Rəbbil oğlu Heydərov -ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib və "Vətən müharibəsi qəhrəmanı" adına layiq görülüb.
3_Kapitan Əbülfəz Hüseynverdi oğlu Rəhmətov - "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
                                      Ambur.az

Oxşar xəbərlər