Astara İcra Hakimiyyəti “Bİ” Yaylaq Festivalına icazə verməyib

07 İyl 2022 14:48
156

Rüfət Əliyev: “İcra nümayəndələri öncədən öyrədilmişdi ki, guya biz hazır deyilik”

Hamoşam bələdiyyə sədri Rüfət Əliyev və bir qrup sakin kənddə turizmi inkişaf etdirmək məqsədilə festival təşkil etmək qərarına gəlib.

Bələdiyyə sədri bununla əlaqədar Astara Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etdiyini və şifahi razılıq aldığını bildirir.

“Bi” Yaylaq Festivalını yalnız bir gün – iyulun 16-da təşkil etmək planlaşdırılıb.

Ambur.az xəbər verir ki, Rüfət Əliyev Meydan TV-yə deyib ki, icra hakimiyyəti sonradan festivalın keçirilməsinə icazə verməyib:
“Tədbirin keçirilməsinə razılıq vermədilər. Bunu vaxt azlığı ilə əlaqələndirdilər. İndiyə kimi hazırlıq prosesinə heç bir qatqısı olmayan icra nümayəndələri öncədən öyrədilmişdi ki, guya biz hazır deyilik, çatdıra bilməyəcəyik. İcra hakimiyyəti bildirib ki, ərazidə gecələmək üçün mehmanxana, qonaq evi yoxdur”.

“İddiaları əsassız hesab edirik. Çünki qonaqların daşınması üçün avtomobillərin ayrılmasını planlaşdırmışdıq. Həmçinin təklif etmişdik ki, kim qalmaq istəsə, kamp (çadır) qurub ərazidə gecələyə bilər, çünki xidmət sektoru fəaliyyətini davam etdirəcək. Qurumdan təklif etdilər ki, vaxtı 5-10 gün uzadaq. Həmin vaxtda icra hakimiyyəti ərazidə otel tikməyəcəkdi, hava limanı açmayacaqdı”, – deyə o bildirib.

Bələdiyyə sədri deyir ki, festivalın keçirilməsində məqsəd kənddə yaşayan insanların maddi vəziyyətini yaxşılaşdırmaq, eyni zamanda yaylaq adət-ənənələrini, həyat tərzini nümayiş etdirmək olub:
“Tədbirin proqramına sənətkarlıq nümunələrinin, orqanik kənd təsərrüfatı məhsullarının və həmin ərazidə bitən dərman bitkilərinin satışı daxil idi”.

Onun sözlərinə görə, festivalda folklor klublarının çıxışı, ərazidə olan tarixi abidələrin fotostendləri də nümayiş etdiriləcəkdi:
“Ustad dərslərinin təşkili, həm də milli mətbəxdən nümanələr də proqrama daxil idi”.
Foto: Rüfət Əliyevin şəxsi arxivindən

““Bi” Yaylaq Festivalının keçirilməsi bizim üçün məqsəd yox, vasitə idi. Turizm sektorunun diqqətini bu ərazilərə cəlb etmək istəyirdik. Ərazi əkinçilik üçün əlverişli deyil. Burada insanlar əsasən maldarlıqla məşğuldur. Maldarlıq üzrə tender aşağı düşüb, bu sahə artıq tarixə qovuşmaq üzrədir. Bu da yerli idarəetmə orqanı olaraq bizi ciddi narahat edir. Bütün normal ölkələrdə turizm dövlət büdcəsinin əsasını təşkil edir. Biz də istəyirdik ki, turizmin diqqətini bu kəndə çəkək, yerli camaat qazansın”, – bələdiyyə sədri deyir.

Festival təşkilatçıları genişmiqyaslı tədbirin keçirilməsinə icazə verilmədiyi üçün alternativ vasitələrdən istifadə edəcəklər.

Rüfət Əliyev bildirib ki, bununla bağlı sosial media üzərindən təbliğat aparılacaq, həmçinin turizm şirkətlərinə təkliflər göndəriləcək.

Astara Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Asiman Qasımlı Meydan TV-yə deyib ki, festivalın keçirilməsi qeyri-müəyyən vaxta təxirə salınıb:
“Festivalın yüksək səviyyədə təşkil olunması üçün daha çox müddət lazımdır. Təşkilati məsələləri bu müddətdə çatdımaq çətindir. Böyük bir tədbirdir, gələnlər olacaq, qonaqları qarşılamaq, onlara xidmət göstərmək, rahatlıqla alınan məsələ deyil, vaxta ehtiyacımız var. Festivalın dəqiq keçiriləcəyi tarixlə bağlı hələ ki, bir qərara gəlinməyib”.

“Bi” yaylağı Hamoşam kəndinin tacı adlandırılır.

“Bi” toponiminin talışca mənası “soyuq yer” deməkdir.

Tarixçilərin ehtimalına görə, “Bi” əsrlər öncə burada yaşamış tayfanın adı ilə bağlıdır. Çünki burada qədim yaşayış məntəqəsinin olmasına dair nişanələr var.

Tunc dövründən qalma kurqanlar, qədim məzarlıq, iki, üç və dördpilləli yonma başdaşları, “Padşah qızının hovuzu”, “Padşah hovuzu” “Haftçəşmə” bulaqları əsrlərin nişanələridir.

Hamoşam kəndində “Hacı Əfqani”, “Şeyx İzacəddin”, “Məhəmməd Mazandarani”, “Baba Rəsul” ziyarətgahları var.

Kənd ərazi icra nümayəndəliyinə daxil olan yaşayış məntəqələrindəki maddi-mədəniyyət nümunələrindən yalnız dördü dövlət qeydiyyatına alınıb.

Onlardan ikisi – “Bi” yaylağı və “Qalakafo” qala qalıqları ölkə, digər ikisi – Hamoşamdakı köhnə məzarlıq və Toradi kəndindəki “Peştə” qəbiristanlığı isə yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatındadır.

Hamoşamda tədqiq olunmayan onlarca qədim tarix və mədəniyyət abidələrinin olduğu bildirilir.

Meydan TV

Oxşar xəbərlər