Astarada arıçılar bal satışı ilə bağlı ciddi problemlər yaşayır

09 Sen 2021 11:57
188

Astara rayonunda ilin son bal süzümünü edən arıçılar məhsulun bolluğuna sevinsələr də, satışla bağlı ciddi problemlər yaşayırlar.

Ambur.az xəbər verir ki, təsərrüfat sahiblərinin APA TV-nin yerli bürosundan verilən məlumata görə, son süzüm üçün hər arı ailəsindən orta hesabla 20 kq bal məhsulu götürmək mümkün olacaq. Arıçılar bildirir ki, ötən ilki məhsulu hələ tam sata bilməyiblər. Bu səbəbdən bu il də balın çox olmasına sevinə bilmirlər.

- Keçən il təxminən 1 ton - 1 ton 200 kq əldə etdiyimiz balın təqribi 800 - 850 kq-ı əlimizdə qalıb. Bu il də bu son arı balı süzümüdür, payız balını süzürük, ancaq könülsüz süzürük. Məhsulumuz əlimizdə qalıb.

- Bu il də 1 tona yaxın bal götürmüşük, amma arı ailələrinin çoxu qalıb. Təxminən 40-45 arı ailəsi qalıb. Demək olar ki, balı süzməyə həvəsimiz də qalmayıb. Onlayn qaydada satırıq. Müştərilər 2 kq, 3 kq, 5 kq istəyirlər, göndəririk. Bu isə bizim işimizi görmür.

- 100-ə yaxın arı ailəmiz var. Keçən ilki balımız da qalıb. Bu il də müəyyən qədər bal götürmüşük, lakin bu ballar bizim əlimizdə qalıb, balı sata bilmirik.

Arıçılar deyir ki, pandemiya ilə əlaqədar artıq 2 ildir ki, məhsullarını sata biləcəkləri yarmarkalar təşkil olunmur. Sərgi-satış yarmarkalarının yoxluğu da bal satışını azaldır.

- Əvvəlki illərdə arıçılıq sərgiləri, yarmarkaları mövcud idi, biz balımızı sata bilirdik. İndi də satırıq, amma az sata bilirik. “

- 2019-cu ildən əvvəl 2017, 2018-ci illərdə dövlətimiz arıçılıq yarmarkaları təşkil edirdi və biz də gedib orada malımızı satırdıq. İndi bizim yeganə çətinliyimiz ondan ibarətdir ki, əldə etdiyimiz, istehsal etdiyimiz məhsulu bazara çıxarıb sata bilmirik.

Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov bildirib ki, arıçıların keçən ilki məhsullarından da hal-hazırda xarlanmış vəziyyətdə onların anbarlarında durur: “ Bu ilki məhsulun da demək olar ki, 30%-i satılıb, qalanı isə elə də durur. ..Dövlətimizdən xahişimiz budur ki, hansı variantda mümkündürsə, arıçılar üçün sərgi-satış yarmarkası etsin. Və ya tədarük bazası Respublikamızda yaradılsa idi, qida zənginliyinə bal məhsulu da düşsə idi, biz əlbəttə əziyyət çəkməzdik.”

Rayonda 1200 nəfərdən çox arıçı, 30 000-ə yaxın arı ailəsi var. İl ərzində iki dəfə - iyun və sentyabr aylarının əvvəllərində bal süzümü olur. Mövcud vəziyyətə görə, hazırda arıçılar istehsal etdikləri məhsulu sifarişlər əsasında yalnız daimi müştərilərinə, tanışlarına sata bilirlər. Balın 1 kiloqramı 20-25 manata təklif edilir.

Oxşar xəbərlər