“Astaradakı artım Biləsuvarda qısqanclıq yaratdı” - ARI QALMAQALI

15 İyl 2022 11:28
141

“Hər il Astara arıçıları qaçaqmalçılıq yolu ilə gecə vaxtı arıları gətirib bizim rayona yerləşdirib gedirlər. Bu da bizim arıçılıq təsərrüfatımıza böyük zərər verir”.  

Ambur.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Biləsuvar Rayon Fermerlər Şurasının və arıçıların rayon təşkilatının sədri Hacı Gülağa Hüseynov müraciət edib.

Vətəndaşın sözlərinə görə, artıq 3-4 ildir ki, bu vəziyyət davam edir: “Bu il də iyunun 20-dən sonra gətirib yerləşdiriblər. Arıçılıq haqqında qanunun bir çox maddələrinin qərarlarını kobud sürətdə pozaraq sanitar-baytarlıq haqqında heç bir əsasnaməsi, köçürülmə yerinin qeydiyyatı, yerli icra sturukturlarının heç bir məlumatı olmadan Astaradan hər il külli miqdarda arı gətirilir. Bu arıların gətirilməsi barədə heç kimə informasiya vermirlər. İndi də bu arıları buradan götürmək üçün biz problem yaşayırıq. Bu da bizim arıçılıq təsərrüfatımıza böyük zərər verir. Biləsuvarda 112 arıçı var. Hamısının 4165 ailəsi var. Burada haqsız rəqabət yaradırlar. Xəstəlik riski yaranır. Bizim arıçılara maneə olurlar və sort qarışıqlığı olur”. 

Hacı Gülağa Hüseynov deyir ki, məsələ ilə bağlı aidiyyəti yerlərə müraciətlərini də edib: “Astara Dövlət Aqrar İnkişaf Mərkəzinə bu barədə aprelin 6-da şikayətimi bildirmişəm və onların da sədri zəng edərək bildirib ki, buradan qanunsuz miqrasiya olunur. Sədr Etibar Abbasov mənə bildirdi ki, “iki dəfə iclas keçirmişəm və demişəm ki, arıların Biləsuvar rayonu ərazisinə aparılması qeyri-qanunidir. Buna baxmayaraq yenə də gəlirlər”.

İyunun 28-də Biləsuvar Rayon Polis Şöbəsinə müraciət etdim. Daha sonra iyulun 7-də ikinci dəfə hansı qanunların kobud şəkildə pozulması ilə bağlı rəsmi şəkildə bildirmişəm. Bundan əlavə, icra hakimiyyətinə də müraciət etmişəm. Ancaq şəxsin kim olduğunu tapa bilmirlər”.

Məsələ ilə bağlı “Qafqazinfo” Astara Dövlət Aqrar İnkişaf mərkəzinin sədri Etibar Abbasovla danışıb. O, bildirib ki, arıçıların yerli icra nümayəndələri ilə razılaşmaları varsa, burada problem yoxdur: “Arıların yerdəyişməsi ilə bağlı qanun var. Arıçılar yerli icra nümayəndələri, bələdiyyələr və torpaq mülkiyyətçiləri ilə razılaşmaları olmadan, müqavilə bağlanmadan arıları apara bilməzlər. Bizdə də Nazirlər Kabinetinin 2015-ci il 16 nömrəli qərarı var. Məhz arıların rayonlaşması ilə bağlı. Bizim, yəni Astara arıları Astara, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerikdən başqa rayonlara aparılmamalıdır. Bu, qanunla tənzimlənib. Biz aprel ayında bu məslələrlə bağlı iclas keçirdik və danışldı. Çünki kəndlər arasında da bu söhbətlər var idi. Bu kənddən digərinə icazə vermirdilər. Arılar o qədər artıb ki, yerləşdirməkdə problemlər yaranır. Biz hər zaman arıçılarla marifləndirmə işləri aparırıq ki, icazə olmayan yerlərə aparmasılar. Əgər arıçı aparırsa, bu zaman hüquq-mühafizə orqanları, dövlət orqanları tədbir görüb çıxarsınlar. Astarada arıların artması Biləsuvarda qısqanclıq yaradıb. Arıçıların yerli icra nümayəndələri ilə razılaşmaları varsa, burada problem yoxdur. Əgər yoxdursa, bu zaman tədbir görülməlidir”.

Şikayətlə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, Astaradan Biləsuvara arıların gətirilməsi tam qanunsuzdur: “Arılar gecə saatlarında yerlərinə yığıldıqları üçün, arıçılar da onları elə o saatlarda Astaradan gətirərək Biləsuvardakı torpaq sahələrində yerləşdiriblər. Bunun üçün də əvvəlcədən torpaq sahibləri ilə razılaşıblar. Amma bütün bunlar tam qanunsuzdur. Ona görə ki, Nazirlər Kabinetinin 16 nömrəli qərarı ilə arıların miqrasiyasının istiqamətləri müəyyən olunub. Astara arılarının Biləsuvara miqrasiyası yolverilməzdir. Buna səbəb isə iqlim şəraitinin müxtəlifliyidir. Astara arılarında xəstəliklər ola bilər və Biləsuvara gətirilərkən yerli baytarlıq idarələrindən müvafiq arayış alınmalıdır. Həmin arıların Biləsuvara gətirilməsi buradakı arı ailələrinə faciəvi təsir göstərib. Belə ki, burada arılar xəstələnib, tələf olub”. 

Qurumdan o da bildirilib ki, hazırda bununla bağlı reydlər keçirilir: “Biz də bunun qarşısını almaq üçün müvafiq tədbirlər görürük. Reydlər apardıq və bu zaman arıların qanunsuz miqrasiyası aşkarlandı. Təbii ki, arı sahibləri də bu işin qanunsuz olduğunu bildikləri üçün üzə çıxmırlar”. 

Oxşar xəbərlər