“Ata, kəndin ilk və son şəhidi mən olacağam“- DNT-analizi ilə məlum olan şəhid Azadlı Zabil

09 Fev 2021 18:12
945

Zabil Tələt oğlu Azadlı 01 yanvar 1999-cu ildə Lerik rayonunun Biləvər kəndində anadan olmuşdur. 3 bacı 2 qardaş olmaqla ailədə 7 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçmişdir. 2005-ci ildə şəhid Cəbrayıl Ağayev adına Biləvər kənd tam orta məktəbin 1-ci sinfinə daxil olur. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vuran Zabil ali məktəbə, II-qrup üzrə sənəd verir və həmin il ali məktəbə daxil ola bilmir. 

2017-ci il yanvar ayının 9-da Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəyə göndərilir. 3 ay müddətində kəşfiyyat bölüyündə xidmət edən Zabil 3 ay sonra Ağstafada, Ermənistan sərhədində xidmətini davam etdirir. 2018-ci il iyul ayının 2-də xidmətini başa vurduqdan sonra ailəsinin yanına, ehtiyyata buraxılır. 

Xidmətini başa vurduqdan sonra, 2020-ci ildə Azərbaycan Kooperasiya Universitetinin ingilis dili(tərcüməçi) fakültəsinə daxil olur. Lakin "Tovuz döyüşləri" Zabilə çox təsir etmişdi. Mubarizin, Polad Həşimovun qısası qaldı -deyərək, həmişə bunları düşünərdi, fikir edərdi. Düşmənə qarşı böyük kin saxlayırdı və nifrəti var idi. Çox qabiliyyətli, mərifətli, qanacaqlı və ədəbli bir uşaq idi. Sinif yoldaşlarının, müəllimlərinin, dost-tanışlarının, qohum-qonşularının böyük hörmətini və sevgisini qazanmışdı. Təbəssüm üzündən heç əksik olmazdı. Kədərli, acılı günləri olduğu günlər belə, yenə də bildirməzdi, buna baxmayaraq həmişə gülərdi. 

Zabil hələ II Qarabağ müharibəsi başlamamışdan öncə, "Tovuz döyüşləri" olan zaman könüllü olarak Lerik rayon Hərbi komisssarlığında qeydiyyatdan keçir. Lakin, döyüşə göndərilmir. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edın II Qarabağ müharibəsi başladığı zaman, özü Lerik rayon Hərbi Komissarlığına zəng edərək "mənim ərizəm var, niyə məni çağırmırsınız?" -deyərək, tələb etmişdi. 30 sentyabra Zabil Komissarlığ tərəfindən çağırılır və Ağcabədiyə yola salınır. Döyüşə girən zaman atası ilə danışanda "ata, kəndimizin ilk və son şəhidi mən olacağam" -deyib, döyüşə girir. Füzuli rayonunun Qaraxanbəyli və Merdinli kəndləri uğrunda gedən döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərən qəhrəman Zabil Azadlı 08 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə şəhid olur və 11 oktyabrda qosbitala gətirilir. DNT-analizi olunduqdan sonra şəhidin Zabil olduğu məlum olur və 30 oktyabrda nəşi doğulduğu Lerik rayonunun Biləvər kəndinə gətirilir və kənd qəbiristanlığında torpağa tapşırılır. Döyüş yoldaşlarının dediklərinə görə Zabil 5, 6, 7, 8 oktyabr tarixlərində beton istehkamlarının alınmasında da böyük şücaət göstərmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, könüllü əsgər Lerik rayonunun Biləvər kəndində anadan olan Zabil Tələt oğlu Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Allah rəhmət eləsin. Vətən sağ olsun!

                   Ambur.az

Oxşar xəbərlər