“Ata, narahat olmayın, hər şey yaxşıdır, mən arxadayam“- Daşaltıda şəhid olan Şahin Tahirli

20 Fev 2021 08:32
1622

Şahin Afat oğlu Tahirli 17 sentyabr 2001-ci ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. 3 bacı 2 qardaş olmaqla ailədə 7 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçmişdir. 2007-ci ildə Züvüç kənd tam orta məktəbin 1-ci sinfinə daxil olur. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurduqdan sonra Mingəçevir Turizm Kollecinə qəbul olur və 1-ci kursu oxuyur. Şahin 2019-cu ilin oktyabr ayında hələ II kursda oxuyarkən Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilir. 

Vətən müharibəsi adlandırdığımız II Qarabağ müharibəsində Şahin qəhrəmanlıqla iştirak edir və yüksək şücaətlər göstərərək düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edir. Füzuli, Qubadlı və Şuşa istiqamətlərində döyüşən Şahin Tahirli 07 noyabr tarixində Şuşanın Daşaltı kəndi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Bu zaman şəhidin qardaşı da müharibənin könüllü iştirakçısı olur. Qardaşların atası Afat kişi hər ikisi üçün gəzirmiş. Bütün şəhidlər Füzuli xəstəxanasına gətirildiyi üçün Şahin də ora gətirilir və həmin ayın 23-də atası şəhid oğlunu tanıyır və doğulduğu Lerik rayonunun Züvüç kəndinə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılır. 

Şəhidin atası ilə son telefon danışığı noyabr ayının 1-də olur və danışdığı zaman "ata, narahat olmayın, hər şey yaxşıdır, mən arxadayam" -deyir. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Züvüç kəndində anadan olan əsgər Şahin Afat oğlu Tahirli ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasna görə", "Döyüşdə fərqlənməyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun!

                    Ambur.az

Oxşar xəbərlər