AYB-nin üzvü, “Qızıl qələm“ mükafatı laureatı, şair, müəllim Xanəli Tolış - 1940

03 Mrt 2022 10:46
323

İxtisasca tarixçi-etnoqraf olsa da, azərbaycan və talış dillərində yazdığı şeir və poemaları ilə məşhur olan şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Xanəli Tolış

Xanəli Şirəli oğlu Ağayev (Xanəli Tolış) 1940-cı il martın 2-də Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1958-ci ildə Bədəlan kənd orta məktəbini bitirmişdir. 1959-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi tarix fakültəsinə daxil olub 1969-cu ildə oranı bitirmişdir. 1961-ci ildə 6 aya qədər "Yeni həyat" qəzeti redaksiyasında işləmişdir.

1961-ci ilin sentyabr ayından Qızılavar kənd 8-illik məktəbində pioner baş dəstə rəhbəri, 1962-ci ildən 1977-ci ilə kimi həmin məktəbdə tarix müəllimi və eyni zamanda partiya təşkilatı katibi işləmişdir. 1962-ci ilin noyabr 1965-ci ilin sentyabr tarixlərində hərbi xidmətdə olmuşdur. 1977-1978-ci tədris ilindən 2002-2003-cü tədris ilinə kimi Masallı rayonu Elşən Heybətov adına Dəlləkoba kənd 8 illik məktəbinin direktoru işləmişdir.

2002-2003-cü tədris ilindən 2013-cü ilədək Əfqan Mirzəyev adına Qızılavar kənd orta məktəbində tarix müəllimi işləyib. 4 oğlu, 3 qızı və 15 nəvəsi var.

Bədii yaradıcılığı məktəb illərində başlamışdır. İlk şeiri 1958-ci ildə Masallı rayonunda çıxan "Yeni Həyat" qəzetində cap olunmuşdur.

Şeir yazmağa yeni başlayan Xanəli Ağayevin bir şair kimi inkişaf etməsində müxtəlif illərdə fəaliyyətlərində iştirak etdiyi ədəbi birliklərin böyük təsiri olmuşdur. İlk dəfə 1958-1960-cı illərdə "Yeni həyat" qəzeti nəzdində Əyyüb Xankişiyevin başçılığı ilə açılan ədəbi birlikdə iştirak etmişdir. Burada o, rayona qonaq gələn şair Bəxtiyar Vahabzadə və Məmməd Araz ilə tanış olmuş, onlarla şeir, sənət haqqında söhbətlər etmişdir. Bölgə ədəbi birliklərinin Lənkəranda çıxan "Leninçi" qəzeti nəzdində fəaliyyətdə də müntəzəm iştirak etmişdir. Ədəbi birliyin fəalları arasında Xanəli ilə bərabər daha sonra Azərbaycanın tanınan şairləri olan Şəkər Aslan, Vaqif Hüseynov, İltifat Saleh də vardı.

Bakı Dövlət Universitetinin tarix fakültəsində qiyabi təhsil aldığı müddətdə Bakıya hər dəfə smestr imtahanlarına gedərkən Sabir adına kitabxananın nəzdində fəaliyyət  göstərən ədəbi birliyin yığıncaqlarında iştirak etmişdir. Onun buradakı dostları isə sonralar tanınan şairlər Kəmalə Ağayeva, Kələntər Kələntərli, Əhəd Muxtar olmuşdur.

1962-ci ildə Mirzə Ələkbər Sabirin anadan olmasınən 100 illiyi respublikada geniş qeyd olunmuşdur. Sabir yaradıcılığının vurğunu olan Xanəlinin, Sabirin "Uşaq və buz" şeirindən təsirlənərək yazdığı "Dərsə gedən bir uşaq" adlı poeması "Azərbaycan pioneri" qəzetində çap olunur. Bu poeması ədəbiyyatçılar tərəfindən rəqabətlə qarşılanır. Bu illərdən sonra Xanəlinin şeirləri müxtəlif qəzet və jurnallarda çap olunmaya başlayır.

İndiyə kimi Xanəli Tolışın şeirləri əsasən Masallıda çıxan "Yeni Həyat" ("Çağırış"), "Masallı", "Fidan", Lənkaranda çıxan "Leninçi" ("Lənkaran"), Astarada çıxan "Sovet Astarası", Lerikdə çıxan "Lerik", Cəilabadda çıxan "Sözun işığı", Bakıda çıxan "Sovet kəndi", "Azərbaycan pioneri", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Azərbaycan ordusu", "Üçüncü hədəf", "Tolışi sədo", Moskvada çıxan "Talışskiy vestnik", Sankt Peterburqda çıxan "Tolış", Rəstdə (Iran) çıxan "Kadeh" jurnalının "Vıje-ye Tale."(Talış bülleteni) adlı əlavəsində, Bakıda çıxan "Göyərçin", Lənkəranda çıxan "Şəfəq" jurnallarında çap olunmuşdur. Ayrıca "Tolışə zıvon" 1996, "Əlifba" 1996, "Talış dilinin tədrisinə dair" 1991, "Tolışi ərməgon" 1993, "Min bir mahnı" 1991, "Svobodnaya Yevropa" 2002 və s. kimi dərsliklərdə Xanəli Tolışın şeirlərinə yer verilmişdir.

Bundan başqa "Aləm" ədəbi-bədii, elmi-publisistik jurnalında, "Ambur", "Dodo" qəzetində, "XX-XXI əsron Tolışə poeziyə almanax" və "XX-XXI əsron Tolışə poeziya antoloqiya" kitablarında da şairin şeirləri dərc edilmişdir.

Xanəli Tolış şeirləri əsasən üç dildə yazmış və bu gün də yazmağa  davam etməkdədir: Azərbaycan dili, Rus dili və Talış dillərində. Azərbaycan dili Xanəlinin əlinə qələm alıb yazmağa öyrəndiyi və ilk şeirləri yazdığı dildir. Yaradıcılığının əsasən bu dildə yazdığı şeirlər təşkil edir. Rus dilindəki şeirləri əsasən hərbi xidmətdə olduğu illədə yazmışdır. Yaradıcılığının az bir hissəsini əhatə edir. Talış dili isə Xanəli Tolışın yaradıcılığının ruhunu təskil edir. Filoloq Əğərizo Allahverdi Bayraminin ifadə etdiyi kimi: "Xanəlinin şairlik istedadı daha çox talış dilində yazdığı şeirlərində parlayır, şairin ilham pərisi doğma ana dilində daha cox cilvələnir"

Xanəli Tolışın Talış dilində yazdığı şeirləri üçün filologiya elmləri namizədi Novruzəli Məmmədov bunları yazır:"Uşaqlıqda anasından talışca eşitdiyi nağılların, şeirlərin onun gələcəkdə doğma talış dilində şeirlər yazmasında böyük təsiri olmuşdur. Talış dilində ilk şeirini əsgərlikdən anasına yazmışdır. Sair Tofiq İlhamın talışca mahnıları şifahi yayılandan sonra Xanəli Tolış öz şeirlərini üzə çıxarmağa başladı.

"Vənəşə", "Şinə çay", "Ox Vətən", "Qəm karvanı", "Dünya mənə halal eylə", "Bir ovuc su", "Qaranquş yuvası", "Gedirəm a dağlar", "Kərbəla karivanı" və "Bağışla" kitablarının müəllifidir.

Xanəli Tolışın yaradıcılığını yüksək qiymətləndirən Azərbaycan Yazıçılar Birliyi 28 mart 2003-cü ildə hörmətli şairi birliyin üzvlüyünə qəbul etmişdir

Xanəli Tolış bu gün də yaradcılığına davam edir. Masallı rayonunda fəaliyyət göstərən "Göy gurşağı" ədəbi məclisinin sədridir. Xalq arasında olur, bölgə şairlərinin yubileylərində iştirak edir, yaradcılığında dövrümüzün ictimai, siyasi, ədəbi ruhunu yaşatmağa çalışır.

Mənbə: VİKİPEDİYA

Oxşar xəbərlər