Azər Bandoj-Qəzəl

18 Noy 2020 18:06
50

Xoş gəldin ey doğma ayaq, doğma nəfəs, doğma səs.
Mən Şuşayam, doğma diyar, doğma vətən, doğma kəs.

Qarabağın gözü mənəm, sözü mənəm, özü mən,
Duzu mənəm, közü mənəm, izi mənəm, üzü mən.

Gəl qucaqla, sarıl mənə, doyunca öp üzümdən,
Darıxmışam əziz balam, getmə daha gözümdən.

Otuz ildir həsrətində yanıb yanıb kül oldum,
Otuz ildir yağılara kəniz oldum, qul oldum.

Otuz ildir çiçək açmır Xarı bülbül solubdur,
Müsibətdən yaxasını cırıb, saçın yolubdur.

Viran qoydu məni düşmən, tifağımı dağıtdı,
Yerdəkilər susdu buna, göylər göz yaş axıtdı.

Dəyərmiydi bir körpəni anasından ayırmaq?
Bir bülbülün balasını yuvasından ayırmaq?

Ayırdılar bizi bizdən, əsir düşdüm düşmənə,
Ümidimi itirdim ki, qovuşmaram ta sənə.

Atma məni, çıxıb getmə gözəl yarım, bir daha,
Yar yarından ayrı düşsə xoş gedərmi Allaha?

Daha keçdi qəmli günlər, qabaqdadır xoş günün,
Gözün aydın Azərbaycan, bayram elə sən bu gün.

Yenə gəlsin Xanın səsi muğamın beşiyində,
İgid əsgər tüfəngiylə durubdur keşiyində.

Azan səsi Gövhər ağa məscidindən ucalsın,
Göydəkilər ləzzət alsın, yerdəkilər güc alsın.

Cilvələn ey Qarabağın nazlı - duzlu gözəli,
Bandoj da qoy ilham alıb, yazsın şe'ri, qəzəli.
 

                                       Ali Azer Bandoj Ahadov

Oxşar xəbərlər