Azər Bandoj-Qəzəl

23 Noy 2020 08:31
31

Olma qafil ey könül ki, eşq bir iksirdir,
Sevsə kim qiymət tapar aləmdə bu təqdirdir.

Sevmək üçün xəlq olundun Adəm oğlu gildən,
Sevməsə kim fərqi yox daşdan, kəsəkdən, kirdir.

Kim sevərsə, qorxusu olmaz şərari-nardən,
Fərqi olmaz aşiqə aləm yanan təndirdir.

Nəfs, göydən Adəmi salmış bəlalər dəştinə,
Mübtəlayi-fani-aləm eyliyən zəncirdir.

Eşq, yerdən qovzayan Kərbubəla Sultanını,
Cisminə min yarə vurmuş nizəvü şəmşirdir.

Aləmi-eşqə giriftar olsa kim, qanın tökər,
Baxmaz heç cəlladi-eşq ki, bu cavan ya pirdir.

Hər gün öz vicdanın ilən darə çək öz nəfsini,
Hər kəsin vicdanı onçun inkirü münkirdir.

Gör-götür dünyasıdır Bandoj, qənimətdir, götür,
Hər nə yazdım, aləmin mə'nasına təfsirdir.

                                                Ali Azər Bandoj ƏHƏDOV

Oxşar xəbərlər