Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru, şair, dramaturq, nasir Camal Yusifzadə- 1941 - 2017

04 Sen 2021 10:46
533

Azərbaycan YB-nin üzvü, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru, şair, dramaturq, nasir Camal Yusifzadə

Camal Yusif oğlu Bağırov 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra, 1960-cı ildə Bakıda ADU-nun tarix fakültəsində təhsil almış və 1965-ci ildə bitirmişdir. Tələbəlik illərində bədii yaradıcılığa başlamış, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirmişdir.

Əmək fəaliyyətinə 1965-1966 -cı illərdə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olmuşdur 

Sonra 1966-1972 -ci illərdə Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləmişdir. 

1972-1990 -ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olmuşdur.

1991-1998 -ci illərdə Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olmuşdur.

1998-ci ildən həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləmişdir. Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulmuşdur.

"Lənkəran nəğməsi" Bakı: Gənclik, 1970, 22 səh, "Atlılar, qanadlılar" Bakı: Gənclik, 1975, 53 səh, Yol içində milyon seçdik. Bakı: Gənclik, 1980, 56 səh, "Payızdan gələnlər" Bakı: Yazıçı, 1983, 88 səh, "Ümiddən keçən yol" Bakı: Yazıçı, 1988, 88 səh, "Küləyi döymək olmaz" Bakı: Gənclik, 1993, 48 səh. -adlı əsərlərin müəllifidir.

Camal Yusifzadə 2017-ci il yanvarın 16-da 75 yaşında qəfil ürək tutmasından dünyasını dəyişib. Doğulduğu Lənkəranda dəfn olunub. 

Oxşar xəbərlər