Azərbaycan Yazıçılar İttifaqının üzvü, əməkdar incəsənət xadimi-Məmmədhüseyn Əliyev

05 Fev 2021 12:34
648

Yazıçı, 1960-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, əməkdar incəsənət xadimi-Məmmədhüseyn Əliyev 

Məmmədhüseyn Rüstəm oğlu Əliyev 28 aprel 1925 -ci ildə Lerik rayonun Gürdəsər kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Molla Rüstəm İraqın əl-Nəcəf şəhərində 25 illik ali ruhani təhsili aldıqdan sonra təyinatı üzrə Lerik rayonunda şəriət bilicisi və istedadlı bir alim kimi fəaliyyətə başlamış və o taylı, bu taylı Azərbaycanda dinin, təhsilin yayılmasında böyük xidmətlər göstərmişdir. Sovet hökumətinin qurulması ilə əlaqədar olaraq Axund Molla Rüstəm İrana -Ərdəbil şəhərinin Camahiran kəndinə köçür və orada 17 kəndin rəsmi dini xadimi kimi fəaliyyətini davam etdirir. Ondan sonra ailəsi sovet rejimi tərəfindən güclü repressiyaya məruz qalır, təqib olunur, evi, kitabxanası zorla alınaraq məktəbə verilir, əlyazmaları və kitabxanası məhv edilir. Məmmədhüseyn Rüstəm oğlu Əliyev 1940-ci ildə orta məktəbi bitir və Azərbaycan Müəllimlər İnstitutunun Lənkəran Pedaqoji Texnikumunda təşkil etdiyi Müəllimlik Kursuna göndərilir. 
Kursu başa vurduqdan sonra müəllim kimi təyinat alır. 1946-1949- cu illərdə ADPİ – nun tarix - fəlsəfə fakültəsində təhsilini davam etdirir. Çox keçmir ki, mətbuatda “Qail” təxəllüsü ilə tanınmağa başlayır. Bədii yaradıcılıq və jurnalistika sahəsi onu daha çox cəlb etdiyinə görə yenidən BDU-nun filologiya -jurnalistika fakültəsinə qəbul olur. 1954-cü ildə BDU-nun filologiya -jurnalistika fakültəsini bitirir və pedaqoji fəaliyyətini, həmçinin bədii yaradıcılığını davam etdirir. “Dağlar oğlu”, “Dağda bahar”, “Torpağın ətri”, “Döyüşən illər” romanları və bir çox povest və hekayələri geniş oxucu rəğbəti qazanmışdır. «Prokuror”, “Ana fəryadı” və s. pyesləri N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. 

"Vətən keşiyində" roman - poeması 1947-1950-ci illərdə Azərbaycan Radiosunda səsləndirilmişdir. Əsər Vladimir Qafarov tərəfindən rus dilinə tərcümə olunmuşdur.
"Dağlar oğlu" roman. Uşaq və Gənclər Ədəbiyyat nəşriyyatı, Bakı 1958-ci il.
"Dağda bahar", roman, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1966-cı il.
"Qulplu qızıllar" povest, "Azərbaycan" jurnalı, №3-4, 1971-ci il.
"Lənkəran hekayələri" hekayələr. "Gənclik" nəşriyyatı, 1967-ci il.
"Müstəntiq" povest, Azərbaycan Dövlət Nəşriyyatı, 1973-cü il.
"Balıqçı arvadı" povest, "Ulduz" jurnalı, №11, 1981-сi il.
"Сын гор" роман, "Советский писатель", Москва, 1977.
"Сын гор" и "Весна в горах" романы "Советский писатель" , Москва, 1982.
"Аромат земли", "Голос скал" романы , "Советский писатель", Москва, 1987.
"Qayaların səsi", roman, "Yazıçı" nəşriyyatı, Bakı, 1983.
"Dağlar oğlu" "Dağda bahar" romanları, "Gənclik" nəşriyyatı, Bakı, 1984.
"Torpağın ətri" roman, "Gənclik" nəşriyyatı, Bakı, 1979.
"Döyüşən illər" roman, I kitab, "Yazıçı" nəşriyyatı, Bakı, 1986.
"Döyüşən illər", ikinci kitab "Yazıçı nəşriyyatı", Bakı, 1991.
"Siyasi məhbus" roman, "Şəfəq" jurnalı , № 3-4, 10 noyabr, 1992.
"Vadidə görüş" povest, "Şəfəq" jurnalı, № 1-2, 1993.
"Qovuşmaz yollar" roman , "Şəfəq" jurnalı, № 3-4, 1993.
"Vətən keşiyində" roman-poema, "Məşəl" jurnalı, №5-6, 2004, və.s. əsərlərin müəllifidir.

M.Əliyev Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına və bir sıra medallara layiq görülmüşdür. 1994-cü il iyulun 6-da vəfat etmişdir.

            Facebook: Lerikimiz

Oxşar xəbərlər