Baş leytenant Orxan Əkbərovun dünyasını dəyişən atasına həsr etdiyi şeirinə cavab

23 Yan 2021 09:31
250

"Baş leytenant Orxan Əkbərovun şəhid qardaşı leytenant Əmrah Əkbərovun , dünyasını vaxtsız itirdiyi atasına qovuşmasıynan bağlı yazdığı, "Ata, sənin yanına gəlmək istəyirəm mən" şeirini oxuyub, çox təsirləndim.
Atası (ruhu şad olsun) Şahid qardaşımın dilindən dayım nəvəsi Orxana belə bir şeir yazmağı qərara aldım".
                                        Mais TƏMKİN

OĞUL, SƏNƏ QIYMARAM, GƏLMƏ MƏNİM YANIMA
Qəlbin qanla dolmasın, sızlamasın ürəyin,
Özünü yaxşı saxla, ey mənim göz bəbəyim.
Dərdən uzaq ol, oğul, Allah olsun köməyin,
Oğul, sənə qıymaram, gəlmə mənim yanıma!


Arzum budur, həmişə ucal xalqın gözündə,
Həyatda comərd yaşa, sadiq ol öz sözündə.
Arzumdu xoş təbəssüm işıq saçsın üzündə,
Oğul, sənə qıymaram, gəlmə mənim yanıma!


Həmişə ümidlə aç, hər işıqlı sabahı,
Sevən qəlbin çəkməsin bir daha dərdi, ahı.
Qucağıma almışam şəhid oğlum Əmrahı,
Oğul, sənə qıymaram, gəlmə mənim yanıma.


Vüqarlı ol hər zaman ,qoru əsli-soyunu,
Generaltək görüm mən, sənin şümşad boyunu.
Arzum qalıb ürəkdə, görəmmədim toyunu,
Oğul, sənə qıymaram, gəlmə mənim yanıma!


Əmrahı görən gündən, sanki ruhum oyanıb,
Vətən üçün can verib, al qanına boyanıb.
Sən arxasız deyilsən, arxanda el dayanıb,
Oğul, sənə qıymaram, gəlmə mənim yanıma!


Qəhrəman ol, üstünə gələ bilməsin yağı,
Yol vermə, səndən ötrü, kimsə söyləsin ağı.
Ananın ürəyinə yenidən çəkmə dağı,
Oğul, sənə qıymaram, gəlmə mənim yanıma!

Səni cəsur görəndə, qəm-qüssə mənə yaddır,
Bil ki, sənin varlığın mənə qoldu, qanaddır.
Nə qədər ki, sən varsan, ruhum səninlə şaddır,
Oğul, sənə qıymaram, gəlmə mənim yanıma!

                    Mais TƏMKİN
                    AYB-nin Üzvü

Şəkildə ağ köynəkdə olan leytenant, şəhid Əkbərov Əmrah, qara köynəkdə olan isə şəhidin qardaşı, baş leytenant Əkbərov Orxandır. 

Qeyd edək ki, ötən gün baş leytenant Orxan Əkbərov dünyasını vaxtsız itirdiyi atasına qovuşmasıynan bağlı "Ata, sənin yanına gəlmək istəyirəm mən" adında bir şeir yazmışdı. 

Həmin şeiri aşağıdakı linkə daxil olub, oxuya bilərsiniz. 

https://ambur.az/xtq-bas-leytenanti-ekberov-orxan-dunyasini-deyisen-atasina-seir-hesr-edib

Oxşar xəbərlər