Bəhram Şəms - TALIŞA YAZ GƏLƏNDƏ

14 Noy 2021 00:33
549

Çiçəklər açar, gülüm,
Quş uçar dəstə-dəstə,
Cüyürlər mələşərlər
Daşan bulaqlar üstə -
Talışa yaz gələndə...


Dağ dumana bürünər, 
Bəmbəyaz kəpənəktək,
Dovşanlar yuvasından 
Boylanar ürkək-ürkək- 
Talışa yaz gələndə...


Çaylar hay-haray ilə
Oxuyar öz nəğməsin,
Bənövşə kol dibindən
Özləyər bülbül səsin- 
Talışa yaz gələndə...


Dumanlar çəkiləndə
Yamaclar yaşıl geyər,
Bulaqlar sevincindən
Aşıb-daşmaq istəyər-
Talışa yaz gələndə...


Yarpaqlar bircə-bircə
Düzülər ağaclara,
Arılar səpələnər 
Düzlərə, yamaclara- 
Talışa yaz gələndə...


Çəmən əlvan bəzəyər
Sinəsini, döşünü,
Həyəcanla gözləyər
Yazla ilk görüşünü-
Talışa yaz gələndə...


Quşlar da qaçhaqovla
Uçar o baş-bu başa,
Ürək təbiət ilə
İstər qaynaya, coşa-
Talışa yaz gələndə...


Sevənlər vüsal üçün
Gizli yanar, alışar,
Bəhramın şair qəlbi
Məhəbbətdən danışar-
Talışa yaz gələndə...

      Bəhram ŞƏMS -23.03.2017 

Oxşar xəbərlər