“Bəlləbur” və ya “Bəlləbır” nə deməkdir? - Hacı Allahverən Nəzərov

01 Sen 2021 15:08
739

Çoxdan idi ki, Bəlləbu(ı)r dağına getmək, eyni adlı qalanın yerləşdiyi ərazini görmək, tarixlərin şahidi olmuş bu sirli qalanın qalıqlarını bilavasitə müşahidə edərək həmin toponimlərin mənşəyi haqqında fikirlərimi ümumiləşdirmək istəyirdim. Ancaq səhhətim imkan vermirdi. Bu il özümdə güc toplayıb avqust ayında bu işi reallaşdırdım. Bəlləbu(ı)r qalasının uçularaq dağın dibinə düşmüş divar qalıqlarına və dağın başında tarixlərdən keçərək bu günə qədər müvazinətini mətanətlə qoruyub saxlamış bir neçə divara rast gəldim. Divarların yanında bitən əzəmətli palıd ağacları kökünü divarların üstündən aşıraraq onları sanki qucaqlamış, müvazinətlərini saxlayaraq uçulmaqdan qorumuşdur. Bu ağaclar sanki demək istəyir ki, ey vaxtilə bu qalada sığınacaq tapmış babaların fərsiz və nankor varisləri, biz hələlik onları qoruyuruq, lakin bir vaxt gələcək bizim də onları hifz etməyə gücümüz çatmaz, sərvətinizə sahib çıxın. Burada S. Ə. Şirvaninin ulu N. Gəncəvinin qəbri üstündə dediyi şeyir bir parça yadıma düşdü:                  

                   Ey Şeyx Nizami, ey nizamı dağılan.
                   Ey Gəncədə izzü-ehtişamı dağılan.
                   Varmı sənlə mənim kimi bu dünyada,
                   Beyti, evi, məktəbi, kəlamı dağılan.

Fikirləşirəm, bu cür, qiyməti heç bir ləl-cəvahiratla ölçülməyən sərvət turizm üçün gözəl baza ola bilər. Ya kanat və ya dağın müəyyən hissəsinə qədər avtomobil yolu çəkmək olar ki, bu da turistlərin marağını artıra bilər. Tariximizin qədimliyi, babalarımızın hansı qüdrət sahibi olmasının şahidi olarlar.

Bəlləbur qalası haqqında müəyyən qədər tarixi araşdırmalar aparılmış və yazılmışdır. Bu araşdırmaların kifayət edib-etməyəcəyi barədə bir söz deyə bilmərəm. Çünki bu tarixçilərin işidir. Hər halda, yeni tədqiqatlar aparılsa, məncə, tarixə məlum olmayan faktlar ortaya çıxa bilər. Bu yazıda mənim görəcəyim iş qalanın adına-toponimin mənasına aydınlıq gətirməkdən ibarətdir.

Bu məqsədlə müəyyən mənbələrə müraciət etdim və Mənuçehr Əkbərov (ad internet saytından götürülüb) adlı bir nəfərin yazısı diqqətimi cəlb etdi. Müəllif yazır: “Qalanı xalq arasında üç adla təhlil edirlər. 
1. Talışca bəlel (palıd), bır (tikan) sözlərinin birləşməsindən ibarət olub, palıdlı, tikanlı yer deməkdir. 
2. İ. Əzimbəyov isə bunu “Bala bur” adlandırır. Bu qədim fars sözləri olan Bala-uca, hündür, Bur qala olmaqla “Uca qala” deməkdir. 
3. Yerli əhali Bəlləbura Boz qala-Bəzz qalası deyirlər. Mənası “Qızılquş-Şahin“ qalası deməkdir.

1. Birinci variantda “Bəleləbır” sözü haqqında mülahizələrim. Talış dilində “ə” bitişdiricisi ilə əmələ gələn çoxlu mürəkkəb sözlər vardır. Bu qəbildən olan sözlər iki ismin birləşməsindən yaranır. Məs: bəleləlivə (palıd yarpağı), amburəçulə (dəmirağacı çiçəyi), geşnıəlivə (keşniş yarpağı), hışkəzəmin (quru yer, quru torpaq), leğəştənəbəq (kəməri leğərıştəndən (lığdan hazırlanan iplik) olan bəy, yəni müflisləşmiş bəy, çəşəas (göz yaşı). Göründüyü kimi “ə” bitişdiricisi ilə əmələ gələn mürəkkəb sözlərdə sahiblik məfhumu, bir əşyanın digərinin tərkib hissəsi olması məzmunu ifadə olunur. Bu baxımdan “Bəleləbır” sözündəki “bəlel” sözü ilə bır sözü heç cür birləşə bilməz. Çünki hər ikisi isim olsa da, burada nə sahiblik, nə də eyni varlığın tərkib hissəsi olmaq məzmunu yoxdur. Müşahidələrimiz göstərir ki, talış dilində isimlə fel də birləşərək mürəkkəb söz əmələ gətirə bilir. Bu qəbildən olan mürəkkəb sözlər “ə, o, bı” bitişdiricisi və ya sadəcə isimlə felin bitişdiricisiz birləşməsi yolu ilə yaranır. Məs: rizobır (izləməklə kiminsə yolunu kəsmək), səobır (başkəsən), robıbır (yolkəsən), nımojəbır (namazkəsən), ğəssəməbır (nahaq and içməklə Allahın qəzəbinə düçar olmuş), sıxanəbır/sıxanbıbır (sözkəsən), nunəbır/nunbıbır (çörəkkəsən), quşbıbır (qulaqkəsən), lukobır (ayaq barmaqları arasında dərinin kəsilməsi ilə müşahidə olunan göbələk xəstəliyi), kəmbır (kəsə yolla gedib kimsənin qabağını kəsmək), ğılbır (taxıl biçinində salxımın dibindən biçmək) (son ikisi bitişdiricisiz yaranmışdır). “Bəleləbır” sözündəki “bır” sözü “bırın” (kəsmək, kəsişmək) sözündəndir. Çünki həmin ərazidə dağla aran kəsişir. Leriklə Lənkəran ərazisi Bəlləbırdan başlayaraq indiki Haftoni, Havzava, Osakücədən keçərək Masallıya qədər uzanır. Dağa keçid yolu bir neçə istiqamətdən olmuşdur ki, (Havzava Osakücə istiqamətindən Poçkonəro (Poçkon yolu), Cənub-Şərq istiqamətindən Bəleləbır yolu, Astara istiqamətindən də, yəqin ki, hansısa yol olmuşdur. Həm də o yollar vaxtilə elə yerlərdən salınmışdır ki, düşmənin qarşısını kəsmək əlverişli olsun. Bəleləbır qalası həm də, ətrafı müşahidə etmək üçün müşahidə məntəqəsi olmuşdur. Dilimizdə “De çəşi bırnime; de çəşi pamuyəme; çəşəbır bıbi” ifadələri buna nümunə ola bilər.

2. Qədim fars dilində, eləcə də indi “baala”(ilk iki “a” səsi uzanan “a” deməkdir. Mənası uca, hündür deməkdir. “Baaru” isə qala deməkdir (ilk 2 “a” uzanan saitdir). Söz yəqin ki, ilk variantında “Baalabur” olmuşdur. Lakin “baala” sözünün “bəlel” sözünə keçmə ehtimalı azdır. Fikrimizcə zaman keçdikcə qala dağılmış, ətrafını kol-kos basmış, palıd ağacları inkişaf etmiş və qala “Bəlləbur” adlanmışdır (yəni palıdlıqda olan qala). Müasir fars dilində böyük qala “baalabur yox, “burci baru” adlanır.

3. “Boz“ talış dilində çox yüksəkdə uçan quşdur. Onunla bağlı dilimizdə atalar sözü də vardır: “Bozi rizisə boz bənışte, puti rizisə put”. Qala dağın başında olduğu üçün “Bozə ğələ” adlanmışdır. Başqa sözlə desək, “boz” quşu kimi yüksəklərə qalxmağı bacaran insanların məskəni. Xalq o dağı məhz buna görə "Bəlləbur" adlandırıb.

Ardı var...

 Hacı Allahverən Nəzərov -"TOLIŞİ FOLKLOR İYƏN BƏZİ LEKSİK VAHİDON İZOH" kitabı

Oxşar xəbərlər