Bəs siz necə, sevirsiniz, yoxsa “seviyorsunuz?

26 Mrt 2022 11:46
273

Sosial şəbəkələrdə bu mövzunun közərtisi illərdir öləzimir: “Serialları, filmləri, kitabları Türkiyə türkcəsindən Azərbaycancaya çevirməyə ehtiyac yoxdur!” deyirlər. 

Həmin iddianın ən çox rast gəlinən arqumenti isə budur: “Tərcümə düşük alınır”.

Bəli, bəli, belə də deyirlər.

Niyə düşük alınır?

Türkiyə türkcəsindən dilimizə tərcümə, bəzilərinin dediyi kimi ona görə düşük alınır ki, tərcümə işində peşəkarlıq çatışmazlığı var. Təbii ki, “Aşkı-memnu”nu “Eşqi-məmnu”, “otuz bir çekmek”i “narkotik vasitə çəkmək” kimi tərcümə edəndə situasiya düşük görünəcək.

Türkiyə türkcəsindən Azərbaycancaya tərcümə zamanı diqqət yetirməli olduğumuz ümdə məsələlər var; əvvəlcə unutmayaq ki, çoxuna asan görünsə də, dilimizə ən çətin tərcümə olunan dil elə Türkiyə türkcəsidir. Çünki bu iki dil arasında şaftalı-qaysı yaxınlığı var və bu yaxınlıq tərcüməçiləri ən çox çaşdıran məsələdir.
  
“Türk dilidir də” deyib özünü ortaya atan diletantlar tərcümə işinin ilk problemidir. 

Tərcümə işində problem yaradan ikinci məsələ isə dillərimizdəki ortaq, ancaq mənası haçalanmış, rəng dəyişmiş sözlər, ifadələrdir. 

Başqa dilləri bilən tərcüməçilər qarşısındakı mətndə yer alan bütün sözləri Azərbaycan dilinə tərcümə edir, ancaq Türkiyə türkcəsindəki bəzi sözlərin bizim dilimizdə də yer alması, bizimkiləri çaşdırır. Məsələn, “duymaq” sözü. Bu söz hər iki dildə mövcuddur, ancaq Türkiyə türkcəsində daha çox eşitmək mənasında istifadə olunur, bizdə isə hiss etmək, başa düşmək, anlamaq mənasındadır. 

Tərcümə zamanı isə bu və bu kimi onlarla söz tərcüməçilərin ələyindən rahatca keçərək mətni, cümləni bulandırır, oxucunu azdırır. 

Türkiyədə isə xarici romanların, filmlərin tərcüməsi zamanı kəskin addımlar atılır, dilə uyğun olmayan, hərfi tərcüməsi, söz tərcüməsi qüsurlu görünən situasiyalarda ifadə kökündən dəyişdirilir.
 
Sizə onlarla roman və film adı deyə bilərəm ki, Türkiyədə həmin əsərlərin tərcüməsi zamanı orijinallıqdan əsər-əlamət saxlamayıblar. Emir Kusturitsanın “Südlü yolda” filmi “Aşk ve savaş”, Vladimir Menşovun “Moskva göz yaşlarına inanmır” filmi “Aşk göz yaşlarına inanmıyor”, Marjane Satrapinin “Gavalılı toyuq çığırtması” filmi türk dilinə “Azraili beklerken” kimi tərcümə edilib. 

Hər ölkə tərcümə etdiyi əsəri oxucusunun, tamaşaçısının şablonları, kriteriyalarına uyğunlaşdırır və bu normal prosesdir.

Təvazökarlıqdan nə qədər uzaq görünsə də, sırf bu problemin çətinliyini praktiki hiss etmək üçün 2017-ci ildə Orxan Pamukun “Qırmızı saçlı qadın” romanını Azərbaycan dilinə çevirdim. Tərcümə zamanı qabağıma qoyduğum ilk məqsəd romanı tam olaraq Türkiyə ləhcəsindən, bizi rahatca aldadan intonasiyadan arındırıb tam özümüzünküləşdirmək, “Vaqifin şirin dilinə” çevirmək idi. “Xan” nəşriyatında çap olunan kitabla tanış olaraq bu işin öhdəsindən gəlib-gəlmədiymi yoxlaya bilərsiz. 

Türk dilində çəkilmiş filmləri, kitabları Azərbaycan dilinə tərcümə olunmasına etiraz edən kəslər bununla qardaş ölkəyə sevgisini bildirmək istəyir. 

Lakin dostluq, qardaşlıqla qonşu dövlətin təsirində əriməyi səhv salmaq ağır problemdir. Türkiyə serialları, cizgi filmləri, musiqilərinin bir adı da kommersiya, iqtisadiyyatdır. Bu gün bizim uşaqlarımız bənövşəyiyə “mor”, qardaşa “abi” deyirsə, bunu qardaş ölkəyə sevgidən etmirik, bu, göstərici çağdaş Türkiyə kinosunun, serialının, ədəbiyyatının dominantlığından irəli gəlir. Heç olmasa, bunu sevgi göstərici yox, dominantlıq qarşısında ərimək kimi başa düşək.

Bəli, biz rahatca etiraf etməliyik ki, ölkə olaraq uduzuruq, uduzmağın isə dosta, düşmənə olmasının çox da fərqi yoxdur. 

Türkiyədən bir TIR sürücüsü də gəlib Bakıda deyəndə ki, “adım Memet, yirmi iki yaşındayım, seni seviyorum”, Aysel düşünür, bu elə həmin Fatih Sultan Mehmeddi, İstanbulu fəth edib, indi də gəlib mənim qəlbimi fəth eləməyə”. Halbuki vəziyyəti həmin müstəviyə qaldıran türk serialları, romanlarıdır. Yəni, çağdaş Türkiyə mədəniyyəti bizim insanın mətbəxinə elə daxil olub ki, o dildə, o ləhcədə, o intonasiyada kim danışsa, bizimkilərin gözünə qəhrəman kimi görünür. 

Dilin öz kaloritini, mədəniyyətin öz müxtəlifliyini itirməsi bir ölkəni sürətli şəkildə aşınmaya aparır. Müxtəliflik təkcə mozayka, kalorit deyil, o həm də böyük bir xalqın cizgiləri, kimliyidir. 

Bu kimi halları nəzərə alan dövlət illər əvvəl ölkə televiziyalarında yayımlanan serial və filmlərin Azərbaycan dilinə tərcüməsinin vacibliyi ilə bağlı qərar verib. Bizim isə borcumuz bu işi daha peşəkar, milli qeyrətlə həyata keçirməkdir. 

Biz Azərbaycanı da sevirik, Türkiyəni də. Bəs siz necə?

"Qafqazinfo"

Oxşar xəbərlər