BTR-i partladılması nəticəsində yanaraq şəhid olan Şöhrət Cabbarov -VİDEO

28 Apr 2021 16:57
161

Bu gün İmişli rayonunun Ölcələr kəndində anadan olan II Qarabağ müharibəsinin şəhidi Şöhrət Cabbarovun doğum günüdür

Şöhrət Əli oğlu Cabbarov 28 aprel 1995-ci ildə İmişli rayonunun Ölcələr kəndində anadan olub. 2 bacı və 2 qardaş olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2001-ci ildə İmişli rayon Ölcələr kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2012-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Təhsilini başa vurduqdan sonra, 29 aprel 2013-cü ildə İmişli rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Xidmətini nöqsansız başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdıb. Ailəsinə kömək etmək məqsədilə bir çox işlərlə məşğul olub.

Ürəyi Vətən, torpaq sevgisi ilə döyünən Şöhrət müddətdən artıq xidmət etmək qərarına gəlir və 2018-ci ildə Ordu sıralarında kimi xidmət etməyə başlayır. Uzun müddət kəşfiyyat bölüyündə xidmət edən Şöhrət daha sonra mexanik BTR sürməyə başlayır.

27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi zamanı Şöhrət də müharibədə iştirak edir. Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhv edir.

Qəhrəman Şöhrət daha sonra BTR-i ilə Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edir, bir sıra kəndlərin və strateji yüksəkliklərin alınmasında yüksək fədəkarlıqlar göstərir. 30 sentyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən ağır döyüşlərdə Şöhrətin istifadə etdiyi BTR düşmən tərəfindən partladılır, Şöhrət yanaraq qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı İmişli rayon Ölcələr kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. 

Şəhidin atası Əli kişi oğlu haqqında belə xatırlayır: "Oğlum sözün əsl mənasında çox mərd və cəsur bir oğul idi. İstər dost-tanış, istərsə də qohum-qonşu arasında böyük hörmət və izzət sahibi idi. Oğlumun hərbiyə getməyini mən istəmirdim. Oğlum isə "Ata, mən getmək istəyirəm və gedəcəm" -deyərək, öz istədiyinə nail oldu. 2018-ci ildə MAXE kimi Ordu sıralarına qatıldı. 2020-ci ilin avqust ayında evə gəlmişdi, sonuncu dəfə oğlumu o zaman görə bilmişəm. Müharibə başlamamışdan 2-3 gün öncə icazə alıb evə gəlmişdi. Mən Bakıda idim, görə bilmədim. Oğlum kəndə gəlib bütün dost-tanışları ilə, qohum-qonşuları ilə görüşüb, halallıq alıb, getdi. Müharibənin olacağını bilirdi, amma heçkimə bu barədə heçnə deməmişdi. Oğlumun istifadə etdiyi BTR partladıldı, oğlum da yanaraq şəhid oldu. Mən onunla fəxr edirəm...".

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, İmişli rayonunun Ölcələr kəndində anadan olan Şöhrət Əli oğlu Cabbarov ölümündən sonra "Xocavəndin azad olumasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                     Ambur.az


Oxşar xəbərlər