Bu gün “Artilleriya atası“ ləqəbli Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin doğum günüdür

08 May 2021 03:18
290

İlqar Anzor oğlu Mirzəyev 1973-cü il may ayının 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. Milliyyətcə azərbaycanlı olub.

1980-cı ildə Qardabani şəhər tam orta məktəbin birinci sinfinə daxil olub və 1990-cı ildə təhsilini başa vurub. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olub. Müharibənin yeni-yeni alovlandığı zaman 1991-ci ildə İlqar Mirzəyev sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verib.

1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olub və 1995-ci ildə "Motoatıcı" ixtisası üzrə bitirib.

2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olmuş və 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurub.

17 iyun 1995-ci ildən 12 noyabr 1995-ci ilə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Tağımının Komandiri vəzifəsində xidmət edib.

12 iyun 1995-ci ildən 03 mart 1997-ci ilə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tank Artilleriya Kursantları Tağımının Komandiri vəzifəsində xidmət edib.

03 mart 1997-ci ildən 20 yanvar 1998-ci ilə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Tağım Komandiri vəzifəsində xidmət edib

20 yanvar 1998-ci ildən 11 noyabr  1998-ci ilə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Komandiri vəzifəsində xidmət edib.

Qüsursuz xidmətinə görə ona Müdafiə Nazirliyinin 19 oktyabr 1997-ci il tarixli əmrinə əsasən "baş leytenant" hərbi rütbəsi verilib.

11 noyabr 1998-ci ildən 14 iyun 2001-ci ilə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tədris prosesinin təminatı Taborunun Artilleriya batareyasının Komandiri vəzifəsində xidmət edib və xidməti zamanı Müdafiə Nazirliyinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən "kapitan" hərbi rütbəsi alıb.

2001-ci ildən başlayaraq İlqar Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edib.

14 iyun 2001-ci ildən 31 iyul 2002-ci il ilə qədər "N" saylı hərbi hissənin Qərargah rəisi və haubitsalı artilleriya divizionu Komandirinin müavini vəzifəsində xidmət edib.

31 iyul 2002-ci ildən 10 avqust 2003-cü ilə qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət edən kapitan İlqar Mirzəyev Müdafiə Nazirliyinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən "mayor" hərbi rütbəsi alıb.

İlqar Mirzəyev 2003-cü ilin avqustunda Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilib və 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurub.

Təhsilini başa vurduğdan sonra mayor İlqar Mirzəyev 02 iyul 2005-ci ildən 07 yanvar 2007-ci ilə qədər "N" saylı hərbi hissə Komandirinin müavini vəzifəsində xidmət edib. 

07 yanvar 2007-ci ildən 29 iyul 2011-ci ilə qədər "N" saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi - Qərargah rəisinin əməliyyatlar üzrə müavini vəzifəsində xidmət edib.

29 iyun 2011-ci ildən 28 fevral 2012-ci ilə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri vəzifəsində xidmət edib.

28 fevral 2012-ci ildən 28 iyul 2012-ci ilə qədər "N" saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsində xidmət edən mayor İlqar Mirzəyev qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona "polkovnik" hərbi rütbəsi alıb.

07 iyun 2012-ci ildən 04 iyul 2013-cü ilə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri və hərbi hissənin atəşə dəstək üzrə koordinatoru vəzifəsində xidmət edib.

04 iyul 2013-cü ildən 28 dekabr 2013-cü ilə qədər "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət edib.

28 dekabr 2013-cü ildən 08 avqust 2015-ci ilə qədər Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində xidmət edib.

14 avqust 2015-ci ildən 28 oktyabr 2015-ci ilə qədər "N" saylı hərbi hissənin Komandir müavini və Qərargah rəisi vəzifəsində xidmət edib

28 oktyabr 2015-ci ilds "N" saylı hərbi hissənin komandiri vəzifəsində xidmət edib.

2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başlayan və tarixə "Aprel döyüşləri" olaraq yazılan Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlərdə "N" saylı hərbi hissənin komandiri olan polkovnik İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak edir. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilir. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilir və 7 strateji nöqtə işğaldan azad olunur.

23 fevral 2019-cu ildə 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

12 iyul 2020-ci ildə günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutulur. Bu zaman Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alınır və Ermənistan Ordusu geri otuzdurulur. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olur və 4 nəfər yaralanır.

Nümunəvi xidmətinə görə "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı", "Qüsursuz xidmətə görə" I dərəcəli, "Qüsursuz xidmətə görə" II dərəcəli, "Qüsursuz xidmətə görə" III dərəcəli, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi yubiley, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunur.

İyul ayının 12-dən 13-nə keçən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edir və 3-cü Ordu Korpusunun Qərargah rəisi general-mayor Polad Həşimov və Artilleriya rəisi polkovnik İlqar Mirzəyevin də qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilir. Həmin ayın 13-də, günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edir. Tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilir. 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər yenə də davam edir və gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

Həmin ayın 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olur və həmin gün saat 13:00-da müdafiə nazirinin müavini və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev canlı yayımda açıqlama verir. 

Açıqlamada bildirilir:
"Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdur. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəsüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyi rəhbərliyi adından şəhidlərimizə rəhmət, şəhidlərimizin ailələrinə səbr diləyirik. Yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirəm ki, şəhidlərimiz, yaralıların qanı yerdə qalmayacaq".

Həmin an onlarla birgə mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də şəhid olur.

İyulun 14-də günorta saatlarında İlqar Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə gətirilir.

Polkovnik İlqar Mirzəyevlə vida mərasimi iyulun 15-də baş tutur və II Fəxri Xiyabanda torpağa tapşırılır.

Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Polad Həşimov və İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı verir. Sonda müdafiə naziri şəhidlərin tabutu üzərində olan Azərbaycan bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən İlqar Anzor oğlu Mirzəyevə ölümündən sonra "Qızıl Ulduz" medalı ilə təltif olunur və Azərbaycanın Milli Qəhrəmanı adı verilir.

2021-ci ilin aprel ayında İlqar Mirzəyevin Xətai rayonunda yaşadığı binanın önündə xatirəsi lövhəsi qoyulur və binanın həyəti abadlaşdırılaraq orada bağ salınır. Allah rəhmət eləsin!

Oxşar xəbərlər