Bu gün baş leytenant Daşdəmir Paşayevin doğum günüdür- ŞƏHİD

28 Yan 2021 19:00
620

Daşdəmir Əlizaman oğlu Paşayev 1982-cı ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq illəri Bakıda keçmişdir. 1988-ci ildə 250 saylı tam orta məktəbin 1-ci sinifində daxil olmuş, 1996-cı ildə həmin məktəbin 8-ci sinifini başa vurmuşdur. 8-ci sinifi bitirdikdən sonra C.Naxçanski adına hərbi liseyə qəbul olmuşdur. 1999-ci ildə liseyi bitirərək Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuşdur. 2003-cü ildə məktəbi bitirmiş və leytenant rütbəsi ilə xidmətə başlamışdır. İsveçrədə 6 ay müddətində kurs keçmişdir. Kursdan sonra  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayır. Ailə vəziyyəti ilə bağlı baş leytenant rütbəsində ehtiyyata buraxılmışdır. 

27 sentyabr 2020-ci ildən etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi başladığı zaman, Azərbaycanda qismən səfərbərlik elan edildikdən sonra Daşdəmir Paşayev ehtiyyatda olan bir zabit kimi  könüllülər üzərində komandir vəzifəsinə təyin olunur. Füzuli uğrunda gedən şiddətli döyüşlərdə fəal iştirak edir, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edir. Qəhrəman komandir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından və qanından keçməklə 8 noyabrda qəhrəmancasına şəhid olur. Şəhidimiz ailəli idi, dörd övladı xalqımıza yadıgar qaldı.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Bakı şəhərində anadan olan könüllü zabit, baş leytenant Daşdəmir Əlizaman oğlu Paşayev oğlu ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Oxşar xəbərlər