Bu gün dastana dönən şəhid gizir Xudayar Yusifzadənin doğum günüdür

15 İyl 2021 15:13
184

Xudayar Müslüm Yusifzadə 15 iyul 1998-ci ildə -də Bərdə şəhərində anadan olub. 3 qardaş 1 bacı olmaqla ailədə 6 nəfər olublar. Atası Bərdənin tanınmış qarmon ustası Müslüm Yusifoğlu Xudayarın doğumundan 24 gün sonra vəfat edib. Uşaqlıq illərini doğulduğu şəhərdə keçirən Xudayar 2004-cü ildə Bərdə şəhər Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. 2015-ci ildə təhsilini başa vurub. 2016-cı ildə Bərdə şəhər Hərbi komissarlığı tərəfinndən həqiqi hərbi xidmətə çağırılıb və Dövlət Təhlühəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsinə göndərilib. 2018-ci ildə xidmətini başa vurduqdan sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb.

2020-ci ilin "Tovuz döyüşləri" zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Bərdə şəhərinə gətirilir və orada yerləşən "Şəhidlər Xiyabanı"nda böyük izdihamla dəfn olunub. Subay idi.

Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirini ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı və Xudayar Yusifzadə qısa müddət ərzində fenomenə çevrildi.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Xudayar Müslüm Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                   Ambur.az

Oxşar xəbərlər