Bu gün Həzrət Zeynəbin (s.ə) vəfat etdiyi gündür

17 Fev 2022 14:48
435

.. Zeynəb ərəb dilində "atasının zinəti" deməkdir

Bu gün hicri-qəməri təqvimlə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərini dünyaya çatdıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Həzrət Zeynəbin (s.ə) vəfat günüdür.

Ambur.az-ın İnterAz-a istinadən məlumatına görə, Həzrət Zeynəbi-Kübra (s.ə) hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya gəlib. Zeynəb (s.ə) İmam Əlinin (ə) və Həzrət Fatimənin (s.ə) üçüncü övladı idi. Zeynəb ərəb dilində "atasının zinəti" deməkdir.

Məlumata görə, bu adı ona babası Həzrət Muhəmməd (s) qoyub. Həzrət Zeynəb (s.ə) 5 yaşına qədər Peyğəmbərlə (s) bir dövrdə yaşayıb. Buna görə də bəzi alimlər onun səhabə olduğunu qeyd edirlər. Hər kəsə qarşı şəfqətli olan Həzrət Peyğəmbər(s) ilk qız nəvəsini sevərək əzizləyər və "tövsiyə edirəm, hamı bu qıza hörmət etsin, o, Xədiceyi-Kübra kimidir" deyərmiş.

Həzrət Zeynəbin (s.ə) uşaqlıq və gənclik dövrü müqəddəs Əhli-beyt(ə) ailəsində keçir və yetkinlik yaşına çatdıqda o, İmam Əlinin (ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur. Qeyd edək ki, tarixi mənbələrə əsasən, Həzrət Zeynəbin (s.ə) həyat yoldaşı Abdullah ərəblər arasında ən dövlətli insanlardan biri hesab olunub. Müxtəlif mənbələrdə Abdullahın və həyat yoldaşının böyük xeyriyyə fəaliyyətləri haqqında məlumatlar yer alıb.

Hicrətin 40-cı ilində Həzrət Əli (ə) Kufədə şəhid olarkən Həzrət Zeynəbin (ə) 35 yaşı var idi. Bu aıc hadisədən sonra onsuz da çətinliklər, münafiqlərin təzyiqləri altında yaşayan Peyğəmbər (s) ailəsinin vəziyyəti bir qədər də pisləşir. İmam Həsənin (ə) və İmam Hüseynin (ə) dövründə Həzrət Zeynəb (s.ə) hər zaman qardaşlarının yanında olur, onların qarşılaşdığı çətinlikləri bölüşür, dərdlərinə şərik çıxırdı. Hicrətin 61-ci ilində İmam Hüseyn (ə) Mədinəni tərk edərəkə Kərbəlaya yola düşərkən Həzrət Zeynəb (s.ə) də onunla birlikdə olur.

Qeyd etmək lazımdır ki, Kərbəla şəhidlərinə ilk dəfə əza saxlayan da Xanım Zeynəb (s.ə) olub. Həzrət Zeynəb (s.ə) ilk dəfə Əhli-beyt (ə) ailəsinin sağ qalanlarını bir araya gətirərək Kərbəla çölündə şəhidlərə yas məclisi qurur. Bununla da müsəlmanların 1400 ilə yaxındır davam etdiyi Aşura əzadarlığının əsası qoyulurdu.

Həzrət Zeynəb (s.ə) İmam Hüseynin (ə) şəhadətindən bir il sonra - hicrətin 62-ci ilində Şamda vəfat edib.

Oxşar xəbərlər