Bu gün müharibənin könüllü iştirakçısı olan şəhid Famil Əlizadənin doğum günüdür

03 May 2021 10:51
338

Famil Habil oğlu Əlizadə 03 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Uşaqlıq illərini doğulduğu qəsəbədə keçirib. 2005-ci ildə Ərkivan qəsəbəsinin tam orta məktəbin 1-ci sinfinə gedib və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Daha sonra 1 il müddətində 2 saylı Bakı Peşə Məktəbində təhsilini davam etdirib. 2017-ci ildə Famil Masallı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və  Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət etməyə göndərilir. 2019-cu ildə xidmətini başa vurduqdan sonra evinə qayıdır və ailəsinə kömək etmək məqsədilə bir çox işlərlə məşğul olmağa başlayır. 

27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi zamanı Famil müharibənin ilk günündən könüllü olaraq döyüşlərə qatılır və böyük şücaətlər göstərir. Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına düşmənə qarşı vuruşur və xeyli sayda canlı qüvvəsini məhv edir. O, az sayda şəxsi heyət ilə birgə Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində düşmən postunun və anbarının alınmasında xüsusi ilə fərqlənərək, öz qanı ilə adını tarixə yazır. Bir aya yaxın düşmənlə vuruşan və düşmənə sinə gərən Famil göstərdiyi qəhrəmanlıqlarla adını qızıl hərflərlə tarixə yazır. Oktyabr ayının 21-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boy-başa çatdığı Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilir və böyük izdihamla torpağa tapşırılır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olan Famil Habil oğlu Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                                    Ambur.az

Oxşar xəbərlər