Bu gün səfər ayının sonu İmam Rzanın (ə) şəhid edildiyi gündür

07 Okt 2021 08:23
279

İmam Rza (ə) vətəni Mədinədən çox uzaqlarda, Xorasanın Tus şəhərində qərib halda şəhid olduqdan sonra şəhərin adını Məşhəd, yəni “şəhid olunan yer” qoyublar.

Ambur.az SalamNews-ə istinadən xəbər verir ki, bu gün səfər ayının otuzudur. Səkkizinci imam məhz bu gündə tarixi Tus adlanan indiki Məşhəd şəhərində Abbasi hakimiyyəti tərəfindən zəhərlənərək şəhid edilib.

İmam Rza (ə) hicrətin 148-ci ili (təqribən miladi 775-ci ildə) zil-qədə ayının 11-i İmam Museyi-Kazimin (ə) və Tuktəm xanımın evində dünyaya göz açıb. Həzrət (ə) anadan olduqdan sonra İmam Kazim (ə) xanım Tuktəmə Tahirə ("Pak”) adı verir. İmamın (ə) adı Əli, ləqəbi isə Rza olub.

Həzrət Rza (ə) otuz beş yaşında ikən atası İmam Kazim (ə) Bağdad zindanında xəlifə Harun ər-Rəşidin əmrilə zəhərləndirilərək şəhadətə çatdırılır. Təxminən 810-cu ildə İmamət vəzifəsi Həzrət Rzanın (ə) boynuna düşür. Məxzumi rəvayət edir ki, İmam Kazim (ə) bir gün səhabələrini çağırıb belə söylədi: "İstərdim ki, mənim oğullarımdan onun (İmam Rzaya (ə) işarə edərək) mənim vəsim və varisim olduğuna şahid olasınız”. Digər rəvayətlərdə isə deyilir ki, İmam Kazim (ə) Yəzid ibn Səlid adlı səhabəsinə buyururb: "Məndən sonra işlər Əliyə keçəcək. Onun adı birinci İmam Əli ibn Əbu Talib (ə) və dördüncü İmam Əli ibn Hüseynin (ə) adı kimidir”. Daha sonra çətin siyasi durumu və xəlifənin İmam Rzanı (ə) qətlə yetirmək təhlükəsini nəzərə alaraq İmam (ə) bu- yurur: "Ey Yəzid! Sənə dediklərimi sirr olaraq saxla və səmimiyyətlərində əmin olmaduğun insanlardan başqa heç kəsə bunu söyləmə”. Atasının şəhadətindən sonra İmam Rza (ə) öz imamətini açıqca bəyan etdi. Hətta səhabələrdən bəziləri bu cür açıqlığın onun həyatına təhlükə yaradacağından ehtiyatlanırdılar. Səfvan ibn Yəhya nəql edir ki, imamət tərəfdarları İmam Rzaya (ə) müraciət edərək belə dedilər: "Sən öz ali məqsədin barədə çox aşkar danışırsan, indi isə biz qorxuruq ki, bu şeytan (Harun ər-Rəşid) sizə xəsarət yetirər”. Ancaq İmam (ə) Harunun ona heç bir zərər yetirməyəcəyini söyləmişdi. Elə də oldu, xəlifə Harun İranın şərqində baş verən üsyanı yatırtmaq üçün qoşunla yola düşür və Tus şəhərində xəstəlikdən ölür. Bütün ehtimallara rəğmən, o, İmamı (ə) qətlə yetirə bilmir.

Onunla (ə) üç Abbasi xəlifəsi Harun ər-Rəşid, Məhəmməd Əmin və Məmun eyni zamanda yaşayıblar. Məmunun hakimiyyətinə kimi İmam (ə) vətəni Mədinədə yaşayıb, daha sonra xəlifə onu Xorasana aparır və burada onu şəxsən özü zəhərləyərək şəhid edir.

Oxşar xəbərlər