Bu gün şəhid baş gizir İntiqam Abbasovun doğum günüdür

21 Sen 2021 12:55
275

İntiqam Yavər oğlu Abbasov 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köcəkli kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan İntiqam Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İntiqam Abbasov sentyabr ayının 29-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Masallı rayonunun Köcəkli kəndinə gətirilib və kənd qəbiristanlığnda böyük izdihamla dəfn olunub. Ailəli idi. Bir oğlu və bir qızı Vətənə əmanət qaldı.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, baş gizir Ramil Mərdan oğlu Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Bundan öncə isə o, III dərəcəli "Qüsursuz xidmətə görə" və "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                            Ambur.az

Oxşar xəbərlər