Bu gün şəhid Məhəmməd Vəliyev və şəhid Rameş Zəkiyevin doğum günüdür

27 İyn 2021 02:28
377

Ambur.az xəbər verir ki, bu gün Vətən Müharibəsinin şəhidləri Məhəmməd Vəliyev və Rameş Zəkiyevin doğum günüdür.  

Məhəmməd Nail oğlu Vəliyev 1996-cı il iyunun 27-də Masallı rayonunun İmanlı kəndində anadan olub. Binə Xocavar kənd tam orta məktəbində təhsil alıb. 2014-cü ildə Masallı rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb. 2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı olub və həmin ildə ehtiyata buraxılıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinin könüllü iştirakçısı olub və  Füzuli və Qubadlı rayonlarının alınması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə vuruşub. Əsgər Məhəmməd Vəliyev oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub və nəşi Masallı rayonunun Çaxırlı kəndinə gətirilərək, kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Ailəli idi. Əkiz uşağı yadigar qalıb...

Rameş Gülverdi oğlu Zəkiyev 27 iyun 2001-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 2019-cu ildə Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınıb. 2020-ci ilin sentyabr ayında başlayan Vətən Müharibəsinə qatılıb və Ağdam rayonu uğrunda gedən ağır döyüşlərdə düşmənə qarşı vuruşub. Əsgər Rameş Zəkiyev oktyabrın 15-də şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.
                              Ambur.az

Oxşar xəbərlər