Bu gün şəhid olan əkiz qardaşların doğum günüdür

20 Apr 2021 12:58
195

Bu gün eyni gündə anadan olub, eyni gündə şəhid olan Allahverdiyev Nazir və Tacir qardaşlarının doğum günüdür

Bu barədə ambur.az-a sosial şəbəkədə hər gün şəhidlərimiz haqqında məlumat paylaşan Aytən xanım məlumat verib. Aytən xanımın verdiyi məlumata görə Allahverdiyev Nazir və Tacir Xasay oğulları 20 aprel 2001-ci il Ağdam rayonunun Çullu kəndində dünyaya gəliblər. Ailədə 10 uşaq olublar. Əkizlər sonbeşikdirlər. Orta təhsilini eyni məktəbdə təhsil alıblar. Heç zaman birbirindən ayrılmazdılar. Uşaqlıqdan çox vətənpərvər olublar. 27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsində Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması uğrunda gedən döyüşlərdə də bir yerdə iştirak ediblər. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstəriblər.

Döyüşdə topçu kimi iştirak ediblər və düşmən qüvvələrini darmadağın ediblər. Əkiz qardaşlar dünyaya eyni gündə gəldikləri kimi şəhidlik məqamında da bir-birilərindən ayrılmayıblar. Eyni gündə, eyni ərazidə şəhid olublar. Onların hər ikisi Oktyabr ayının 24-ü Füzuli döyüşləri zamanı canlarını Vətənə fəda ediblər. Hər iki qardaş Ağdam rayonunun Çullu kəndində canlarını uğrunda qurban verdikləri Vətən torpağına əmanət ediliblər.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Ağdam rayonunun Çullu kəndində anadan olan Nazir və Tacir Xasay oğulları ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunublar. Allah qəhrəman şəhid əkiz qardaşlara rəhmət eləsin. Vətən sağ olsun!              

Oxşar xəbərlər