Bu gün toyunda özünə şəhid olmağı arzulayan şəhid Pəncəlinin doğum günüdür

24 Mrt 2021 12:21
435

"...Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".

Ambur.az bildirir ki, bu sözləri toyunda özünə şəhidlik arzulayan Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Pəncəli Teymurov deyib.

Pəncəli Nurməhəmməd oğlu Teymurov 24 mart 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində anadan olub. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 1986-cı ildə Astara rayon şəhid B.Rüstəmov adına Asxanakəran tam orta məktəbin 1-ci sinfə gedib və 1998-cu ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Təhsilini başa vuran Pəncəli 1999-cu ildə Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Xidmətini başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət etmək qərarına gəlib və Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan Ordusunda şərəflə xidmət edib. 

Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçi məhv edilmişdi. Bu əməliyyatda göstərdiyi yüksək bacarıq, peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Bundan başqa qəhrəman Pəncəli II dərəcəli "Qüsursuz xidmətə görə", III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Vətən uğrunda", və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə də təltif edilmişdir. 

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları- Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Həmin ayın 11-i şəhidin nəşi doğulduğu Astara rayon Əzərüd kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı. 

Şəhidimiz 2013-cü ildə ailə həyatı qurmuşdur. Toyunda "Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın" -demişdi. 

2020-ci ildə çəkilmiş "Anamın kitabı" serialının bir səhnəsində şəhidin xatirəsi yad edilmişdir. Allah rəhmət eləsin. Vətən sağ olsun!

Oxşar xəbərlər