Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizir İntiqam Əsgərlinin doğum günüdür - VİDEO

16 Avq 2021 16:39
167

Bu gün II Qarabağ müharibəsinin şəhidi, "Vətən Müharibəsi Qəhrəmanı" gizir İntiqam Əsgərlinin doğum günüdür

Ambur.az bildirir ki, İntiqam Bayram oğlu Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. 1997-2008-ci illərdə S.Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. 2011-ci ildə Quru Qoşunlarının "Gizirlik" kursunu bitirmiş, 2014-cu il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlamışdır. 2015-ci il Türkiyədə kəşfiyyat kursunu bitirmişdir.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı İntiqam Əsgərli Xüsusi Təyinatlı Qüvvələrin giziri idi və Talış kəndi istiqamətində döyüşürdü. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşürdü. Qardaşı ilə birgə döyüş meydanından şəhidlərimizin, həmçinin, polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun nəşini çıxarmışdır. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qardaşı Nurlan Əsgərli şəhid olmuşdur və İntiqam Əsgərli onun nəşini özü döyüş meydanından çıxartmışdır. 

İntiqam Əsgərlinin dediklərindən:
"Komandirimizi (Raquf Orucovu) şəhid gördüyümüzdən ikimiz də çox sarsılmışdıq. Müəyyən bir məsafəyə qədər aparıb, arxada bizi gözləyən əsgərlərə təhvil verdik, sonra Vüqar Yusifovu çıxarmağa getdik.
Elə bu vaxt yenə də bizim tərəfə mərmi düşdü. Torpağın toz-dumanı çəkiləndən sonra, baxdım ki, Nurlan yoxdu.
Elə bu vaxt yenə də bizim tərəfə mərmi düşdü.
Onun yıxıldığı istiqamətə qaçdım. Qardaşım yaralanmışdı.
Fikirləşdim ki, üstümdəki tibbi ləvazimatla ona yardım edə bilərəm...
Mən Nurlana çatanda, hələ canını tapşırmamışdı...
Onu qollarımın arasına aldım... 30 saniyədən sonra qardaşım şəhid oldu..."

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan İntiqam Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş əslən Masallı rayonunun Viləş kəndində anadan olan şəhid gizir Əsgərli İntiqam Bayram oğluna ölümündən "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş və "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Bundan öncə isə o, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. 

İntiqam Əsgərli ailəli idi, ölümündən əvvəl Nur adlı qızı, ölümündən sonra öz adını daşıyan İntiqam adlı oğlu doğulmuşdu.

Qeyd edək ki, şəhidin qardaşı, Azərbaycan Silahlı Qüvvələrinin giziri Nurlan Bayram oğlu Əsgərli 2016-cı ildə "Aprel döyüşləri" zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir. 

Nurlan Əsgərli 3 dekabr 1995-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. Orta təhsil zamanı idmanla, xüsusilə, boksla və cüdoyla məşğul olmuşdur. Rayon üzrə cüdo və boks çempionatlarından 1-ci və 3-cü yer tutaraq qayıtmışdır. Orta məktəbi bitirdikdən sonra 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ilin aprel ayında kəşfiyyatçı kursuna daxil olmuşdur. Həmin ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirmişdir. Xidmətinə görə gizir rütbəsi almışdır.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Nurlan Əsgərli Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Nurlan Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir İntiqam Əsgərli ilə birlikdə döyüşürdü.

Aprelin 5-i isə Nurlan Əsgərli doğulduğu Masallı rayonunun Viləş kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Əsgərli uğrunda şəhid olduğu torpağa tapşırılır.

<span>Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizir İntiqam Əsgərlinin doğum günüdür -</span><span xss=removed> VİDEO</span>

Oxşar xəbərlər