“...Bu qanunauyğunluq şəhadətinə də siraət etdi. Oktyabrın 9-da şəhid oldu, noyabrın 7-də tarixə yazıldı“. - Şəhid Həsən Qasımov

08 May 2021 15:04
463

Həsən Şöhrət oğlu Qasımov 15 may 1997-ci ildə Hacıqabul rayonunun Tağılı kəndində anadan olub. Uşaqlıq illərini kənddə keçirib. 2003-cü ildə Hacıqabul rayon Əziz Cəfərova adına Tağılı kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2014-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurub. 2016-cı ilin yanvar ayının 25-da Hacıqabul rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunun Ballıqaya kəndində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Həsən bir müddət orada xidmət etdikdən sonra rayonun Aşağı Ağcakəndində yerləşən "N" saylı hərbi hissəyə xidmətini davam etdirməyə göndərilib. 2017-ci ilin iyul ayının 11-də Vətən borcunu fərqlənmə ilə bitirərək evinə, ata-anasının yanına qayıdır. 2018-ci ilin iyul ayının 3-dən AQRO DAİRY MMC şirkətində mühafizəçi "security" vəzifəsində işə başlayıb. İşində olduqca məsuliyyətli, diqqətcil biri olub. Qısa zamanda mərdliyi, cəsurluğu, düzlüyü ilə iş kollektivi arasında böyük hörmət qazanıb. 

2020-ci ilin setyabr ayından etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi zamanı, həmin ayın 21-də Həsən işdə olarkən Hacıqabul rayon Hərbi komissarlığı tərəfindən çağırılır və təlimlərdə iştirak etmək səbəbi ilə Beyləqana yola salınır. Elə bu vaxtdan başının üstünü qara buludlar alır. Müharibə başlayan gündən ön xəttə ən qızğın döyüşlərdə -Füzuli istiqamətində mərdliklə son damla qanına qədər döyüşür. Xəstə olduğu halda, komandirinin təkid etməsinə baxmayaraq, döyüş yoldaşlarını saxlayıb müalicə almaq üçün hərbi hospitala getməkdən imtina edir. Oktyabr ayının 9-da, səhər saat 09:22 radələrində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Qasımov Həsən Şöhrət oğlunun nəşi noyabr ayının 7-də doğulub, boya-başa çatdığı Hacıqabul rayonunun Tağılı kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. Şəhidimiz 2019-cu ilin iyul ayının 15-də ailə həyatı qurmuşdu, ondan geriyə sadəcə 15 aylıq ailə həyatı qalır.

Şəhidin həyat yoldaşı Aytəkin xanım xatırlayır: "Yoldaşım cəbhəyə yolla düşəndə mənə son sözü "Aparırlar aparsınlar. Ya öləcəyik, ya qalacağıq. Qismət" -oldu. Sonuncu dəfə oktyabr ayının 8-də, saat 15:00-da mənimlə əlaqə saxladı. O gündən sonra heç bir xəbər almadım, noyabr ayının 7-də yoldaşımın şəhid xəbəri gəldi. O günə qədər dayanmadan axtarırdıq. Şəhidimizin həyatında diqqət çəkən məqamlardan biri budur ki, həyatındakı çox şey ikili xarakter daşıyırdı: Adı Həsən olsa da, ailədə Məhərrəm deyə çağırılar, doğum günü may ayının 27-də olsa da, 15 mayın 15-də qeyd edilərdi. Bu qanunauyğunluq şəhadətinə də siraət etdi. Oktyabr ayının 9-da şəhid oldu, noyabr ayının 7-də tarixə yazıldı. Uşaqlıqdan maşına böyük həvəsi olan Həsən sürücülük vəsiqəsi almaq üçün pul yığırdı. İndi həmin pul kassası yarım qaldı, ürəyində qalan arzuları kimi...".

"Bilsəydim arzusunda olduğum jurnalist qələmim mənə vaxt gələcək mürəkkəbini ağ sətirlərə bunları yazmaq üçün axıtdıracaq, o qələmə həyatım boyu yaxın düşməzdim!"
    Müəllif: Şəhidin həyat yoldaşı Aytəkin Qasımova

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Hacıqabul rayonunun Tağılı kəndində anadann olan Həsən Şöhrət oğlu Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                 Ambur.az

Oxşar xəbərlər