Cəbrayıl uğrunda şəhid olan müharibənin könüllü iştirakçısı - Mirzəyev Ülvi

11 May 2021 21:56
80

Ülvi Üzeyir oğlu Mirzəyev 10 may 2000-ci ildə Siyəzən rayonunun Yenikənd kəndində anadan olub. Ailədə 4 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2007-ci ildə Siyəzən rayon V.Qasımov adına Yenikənd kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2018-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Təhsilini başa vurduqdan sonra Siyəzən raon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınıb. Xidmətini başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdan Ülvi "Giləzi" quşçuluq sexində işləməyə başlayıb. 

27 sentyabr 2020-ci ildə 44 günlük II Qarabağ müharibəsi başlayan zaman Ülvi həmin ayın 21-də Siyəzən rayon Hərbi komissarlığı tərəfindən təlimə yola salınır. Müharibənin ilk günündən döyüşlərdə iştirak edən qəhrəman Ülvinin döyüş yolu Füzuli istiqamətindən başlayır. Füzuli və Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə iştirak edir, düşmənə sarsıdıcı zərbələr endirir və onlarla canlı qüvvəsini məhv edir. Oktyabr ayının 10-da Cəbrayıl uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Yenikənd kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Siyəzən rayonunun Yenikənd kəndində anadan olan Ülvi Üzeyir oğlu Mirzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə"  və "Vətən uğrunda"  medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                       Ambur.az

Oxşar xəbərlər