Cənginəvud kəndinin qəhrəman şəhidi Ceyhun Səfərov

25 Fev 2021 15:19
620

Ceyhun Akif oğlu Səfərov 12 iyun 1995-ci ildə Lerik rayonunun Cənginəvud kəndində anadan olmuşdur. 1 bacı 3 qardaş olmaqla ailədə 6 nəfər olublar. Ceyhun evin son beşiyi olub. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2001-ci ildə Lerik rayonu Vizəzəmin kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2012-cu ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Təhsilini başa vurduqdan sonra bir müddət təsərrüfatla məşğul olmağa başlayıb. 2013-cü ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Ceyhun Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəə göndərilib. 2015-ci ildə xidmətini başa vurduqdan sonra evinə, ailəsinin yanına qayıdıb. Ata-anasına kömək etmək məqsədilə bir çox yerlərdə -Bakının Türkan qəsəbəsində tikintidə fəhlə, marketdə satıcı, Sədərək TM-də işləyib. Bir müddət xaricə -Türkiyəyə işləməyə gedib. Ən son iş yeri "Vasmoy" bazarında olub. 

Ceyhun 2-ci Qarabağ müharibəsində, 2020-ci il 27 sentyabrdan etibarən başlayan müharibədə iştirak etmək üçün 19 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və müharibədə iştirak edir. Füzuli, Cəbrayıl, Zəngilan uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Ceyhun 19 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonu Cənginəvud kəndinə gətirilir və 20 oktyabrda kənd qəbiristanlığında torpağa tapşırılır.  

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Cənginəvud kəndində anadan olan könüllü əsgər Ceyhun Akif oğlu Səfərov ölümündən sonra "Cəbrayılın azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                     Ambur.az

Oxşar xəbərlər