Cənub bölgəsinin tanınmış din xadimləri (XIX-XX əsrlər)

13 Sen 2021 13:17
383

              Xülasə
İslam dininin təşəkkül tapdığı gündən dövrümüzədək Azərbaycanın görkəmli zəka sahibləri İslam elminin inkşaf etməsində müstəsna xidmət göstərmişlər. Tarixi mənbələrdə deyildiyi kimi, uzun illər alimlər fətvalarını Bakıdan, Naxçıvandan, Ərdəbildən, Lənkərandan, Gəncədən, İrəvandan və onlarla bu kimi şəhərlərdən müsəlmanlara çatdırıblar. Belə tanınmış alimlər haqqında ayrı-ayrı kitablarda məlumat verilsə də onların heç də hamısı haqqında geniş elmi araşdırmalar aparılmamışdır. Hazırda İraqın Nəcəf, İranın Qum və Məşhəd şəhərlərində Azərbaycandan olan çoxlu din alimlərinin məzarları vardır. Əfsuslar olsun ki, bu cür böyük alimlərin adları kitablara düşməmişdir. Azərbaycanda Sovet hökümətinin qurulması və hakim olan siyasət nəticəsində ruhanilər doğma vətənindən didərgin düşmüş, öz adlarını dəyişərək qürbət ölkələrdə nəzərdən yayınmış və bəziləri isə kommunist hakimiyyətinin istəyi ilə məxfi şəkildə qətlə yetirilmişlər.

Cənub zonası öz növbəsində Azərbaycan ruhaniliyinə daim töhfəsini vermişdir. Həqiqi islami dəyərlərlə yaşayan din xadimlərimiz təkcə islam dəyərlərini xalqa çatdırmamış, təhsil mərkəzlərində dünyəvi elmləri də tədris etmiş, elmi əsərlər yazmış, lazım olduğu təqdirdə əhalini düşmənə qarşı vuruşmada səfərbər etmiş və özləri də ön cərgələrdə düşmənə sinə gərmişlər.

Vətənimizin bütün bölgələrindən olan insanlar elm və mədəniyyətimizin inkişafında öz xidmətlərini göstərmişlər. Cənub bölgəsinin dini tarixi araşdırılarkən məlum olur ki, sözügedən bölgənin sakinləri daha çox dini mədəniyyətimizə öz töhfəsini vermişdir. Buna görə də məqalədə cənub bölgəsində XIX-XX əsrlərdə yaşamış ruhanilər və din xadimləri haqqında tədqiqat aparılmışdır. Tədqiqat zamanı arxiv sənədlər, əlyazma mənbələr və xalqın yaddaşına daha çox istinad edilmişdir.

              Giriş
Cənub bölgəsində yetişmiş bir neçə din xadiminin adlarına nəzər saldıqda, onların arasında Masallının Ərkivan kəndindən Şeyx Bəşir, Seybətin kəndindən Şeyx Əsədullah, Qızılavar kəndindən Şeyx Ələsgər, Boradigahdan Şeyx Məhəmməd, Babaser kəndindən Şeyx Qüdrət, Lerikin Mondigah kəndindən Molla Səməd (XIX əsrin əvvəllərində Lənkəran qəzasında dini məktəbin yaradıcısı)  Şeyx Heydər, Şeyx Vahab, Perzora kəndindən Şeyx Camal, Zenoni kəndindən Şeyx Qələm (Molla Qulamrza), Veri kəndindən Mirkərim Axund, Hoveri kəndindən Molla Hüseyn, Lənkərandan Mirzə Məhəmmədhüseyn axund, Zövlə kəndindən Molla Baba Axund, Cil kəndindən Şeyx Qüdrət, Gərmətük kəndindən Axund Molla Yunus, Astaranın Siyətük kəndindən Şeyx Talış, Şiyəkəran kəndindən  Molla Mirhaşım, Yardımlıdan Molla Pişan kimi din xadimlərinin adlarına rast gəlirik.

Adlarını qeyd etdiyimiz bu və ya digər din xadimləri öz dövründə daim İslamda orta yol sahibləri olmuşlar. Cəmiyyətə həqiqi islami dəyərləri təbliğ edərək, onları haqqa-ədalətə səsləmişlər. Bu alimlər sırasında aşağıdakı din xadimləri öndə gedən ruhanilər olmaqla xalqın yaddaşında silinməz izlər buraxmışlar. Qısa bir araşdırma nəticəsində adlarını sadaladığımız şəxslər XIX-XX əsrlərdə ilahiyyat elmlərinin biliciləri kimi xalqın yaddaşında qalmış, Azərbaycan ilahiyyatşünaslığının inkişafına öz töhfələrini vermişlər. Bunu biz onlardan yadigar qalmış əlyazmalarda və xalqın yaddaşına həkk olmuş xütbə və moizələrdə görə bilərik.

Orta əsrlərdən başlayaraq yazılı ədəbiyyatmızda mənəvi dəyərləri təbliğ edən mövzulara daha geniş yer ayrılmışdır. Bunların sırasında dünya miqyasında tanınan Şeyx Nizami Gəncəvini (1141-1209), Səfəviyyə təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin Ərdəbilini (1252-1334), digər sufi-mistik ideya sahibi Şeyx Mahmud Şəbustərini (1287-1320), Quran motivləri əsasında ana dilimizdə əsərlər yaratmış Suli Fəqih və Mustafa Zəririni (hər ikisi XIV əsr), qəzəllərində Əhli-beytin (ə) fəzilətini məhəbbətlə vəsf etmiş Seyid İmadəddin Nəsimini (1369-1417), Azərbaycanın böyük dövlət xadimi və şairi Şah İsmayıl Xətaini (1487-1524), Qərb şərqşünaslığında “qəlb şairi” kimi tanınan Şeyx Məhəmməd Füzulini (1494-1556) və başqalarını görmək mümkündür. 

Bu ənənə XIX əsrdə Raci, Qumri, Süpehri, Şüai, Dəxil, Dilsuz, Nigari kimi şairlərin yaradıcılığında özünü bir daha birüzə vermişdir. Sırf mərsiyyə poetik janrını ərsəyə gətirən şairlərmizlə yanaşı, Seyid Əbülqasım Nəbati (1812-1873), Seyid Əzim Şirvani (1835-1888), Xurşudbanu Natəvan (1830-1897), Qasım bəy Zakir (1784-1857) və bu kimi maarifçi ədəbiyyatımızın formalaşmasında mühüm rol oynamış şairlərimiz də öz yaradıcılıqlarında dini-şəriət qayda-qanunlarını, əxlaqi məsələləri, Quranın bəlağət və fəsahətini geniş təbliğ etmişlər.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abbasqulu ağa Bakıxanov (1794-1847) çar Rusiyasının dövlət işində mühüm vəzifə tutsa belə bu mövzuya rəğbətlə yanaşmış, “Nəsihətnamə” əsərini ərsəyə gətirmişdir. Mükəmməl dini təhsil görmüş din xadimlərimizin yaradıcılığında dini, əxlaqi dəyərlər geniş təbliğ olunmuşdur. 

1.Vəssaf Lənkərani (1863-1925)Azərbaycan ruhaniliyi tarixində nüfuzlu din xadimlərindən biri 1863-cü ildə Lənkəranın Kosalar kəndində ruhani ailəsində anadan olmuş Şeyx Rəcəb Vəssafdır. Lənkəran haqqında ensiklopedik məlumata malik, ağsaqqal ziyalı, ədəbiyyatşünas alim Hacı Mirhaşım Talışlının qeyd etdiyinə görə, Mirzə Rəcəb Kazım oğlunun yazdığı “Nəsihətnamə” A.Bakıxanovun yaratdığı eyni adlı əsərindən heç də geri qalmır.

Şeyx Rəcəbin atası Kazım kişinin Cabbar və Nəcəfəli adında iki oğlu da olmuşdur. Şeyxin babası Baxşəli (?-1847) Lənkəran qəzasının Dırığ mahalının Bilnə kəndindən (hazırda Lerik rayonunun Bilnə kəndi) Lənkəranın Kusə (Kosalar) kəndinə köçmüş, dövrünün tanınmış el ağsaqqallarından biri olmuşdur. Bu şəcərənin İslama bağlılığı Rəcəbin uşağlıqdan dini təhsil almasına da təsir etmişdir.

Şeyx Rəcəb ilk təhsilini Lənkəran mədrəsəsində almış, sonra Nəcəfül-əşrəfdə dini təhsilini tamamlamışdır. Nəcəfdən qayıdarkən yüksək dərəcəli elmə yiyələnməsinə baxmayaraq, Tehranda “Madərşahi-qədim” mədrəsəsində bir müddət yenidən təhsil almış, Şərq poeziya və fəlsəfəsinin sirlərinə dərindən bələd olmuşdur (Quliyev (1) 2014, 36).

Lənkərana qayıtdıqdan sonra dərin biliyi, elmi və fəsahətli çıxışı ilə seçilən Molla Rəcəbə hörmət əlaməti olaraq “Mirzə” deyilmişdir. Mükəmməl dini savada, gözəl səsə malik olan Mirzə Rəcəb həftədə iki dəfə şəhərin “Kiçik bazar” məscidində azan verər və camaatla qılınan namaza imamlıq edərdi.

1893-cü ildə yazdığı 301 beytlik didaktik şeirlərdən ibarət “Əxlaqnamə” əsəri bir sıra dini və əxlaqi dəyərləri ehtiva edir. “Əxlaqnamə”də insanın daxili aləmini nurlandıran doğruçuluq, əməksevərlik, nəfsə uymamaq, bilikli, düz danışan olmaq, bir sözlə İslam dininin bəyəndiyi xüsusiyyətləri ehtiva olunmuşdur. Əsər din xadiminin nəfis dəsti-xəttiylə fars dilində məsnəvi formasında yazılmış, Lənkəran şəhər 1 nömrəli orta məktəbin fars dili müəllimi mərhum Ağaxan Quliyev (1955-1984) tərəfindən sətri tərcümə olunmuşdur. M. Talışlının təşəbbüsü ilə Şəkər Aslan (1937-1995) əsəri nəzmə çəkərək Azərbaycan dilinə tərcümə etmişdir. “Əxlaqnamə” əsəri AMEA-nın Əlyazmalar İnstitutunda qorunub saxlanılır.

VII əsrdə Ərəbistanda İslam dini təşəkkül tapdıqdan sonra bu dini qəbul edən insanlar arasında elmə marağın daha yüksək olması, yeni ixtiraların edilməsi müşahidə olunurdu. Bu hallar bir daha İslamın elmə və təhsilə verdiyi üstünlüklərdən irəli gəlirdi. Mirzə Rəcəb aldığı yüksək biliyi xalqa çatdırmaqdan zövq alırdı. Quranın xəbər verdiyi elmi məlumatları, Peyğəmbərin (s) hədislərində tərənnüm olunan elmin fəzilətləri geniş təbliğ edirdi. Elmə və təhsilin üstünlüyünü, elmli olan hər bir kəsin yüksək mövqeyə malik olmasını bu cür ifadə etmişdir:
 
Gənclikdən toxnəfs ol, bir doğru yol seç,
Sonra qocalıqda gec olacaq gec....
Ömrün baharını duy, sevin, yaşa,
Pərt olma bir zaman çatanda qışa.
Başın uca olsun həyatda deyə,
Qoy başın qarışsın elmə, biliyə!
Çalış, elm qazan, sən aydın-açıq,
Gərək olsa sən uzaq səfərlərə çıx.
Açarı bilikdir saf ləyaqətin,
O açarı tapmaq çətindir-çətin!
Başında elmdən tac olsa əgər,
Həyatda kim sənin başını əyər.
Kimin ki, elmi var, biliyi vardır,
Taytuşlar içində o bəxtiyardır.

Tövhid səmavi dinlərin əsas prinsiplərindən biri olmaqla ilahi elçilərin təbliğat vasitəsi olmuşdur. Qurani-Kərimdə ən çox toxunulan mövzulardan biri də, Tövhid - Allahın yaradan kimi şəriksiz olması məsələsidir. Qurani-Kərimdə oxuyuruq: “(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: "Məndən başqa heç bir Tanrı yoxdur, buna görə də yalnız Mənə ibadət edin!" - deyə vəhy etməyək” (Qurani-Kərim 1991, Ənbiya, 25).

“Əxlaqnamə” əsərində də bu məsələ diqqətdə saxlanılmış, ixlaslı olaraq ibadətin əvəzsiz olması vurğulanmışdır:

Xoşbəxtlik istəsən, oğul qulaq as,
İbadət etməkdə tənbəllik olmaz.
Hər gün ibadət et, sözümə baxsan,
Böyük səadətə tez çatacaqsan..
Fikrinə gətirmə heç vaxt riyanı,
Hər gün pərəstiş et, Allahı tanı.
Riyanın şəriki, hiylədir, şərdir,
Bu vadidən keçmək böyük hünərdir.
Çalış küfr demə, özünə yol aç,
Günahın odundan tüstü kimi qaç.

Mirzə Rəcəb yaratdığı əsərlərdə “Vəssaf” (vəsf edən) təxəllüsündən istifadə etmişdir. “Əxlaqnamə” əsəriylə yanaşı, onun tibbi mövzuda “Dişə qulluq etmək qayadası” barədə 8 səhifəlik bir kitabçası da vardır. Bu kitabça da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilir.
Zəmanəsinin böyük din xadimlərindən olan Mirzə Rəcəb Vəssaf 1925-ci ildə vəfat etmiş, Lənkəranın Kosalar kəndində torpağa tapşırılmışdır. Hazırda Lənkəran şəhərinin küçələrindən biri Mirzə Rəcəb Vəssafın adını daşıyır. Mirzə Rəcəb Vəssaf bu gün də unudulmur, məclislərdə böyük ehtiramla yad olunur, zəngin irsi gənclərə çatdırılır (Quliyev (2) 2014, 5).

2.Qara Axund (1869-1948)Şeyx Yusif 1869-cü il (Məzar daşında 1860-cı il göstərilmişdir) Lənkəran qəzası Qamətuk (indiki Gərmətük qəsəbəsi) ərazisinin Viyən kəndində Kərbəlayi Əmirin ailəsində dünyaya göz açmışdır. Əmirin Yusifdən başqa Musa, İsa və Xəlil adlı oğlanları olmuşdur. 

İlk mədrəsə təhsilini doğma Lənkəranda alan Yusif ərəb və fars dillərində mükəmməl yazıb oxumağı bacarırdı. Gənc yaşlarında Ərdəbil şəhərinə təhsil almağa getmiş və müvəffəqiyyətlə mədrəsəni bitirmişdir. 1897-ci ildə İranın Tehran Universitetinin ilahiyyat fakültəsinə daxil olmuş, təhsil illərində “danışmənd” (alim) təxəllüsünü qazanmışdır. Universiteti bitirdikdən sonra Nəcəfül-əşrəfdə dini-elmi hövzədə təhsilini davam etdirərək “Ayətullah” elmi dərəcəsini almışdır. Şeyx öldüyü günədək Ayətullah və ictihad dərəcəsində olmasını gizli saxlamışdır. 
Şeyx Yusif dini elmlərlə yanaşı, fiqh, nücum, coğrafiya, təbabət, cəbr və şərq ədəbiyyatını mükəmməl mənimsəmiş, xəttatlığı gözəl bacarmış və dəsti xəttiylə çoxlu elmi əsərlər ərsəyə gətirmişdir. Sovet dövrünün qadağaları, təqibləri nəticəsində əsərlərinin heç biri bizə gəlib çatmamışdır. 

Tehranda təhsil alarkən iranlı Hacı Mirzə Mövsüm Nəvvabın qızı Sahibi Sultan Sara xanımla ailə qurmuş, bu evlilikdən iki oğlu - Əhməd və Mahmud dünyaya gəlmişdir. Mahmud körpə ikən Sara xanım dünyasını dəyişmiş, Viyən kənd qəbristanlığında dəfn edilmişdir.
Şeyx Yusif övladlarına arxa olmaq üçün qonşu Aşağı Nüvədi kəndində dul qadın, iranlı Məsumə xanımla evlənmişdir. İkinci evlilikdən Murtuza adlı oğlan dünyaya gəlmişdir. 
Hazırda Şeyxin nəvə-nəticələri Viyən, Aşağı Nüvədi kəndlərində, Lənkəran və Bakı şəhərlərində yaşayırlar. Şeyxin bir nəvəsi onun adını daşıyır. Soy kökündən olanlar Şeyxin adına layiq Allaha ibadət edir, təqvalı olmaları ilə seçilirlər. 

Şeyx Yusif uzun illər Astara rayonunun Ərçivan kənd və Lənkəranın Aşağı Nüvədi qəsəbə məscidlərində axundluq etmişdir. Tarixçi İsfəndiyar Cəfərov yazır: “Lənkəran şəhərində Molla Yaqubun evində tez-tez elmi məclislər keçirilirdi. Burada dini və dünyəvi elmlərin müxtəlif sahələrinə aid mübahisələr olurdu. Axund Şeyx Yusif məclisin fəal üzvlərindən biri idi”.
Şeyx Yusifin xalq arasında “Qara Axund” kimi tanınması əslində rənginin qara olması ilə bağlı deyildir. Şeyxin yadigar qalan şəkilləri və onu görənlər çöhrəsinin qara olmaması haqqında məlumat verirlər. Fikrimizcə, Axund sözünün əvvəlində işlənən “Qara” “əzəmət”, “daha savadlı” və “uca məqamlı” anlamını daşıyır. (Quliyev (3) 2018, 76)

Şeyx Yusif savadı və dünyagörüşü ilə yanaşı, dövrünün nüfuzlu ariflərindən olmuşdur. Kəraməti barədə bir sıra rəvayətlər mövcuddur. Bu rəvayətlər Şeyxin nəcib və əxlaqi keyfiyyətlərə malik olmasından xəbər verir. Rəvayətlərdən birində deyilir ki, Şeyx Yusif qabaqcadan Almaniya ilə Sovet İttifaqının  müharibə edəcəyini, SSRİ-nin qələbə çalacağını xəbər vermiş, bu müharibəni təlatümlü dənizə bənzətmişdir. Bu xəbəri eşidən dövlət nümayəndələri Şeyxdən iltizam almış, belə olmadığı təqdirdə güllələnəcəyini bildirmişdilər. Deyilənlər düz çıxdığından NKVD rəisi Şeyx Yusifə açıq şəkildə mollalıq etməsinə icazə vermişdir.

Əhməd həbs olunarkən oğlu Murtuza ona belə bir sual vermişdir: “Ata, Əhməd həbs edilərək, ölümə məhkum olunub. Bununla bağlı nə deyə bilərsən?” Şeyx: “Oğlum Əhməd sağdır, ancaq bilirəm ki, mən onu görməyəcəm”, deyib cavablamışdır. Axundun ölümündən sonra Əhməd belə demişdir. “Ölüm kamerasında doqquz nəfər idik, səkkizi getdi mən qaldım. Səhər saat 10-da məni də çıxartdılar. Həmin gecə yuxu da atamı görmüşdüm. Mənə dedi ki, “narahat olma, bəraət alıb azadlığa çıxacaqsan”.

Digər rəvayət isə Şeyxin cəsədinin müəmmalı şəkildə qəbirdən çıxardılaraq aparılması ilə bağlıdır. Şeyx Yusifin dəfnindən üç gün sonra anbar gözətçisi (Həmin dövrlərdə Aşağı Nüvədi qəsəbə məscidi anbar kimi fəaliyyət göstərirdi.) dörd nəfər naməlum şəxsin Şeyxin qəbrini qazdığını, mübarək cəsədini xalçaya bənzər bükülüyə qoyaraq özləri ilə cənuba doğru apardığını görmüşdür. Bu barədə gözətçiyə heç yerdə və heç kimə danışmamaq tapşırılıb. Gözətçi isə üç gün dözmüş, lakin gördüklərini Şeyxin 7 mərasimində danışmışdır. Səhəri gün kəndə gözətçinin ölüm xəbəri yayılmışdır. Yaşlı nəslin dediyinə görə qəbri təmir edərkən, onun boş olduğunu görüblər. 
Şeyx Yusif 1948-ci ilin noyabr ayının 19-da vəfat etmişdir. Vəsiyyətinə uyğun olaraq dəfn mərasiminə Mirzə Məhəmmədhüseyn Axund rəhbərlik etmişdir. Mərasimin ikinci günü Axund Molla İman məclisdə Şeyx Yusifin ictihad dərəcəsini təsdiq edən sənədi oxumuş və məclis əhlini heyrətləndirmişdir. Şeyx Yusif bu gün də unudulmur, xalq arasında daim əziz xatirəsi eldə-obada hörmətlə yad olunur (Quliyev (2) 2014, 5).

3.İmam Axund (1878-1960)
Hazırda Lənkəran ağsaqqallarının “İmam Axund” kimi xatırladığı Axundov (bəzi mənbələrdə Sübhanov) Məhəmmədhüseyn Əbdülhəmid oğlu 1878-ci ildə may ayının 20-də Lənkəran qəzasında dünyaya gəlmişdir. Atası Əbdülhəmidin evindən heç vaxt İslami adət-ənənələr əskik olmamışdır. Belə bir ailədə böyüyən Məhəmmədhüseyn ilk ruhani təhsilini şəhər mədrəsəsində almış və ustadı-əmisi Molla Əliəkbər (1800-1898) olmuşdur. Molla Əliəkbər dövrünün tanınmış din xadimi olmaqla yanaşı, Lənkəranda fəaliyyət göstərən “Fövcül-füsəha” (“Gözəl danışanlar dəstəsi”) adlı şairlər məclisinin fəal üzvü olmuş və “Aciz” təxəllüsü ilə şeirlər yazmışdır. 

Məhəmmədhüseyn Axund  uşaq yaşlarından elm öyrənmək üçün daim səy göstərmiş və təhsil almaq arzusunda olmuşdur. Digər tələbələrdən dərin zəkası ilə seçilən Məhəmmədhüseynin arzusunu Lənkəran xeyriyyəçiləri gerçəkləşdirir. Xeyriyyəçilərin təşəbbüsü və köməkliyi ilə təhsil almaq üçün İranın Tehran şəhərində yerləşən “Madərşahe-qədim” mədrəsəsinə yollanır. İrana gedərkən dövrünün tanınmış din xadimi-ustadı Hacı Axund (Molla Məhəmməd Ziya Lənkərani) öz əmmaməsini ona yadigar və təbərrük olaraq vermişdir. Tehranda təhsilini əla qiymətlərlə başa vuran Məhəmmədhüseyn Axund başqa bir elmi-dini mərkəzə İraqın Nəcəfül-Əşrəf şəhərinə üz tutur. İslami biliklərə kamil sürətdə yiyələndikdən sonra 40 yaşında vətəni Azərbaycana qayıtmışdır. Tez bir zamanda elminin kamilliyi ilə seçilərək şəhərin “Böyük bazar” məhəlləsində yerləşən “Cümə” məscidində insanlara imamlıq etmişdir. 

Məhəmmədhüseyn axund Mirzəhra adlı xanımla ailə həyatı qurmuş və bu evlilikdən 3 qız,  Məhəmmədağa və Həmidağa adında 2 oğlu olmuşdur. Kiçik oğlu Həmidağa uşaq yaşlarında dünyasını dəyişmişdir. Məhəmmədağa isə Tehranda hərbi həkim işləyən əmisi Məhəmmədtəqinin yanına getmiş və qızı ilə ailə həyatı quraraq orada yaşamışdır. İranda elektrik mühəndisi kimi fəaliyyət göstərmişdir. Sonralar ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür. Məhəmmədhüseyn Axundun bir çox nadir əlyazmaları oğlu Məhəmmədağada olmuşdur. 

Axund dini biliklərlə yanaşı tarix, riyaziyyat, astronomiya, ədəbiyyatı da yaxşı bilmiş və tərcüməçiliklə məşğul olmuşdur. İmkansız ailələrə, xəstələrə həmişə kömək etmişdir. Böyük savad sahibinə əvvəlcə “Mirzə”, sonra Axund, daha sonra “İmam Axund” deyilməyə başlanmışdır. Bu ləqəblərdən də göründüyü kimi, Məhəmmədhüseyn Axund daim öz xeyirxah əməlləri ilə xalqın rəğbətini qazanmışdır. Yaşadığı dövrdə yazıb-pozmağı bacaran az olmuş Axund həmdə mirzəlik edərək xalqın işinə yaramışdır. Kimsəsiz ailələrə etdiyi təmənnasız köməkliklərə görə isə xalqın öndə gedəni olaraq “imam” adlandırılmışdır.

Məhəmmədhüseyn Axund daim elmi mütaliələr etmiş, dövrü mətbuatı və radio verlişlərini izləmişdir. Bunun məntiqi nəticəsidir ki, 1957-ci ildə  ilk dəfə Yerin süni peyki buraxıldığı zaman bu hadisədən heyrətlənirməmiş və bunu “Allahsızlıq” adlandırmamışdı. Elminin dərinliyi, zəkasının uzaqgörənliyi ilə bir vaxt Aya da uçacaqlarını, insan ayaqlarının aya da dəyəcəyini  xəbər vermişdi. Ağsaqqalların dediyinə görə, Məhəmmədhüseyn axund 1950-ci illərdə məclislərin birində qeyd etmişdir ki, “Zaman gələcək telefonla danışanlar bir-birlərini də görəcəklər” (Talışlı 2017, 412).
1960-cı ilin oktyabr ayının 3-də 88 yaşında Məhəmmədhüseyn Axund axirət evinə köç etmişdir. Vəsiyyətinə uyğun olaraq dəfn məsələlərini Masallıdan olan Şeyx Bəşir icra etmişdir. Dəfninə Respublikanın bir çox bölgələrindən ruhanilərlə yanaşı, elm adamları da qatılmış, Təzə Pir məscidində, oğlu Məhəmmədağa tərəfindən isə Tehran şəhərinin mərkəzi məscidinə adına ehsan verilmişdir. 7 gün davam edən hüzr mərasimində Qurani-Kərim 65 dəfə xətm olunmuşdur. Bu günə qədər Məhəmmədhüseyn Axund unudulmamış dövlət tərəfindən yaşadığı evə xatirə löhvəsi vurulmuş, küçələrinə onun adı verilmişdir (İsmayıllı 2019, 36; Mövlayi 2013, 141).

4.Molla Baba Lənkərani (1879-1948)Azərbaycanın dilbər güşələrindən olan Lənkəranın halal və zəhmətkeş adamlarının hər biri milli-mənəvi dəyərlərinə nə qədər hörmət edirlərsə, bir o qədər də, din xadimlərinin ehtiramını saxlayıb gənc nəslin nümayəndələrinə onların ibrətlə dolu xatirələrini daim xatırladırlar. Bütün el məclislərində hörmətlə yad olunan din xadimlərindən biri də, xalq arasında Molla Baba Axund kimi tanınan Şeyx Tahirdir.

Şeyx Tahirin ata-babaları İraqın Nəcəfül-Əşrəf şəhərində yaşamış, seyidlərə qarşı olan təzyiqlərə görə İranın Mazandran vilayətinə köç etmişlər. Burada onlar seyid olmalarını heç kəsə bildirməmiş, İraqda olduğu kimi yenidən ticarət işləri ilə məşğul olmuşlar. Ticarət zamanı ən çox Talış mahalına gəlib getdiklərinə görə Lənkəran qəzasının Boradigah ərazisində bir sıra insanlarla dostluq əlaqələrində olmuşlar. Mazandranda yaşayarkən şəhərdə baş verən haqsızlıqlar, qəbilələrarası qanlı toqquşmalar bunları öz dostlarının yanına, Talış mahalına gəlməyə vadar etmişdir. 1830-40-cı illərdə Talış mahalına köç etdikdən sonra buradakı dostları Masallının Türkoba və Mahmudavar kəndləri arasında (və ya Türkoba və Boradigah) Şeyx Tahirin ata-babalarına müvəqqəti yaşamaq üçün torpaq sahəsi vermişlər. Daim islam qayda-qanunlarına riayət edən nəsil ağsaqqalları Boradigahın tanınmış şəxsləri ilə görüşüb onlara sahibsiz yer vermələrini xahiş etmişlər. Həmin şəxslər hazırda Lənkəranın Zövlə kəndi ərazisinə aid olan meşəliyin tamamilə sahibsiz olmasını, indiyə qədər əkilib-becərilmədiyini bildirmişlər. 

Bu ərazidə “Perizağa” adında qədim bir ziyarətgahın olmasına görə ərəb-seyid tayfasına buranı məsləhət görmüşlər. Bu ziyarətgahın kimə məxsus olması haqqında heç bir məlumat olmasa da, üzərində olan məzar daşında “Həzrət Hüseynin (ə) oxşarı” sözləri yazılmışdır. Bu ziyarətgah bu günə qədər heç bir tədqiqatçı tərəfindən araşdırılmamış, haqqında məlumat verilməmişdir. (Lənkəranın Havzava kənd orta məktəbinin müəllimi İldırım Şükürlü tərəfindən toplanan, çapa verilmək üçün hazırlanan “Lənkəran ziyarətgahları” adlı kitabda isə ziyarətgah haqqında ilk dəfə qısa da olsa məlumat verilmişdir.)

Hazırda insanların abadlıq şəraitində yaşadığı Zövlə kəndində bir zamanlar Molla Baba Axundun ata-babaları təmizlik işləri aparmış və kənddə yaşamağa başlamışlar. Bunların arasında Ağa adında təqvalı, dini təhsil görmüş bir ruhani də var idi. Molla Baba Axundun atası zəmanəsinin tanınmış, seçilmiş şəxsiyyəti olmuş, Kərbəla ziyarətində olduğu üçün Kərbəlayi Axund Ağa adıyla tanınırdı. 
1879-cü ildə (sənədlərdə 1883-cü il göstərilmişdir) Axund Ağa Tahir oğlunun evində  bir oğlan uşağı dünyaya göz açır. Axund Ağa uşağa atasının adını Tahir qoyaraq, ömrünə Allahdan bərəkət istəyir. Uşaqlıqdan Tahirə “Baba” deyilməyə başlanılmış və bu günə qədər xalq arasında Molla Baba kimi tanınır. Hələ uşaqlıqdan həmyaşıdlarından seçilən Tahir ilk təhsilini atasından alır, sonra isə Lənkəran mədrəsəsində oxuyur. Gənc yaşlarında Nəcəfül-əşrəf şəhərinə gedərək ali dini təhsilə yiyələnir və orada ictihad dərəcəsinədək yüksəlir. Nəcəfdə təhsil alarkən zəmanəsinin tanınmış müçtəhidlərindən biri, əslən Lənkəranın Boladi kəndindən olan Seyid Rza Lənkəraninin fiqh dərslərində iştirak edir. Tahir xüsusi qabiliyyət və ehtiramıyla ustadının diqqətini özünə cəlb etmiş, Seyid Rza Lənkərani öz qızını Rübabə xanımı ona kəbin etmişdir. Bu evlilikdən Tahirin övladı olmur. Rübabə xanım “Axund sənin məndən uşağın olmadı, yaxşı olar ki, başqa bir qadınla evlənəsən”, deyərək yenidən onun evlənməsinə imkan yaradır. Rübabə xanım ömrü boyu niqabla gəzmiş, yaxın ətrafı belə ömrünün sonunadək onun üzünü görməmişdir. Rübabə xanımın məzarı “Kiçik bazar” qəbristanlığındadır.

1899-cü ildən 1915-ci ilədək Nəcəfül-əşrəfdə müəllim kimi fəaliyyət göstərsə də sonda vətəninə dönmək arzusuyla doğma Lənkərana, Zövlə kəndinə qayıdır. Zövlə və ətraf kəndlərdə ruhani kimi fəaliyyətə başlayır. Bir neçə dəfə dövlət təhlükəsizlik orqanları tərəfindən təqib olunsa da, NKVD nümayəndələrinə verdiyi sərt lakin tutarlı cavabları onu ölümün cəngindən qurtara bilmişdir.
İkinci evliliyi həmkəndlisi Səfiyyə xanımla olmuş, lakin erkən ölüm Axundun 3-cü dəfə evlənməsinə səbəb olmuşdur. Axund Aminə adlı xanımla ailə həyatı qurur və 2 xanımından Qulaməli, Qubadəli, Məmmədağa, Əliməmməd, Əliağa, Məhəmməd adlı oğlanları və 6 qızı olur. Ailəsinə daim paklığı aşılayan Axund bütün övladlarına Qurani-Kərimi, şəriət hökmlərini tədris edir. 1934-cü ildə Lənkəran şəhərinə köçür. 

Lənkəran şəhərində 14 illik yaşadığı dövrdə ağsaqqalların məşvərət məclislərində iştirak edər, son söz sahibi kimi onu dinləyərdilər. 1948-ci ilin yanvar ayının 19-ü bütün Lənkəranı “Molla Baba dünyasını dəyişdi” xəbəri bürüyür. Cənazə namazını qılmaqdan ötrü İmam Axund (Axund Mirzə Məhəmmədhüseyn) dəvət edilir və ona bildirilir ki, Molla Baba “Cənazə namazımı İmam Axunda qıldırın, ona deyin ki, Quranımın arasında olan vəsiyyətnaməmi xalqa çatdırsın”, demişdir.
Quranı gətirib İmam Axunda verirlər. İmam Axund Quranın arasında vəsiyyətnamə ilə yanaşı, başqa bir möhür vurulmuş kağızın, ictihad dərəcəsinə çatma haqqında icazə kağızının olduğunu görür. İlk olaraq gördüklərinə inanmayan İmam Axund yanılmadığını anlayır. Məclislərdə verilən suallara düzgün və səlis cavab verməyi bacaran Molla Baba müçtəhid idi. Ölən gününə qədər bunu xalqdan gizlətmiş “İcazə kağızını” heç kəsə göstərməmişdir. 

Gözləri yaşaran İmam Axund üzünü xalqa tutaraq “Ey camaat deməyin Molla Baba ölüb, deyərsiz ki, bir müçtəhidi itirdik” - deyərək, ibrət və nəsihətlərdən ibarət vəsiyyətnaməsini də xalqa oxuyur.
Cənazə gözü yaşlı Lənkəran xalqının çiyinlərində “Kiçik Bazar” qəbiristanlığına doğru hərəkət edirdi. Alimin şəninə hamıdan qabaqda qara bayraqlarla bəzədilmiş ələm, arxasıyca demək olarki, bütün kəndlərin ağsaqqal və ruhaniləri var idi.
Bu günə qədər unudulmayan Molla Babanın yaşadığı evə dövlət tərəfindən xatirə lövhəsi vurulmuş, evinin qarşısındakı küçəyə adı verilmişdir (Quliyev (2) 2014, 5).

5.Şeyx Təbib Lənkərani (1880-1933)Seyid Sadiq 1880-ci ildə Lənkəran qəzasının Şağlaser kəndində dövrünün ziyalı ailəsində, dünyaya göz açmışdır. Atası seyid Qənbər bir müddət Məhəmməd şahın (Məhəmməd şah Qacarın) (1810-1848) mirzəsi olmuşdur. Seyid Qənbər dünyəvi elmləri mükəmməl bilmiş, xalq təbabətinin mahir bilicilərindən olmuşdur. 

Müdrik ata syid Sadiqdən başqa Seyid Əjdər, seyid Qəni və seyid Qulam adında təqvalı, gözəl övladlar yetişdirmişdir. Seyid Qənbər övladlarını təhsilli görmək istəyirdi. Bu məqsədlə Sadiqi Lənkəran şəhərində yerləşən mədrəsəyə qoymuş, o burada elmin sirlərini öyrənməyə başlamışdır. Lənkəranda təhsilini bitirəndən sonra Seyid Qənbər oğlunu Xorasan vilayətinə aparmışdır. Seyid Sadiq bir müddət Xorasanda təhsil almış sonra Nəcəfül-Əşrəf vilayətinə getmişdir. 

Axund Seyid Sadiq qeyri-adi istedadı ilə yanaşı, ecazkar və məlahətli səsə malik olmuşdur. Xorasanda təhsil alarkən Seyid Sadiqə İmam Rza (ə) hərəmində müəzzinlik təklif olunmuşdur. Axund bu təklifin cavabında bildirmişdir: “Mən bir neçə dəfə hərəmdə azan verərkən, naməhrəmlər belə müəzzinin kim olmasını bilmək üçün azan verdiyim yerin qabağına yığışıblar. Mən çox cavanam. İlahi çağırışa isə ecazkar səs yox, sadəcə, “Allahu əkbər” kifayətdir”.
Axund Sadiq təhsilini başa vurduqdan sonra doğma yurdu Lənkəranın Şağlaser kəndinə qayıtmışdır. Dinin təbliğilə yanaşı o, xəstələri təbabət elminin köməyilə təmənnasız müalicə edir. El-oba arasında şan-şöhrət, nüfuz qazanan Axunda hörmət əlaməti olaraq “Ağa” deyilir.

Axundun Cil, Vilvan, Osaküçə, Separadi, Tükəvilə, Boladi, Boradigah və digər kəndlərdən çoxlu tələbələri olmuş, müqəddəs islam dəyərlərini böyük həvəslə tədris etmişdir. Lənkəran qəzasının Zuvand nahiyəsindən Şağlaserə köç etmiş ailələrə də maddi yardım etmiş, onlar üçün öz vəsaiti hesabına torpaq sahəsi alıb ev tikdirmiş, xeyirxahlığı ilə ürəklərdə iz qoymuşdur.

Axund Sadiq həmkəndlisi dul qadın Seyid Bəşirin qızı Suğra xanımla ailə qurmuş və bu evlilikdən Muğdad, Şahzadə və Rüqəyyə adında övladları olmuşdur. Suğra xanımın birinci həyat yoldaşından olan övladını Bəhlulu öz övladlarından ayırmamışdır. Axund Sadiqin oğlan nəvəsi İlham tibb elmləri namizədidir və hazırda Bakı şəhərində fəaliyyət göstərir. Digər nəvəsi Şahzadə xanımın oğlu Hacı Təbriz Lənkəran şəhər mərkəzi xəstəxanasında həkim işləyir. Rüqəyyə xanımın oğlu mərhum Aslan ali təhsilli müəllim olmuşdur.

Tibb və ilahiyyat sahəsində dəyərli əsərlər yaradan Axund Sadiq 1933-cü ildə vəfat etmişdir. O, illərdə bolşeviklərin kəndə hücumu zamanı həyat yoldaşı Suğra xanım axundun bütün kitablarını məscidin içərisində torpağı qazaraq gizlətmişdir. Şağlaser kənd məscidi 70 il sonra Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin təşəbbüsü və yardımı ilə yenidən əsaslı surətdə təmir edilərkən, bu qiymətli kitablar tamam çürümüş halda tapılmışdır. 

Daim dərin ehtiramla xatırlanan, unudulmaz Sadiq Lənkərani barədə söhbətlər dildən-dilə gəzir. Hər yerdə onun islami dəyərlərə üstünlük verməsindən, vətənpərvərliyindən danışılır. Axund Lənkəran türməsində olarkən məhərrəm ayında məhkumları başına toplayıb onlara Həzrəti Hüseynin (ə) keçdiyi əzab-əziyyətlərdən, islam dini uğrunda sona qədər mübarizəsindən, qəhrəmanlığından danışıb, yanıqlı səslə hadisələri nəzmə çəkib. Hətta həbsxana rəhbərliyindən icazə istəyib, Sütəmurdov məscidində Aşura mərasiminə qatılıb. Həmin mərasimdə etdiyi gözəl xütbə və ecazkar səsi barədə uzun illər danışılıb. 

Gözəl əxlaq və davranışına görə 1933-cü ilin əvvəllərində vaxtından əvvəl azadlığa buraxılıb. Azadlığa çıxandan bir neçə gün sonra gecə vaxtı milis işçisi evinə gələrək, onunla bərabər getməyini bildirmişdir. Havanın soyuq, şaxtalı olması, yenidən arxasınca milis əməkdaşının göndərilməsi Axundu qorxutmamışdır. Müəyyən qədər yol getdikdən sonra milis bir həyətə daxil olur. Bunu görüb duruxan Axund məsələnin nə yerdə olduğunu soruşur. Milis üzünü Axunda tutub deyir: “Uşağım xəstə olduğundan başqa əlacım yox idi. Fikirləşirdim ki, bu soyuq gecədə mənimlə bu qədər yolu qət etməzsən”. Axund ona belə bir cavab verir: “Səhv edirsən. Xəstəni heç bir halda köməksiz qoymaq olmaz. Amma sənin bu hərəkətin uşaqlarımın başsız qalmasına səbəb olacaqdır”.
Axund Sadiq xəstəni müalicə etdikdən iki gün sonra - 1933-cü il fevralın 23-də dünyasını dəyişir. Cənazə namazını yaxın dostu Axund Qüdrət Cili icra edir. Matəm mərasiminə Astara, Lerik, Masallıdan da din xadimləri, möminlər qatılmış, Axund böyük ehtiramla Şağlaser kənd qəbristanlığında dəfn edilmişdir (Quliyev (2) 2014, 5).

6.Şeyx Qüdrət (1880-?)
Şeyx Qüdrət 1880-cı ildə Məşədi Əliəsgər Əkbər oğlunun evində dünyaya göz açmışdır. Hələ uşaqlığından yaşıdlarından seçilən Qüdrət ata-babasından dini və əxlaqi dəyərlər ruhunda tərbiyə almışdır. Atası Əliəsgər tanınmış, nüfuzlu şəxslərdən biri olmuşdur. Dini dəyərlərə daim üstünlük verən Əliəsgər Məşhəd şəhərinə gedib imam Rzanı (ə) ziyarət etmiş, Məşhədi Əliəsgər kimi tanınmışdır. Kənd məscidinin tikintisində (1903) Məşədi Əliəsgərin böyük rolu olmuşdur. Sonralar bu məscid Şeyxülislam Allahşükür Paşazadə həzrətləri tərəfindən müasir üslubda yenidən tikilmiş və sakinlərin istifadəsinə verilmişdir.

Axund Qüdrət ilk təhsilini kənddə, daha sonra Lənkəran mədrəsəsində almışdır. Ərəb və fars dillərini yerli alimlərdən öyrənmiş mükəmməl təhsil almaqdan ötrü Xorasan (Məşhəd şəhəri) vilayətinə getmişdir. Xorasanda 8 il, Nəcəfül-əşrəfdə isə 14 il ilahiyyat elminin sirlərini öyrənmiş, ictihad dərəcəsinə qədər yüksəlmişdir. 

Doğma yurduna - Cil kəndinə qayıtdıqdan sonra elmi-dini fəaliyyətlə məşğul olmuş, ətraf bölgələrdə böyük hörmət qazanmışdır. Halallıq və paklığı təbliğ edən Axund Qüdrət kasıb insanların dəfn mərasimlərinin xərclərini ödəmiş, ay ərzində 3-4 dəfə kasıblara məsciddə ehsan paylamışdır.
Axund Qüdrət Anaqız adlı xanımla ailə həyatı qurmuş, bu evlilikdən Əliyyənnəqi, Zülfüqar, Əmiraslan, Sabir adında oğlanları və 2 qızı olmuşdur. 
Keçən əsrin 30-cü illərində ölkəni bürüyən repressiya Axund Qüdrətdən də yan keçməmiş, həbs edilərək sürgünə göndərilmişdir. Kitabları illərlə zəhmət çəkib ərsəyə gətirdiyi elmi əsərləri, əlyazmaları da müsadirə olunmuşdur.

1986-cı ildə Arxangelsk şəhərindən Cil kəndinə onun bəraət alması haqqında məktub göndərilmişdir. O vaxta qədər Axund barəsində heç bir məlumat olmamışdır. Ehtimal olunur ki, Axund Qüdrət Arxangelsk vilayətinə sürgün edilmiş, orada da dünyasını dəyişmişdir.
Cil kəndində Şeyx Qüdrət Axundla yanaşı, Molla Əbdürrəzzaq, Molla Abdullah, Molla Əsgər və Molla İzzətullah kimi tanınmış din xadimləri olmuşdur. Kənd məscidinin axundu Əliəşrəf Əliyev ənənəni layiqincə qoruyur və davam etdirir. Axund Əliəşrəfin tələbələri arasında tanınmış ilahiyyatçılar, axundlar vardır. Cil kəndində milli-mənəvi, dini dəyərlərmizin, dövlətçilimizin təbliğində ağsaqallar, ziyalılar və din xadimləri fəal iştirak edirlər (Quliyev (2) 2014, 5).

7.Molla Hüseyn (1880-1964)Teymurov Hüseyn Ələsgər oğlu 1880-cı ildə Lənkəran qəzasının Zuvand nahiyyəsinin (indiki Lerik) Hoveri kəndində kasıb bir ailədə dünyaya göz açmışdır. Hoveri kəndi Molla Hüseyndən əvvəl Molla Əhməd, Molla Həbib, Molla Fərəc, Molla Məcid kimi tanınmış ruhaniləri yetişdirmişdir.
İlk təhsilini Molla Hüseyn doğma kəndində məhəllə məktəbində qazı Molla Məciddən almış, sonra uzaq bir yolu qət edərək Kəlvəz kəndindən olan Mirzə Cəfər Axundun dərslərində iştirak etmişdir. Mirzə Cəfər dünyasını dəyişdikdən sonra qardaşı oğlu Mirzə Əbdül Molla Hüseynə ilahiyyat elmlərinin sirlərini öyrətmişdir. Şonəyçolə kəndindən olan Axund Məhəmməd bir neçə il gələcək alimin püxtələşməsində mühum rol oynamışdır. 
Molla Hüseyn Səlmi adlı xanımla ailə həyatı qurmuş Vahab adlı oğlu (dünyasını atasının sağlığında dəyişmişdir) və 3 qızı olmuşdur. Bir yetim qızı isə himayəsinə götürərək onun təlim-tərbiyəsi ilə öz doğma övladları kimi məşğul olmuşdur.

Molla Hüseyn təkcə din elmləri ilə kifayətlənmir, ailəsini dolandırmaq üçün xarrat peşəsinə yiyələnir. Hətta sovetlər dönəmində (1928-30-cü illərdə) din xadimini təqib etmək üçün ona çox böyük bir məbləğdə vergi qoyurlar. Vergini ödəyə bilmədiyinə görə səsvermə hüququndan məhrum edilirək yaşadığı evi də müsadirə olunur.

1952-ci ilin aprel ayında isə 5 il müddətində azadlıqdan məhrum edilərək uzaq İrkutsk vilayətinə sürgün edilir. 1956-cı ildə əməlində cinayət tərkibi olmadığına görə bəraət alan din xadimi həbsdən azad edilir. Uzun təqiblərdən sonra 1964-cü ilin oktyabr ayında dünyasını dəyişərək haqqa qovuşur. 
Dövrünün Şeyx Qələm, Şeyx Mirbəşir, Molla Bülbül kimi din xadimləri Molla Hüseyni din fədaisi anlandırmış və çəkdiyi əzab-əziyyətə görə “imam Hüseyn əleyhissəlamdan sonra zillət çəkən Hüseyn” kimi daim xatırlamışlar (Quliyev (2) 2014, 5).

8.Şeyx Qələm (1883-1984)Qasımov Qulamrza Məhəmmədrza oğlu 1883-cü ildə Lerik rayonunun Zenoni kəndində anadan olmuşdur. İlk ruhani təhsilini 10 il Xorasanda alan Qulamrza daha sonra elm şəhəri Nəcəfül-Əşrəfdə 3, peyğəmbər şəhəri Mədinədə isə 4 il qalaraq İslam elmlərinə dərindən yiyələnmişdir. Ustadları tərəfindən Xorasanda təhsil alarkən gözəl hüsn-xəttə malik olduğu üçün ona “Qələm” ləqəbi verilmiş və  Respublikamızda “Şeyx Qələm” kimi tanınmışdır. 

Molla Qələm Axund Piruzə adlı xanımla ailə həyatı qurmuş, 3 qız Əhməd və Rzaxan adlı 2 oğul atası olmuşdur. Ailəsini daim İslami dəyərlər işığında tərbiyə etmişdir (Şükürlü 2013, 19).
Mərhum Prezident Heydər Əliyev DTK-nın sədri vəzifəsində olarkən Kuveytdən gələn yüksək vəzifəli şəxslərin görüşündə məhz tərcüməçi qismində Şeyx Qələm Axund iştirak etmişdir. Qonaqlarla bir çox söhbət aparan Şeyx Qələm onların rəğbətini qazanmış və onlar “Cənab Əliyev, Sovet hökümətində belə zəkalı İslam bilicisinin olmasını ağlımıza belə gətirməzdik. Bu böyük bir möcüzədir”, demişlər. 

Xalq arasında daim hörmətlə yad olunan ruhanilərdəndir. Dövrünün öndə gedən din bilicisi olmuşdur. 1984-cü ildə 101 yaşında vəfat etmişdir (Abbasov (1) 2008, 45).

9.Mirkərim Axund (1896-1962)
Mənbələrdə Cəfərov Əbdülkərim Mircəfər oğlunun doğum tarixi 1875-85-ci illər göstərilsə də, Azərbaycan Milli Arxivində saxlanılan sənədlərdə 1886-cı ildə aparılmış qeydiyyat bunun yalnış olduğunu göstərir. Aparılmış qeydiyyatda Əbdülkərimin atası Mircəfərin 31 yaşının olması göstərilmiş, övladları barədə heç bir məlumat verilməmişdir. Axundun baş daşında doğum tarixi 1896-cı il göstərilmiş və gəldiyimiz qənaət bu tarixin doğru olmasıdır.

Şeyx Əbdülkərim Axund 1896-cı ildə Lənkəran qəzasının Veri ərazisinin Babaküçə kəndində ruhani ailəsində dünyaya gəlmişdir. Doğulduğu kənd ulu babası Babanın adını daşıyır. 
Əbdülkərim Cəfərovun şəcərəsi Mircəfər ibn Səfərəli ibn Baba ibn Cəvşənəli ibn Novruzəli ibn Cahangir ibn Şükürullah ibn İsmayıl ibn Seyid Süleyman ibn Saleh ibn Sahib Fəxrəbadi qoluyla kökləri Nəcəf şəhərindən olmaqla Musəvi (İmam Museyi Kazım əleyhissəlamın övladları) sayılırlar.
 Şeyx Əbdülkərimin yeddinci babası Şükrullah Lənkəran qəzasına köç etmişdir. Seyid Şükrüllahın Talış vilayətinə köç etməsi səkkizinci şiə imamı Əli bin Musa (İmam Rza) əleyhissəlamın vəfatından sonra baş vermişdir. Şükrullahın Cahangir, Piri və Siyab adında 3 oğlu olmuşdur. Cahangir ağanın nəsli Rvarud, Veri, Tikəband, Tanqəbındə, Piri ağanın nəsli Çayru, Vizəzəmin, Piyəkujədə, Siyab ağanın nəsli isə Həzovi, Rəzgov, Ser, Daster kəndlərində yaşamaqdadırlar. Bu gün Talış zonasında “Piranlı seyidlər” (“Piron səyd”) adıyla tanınan bütün seyidlər məhz Şükrüllah ağanın törəmələridir.
Seyid Şükrullahın babası Seyid Süleyman dövrünün böyük irfan alimlərindən olmuş, İranın Fəxrəbad kəndində məzarı üzərində türbə ucaldılmış və bu günə qədər ziyarət olunmaqdadır. Ulu babası Sahib Fəxrəbadi isə Səfəvi sarayında nüfuzlu şairlərdən biri olmuşdur.

Atası Mircəfər kəndin tanınmış şəxslərindən, öndə gedən ağsaqqallarından olmuş, sadə kənd həyatı yaşayaraq halal zəhmətə qatlaşıb ailəsini dolandırardı. Əbdülkərim həlimlik və səxavətinə görə atasına çox bənzəyirdi. Bu xüsusiyyətlər gələcək alimin yetişməsinə də böyük təsir göstərmişdir. İlk dini təhsilini atasından almışdır. Sonradan təhsilini Hamarat kəndindən olan Şeyx Həbibullahın yanında davam etdirmişdir. 

Dərin zəkası və digər tələbələrdən seçilməsi onu İranın Qum şəhərində yerləşən dini-elmi mərkəzə aparmışdır. Orada 6 ildən çox müddətdə təhsil almış, ilahiyyat elmləri ilə yanaşı tarixi, şərq ədəbiyyatını, riyaziyyatı xüsusən coğrafiya haqqında olan biliklərini mükəmməlləşdirmişdir.
Təhsilini başa vurduqdan sonra doğulub boya-başa çatdığı doğma kəndinə dini bilgilərə malik bir ruhani kimi qayıtmışdır. Fikir və danışığında fəsahət və bəlağət nümayiş etdirməklə qısa zaman içində uzun müddətə əldə edə bilinən hörməti qazanmış, haqqında ətraf kəndlərdə danışılan ruhaniyə çevrilmişdir. 

Şeyx Ədbülkərim 1959-cü ildə respublikanın uzunömürlülərindən biri, 151 yaşlı Mahmud Eyvazovun dəfn mərasiminə rəhbərlik etmiş, Mərkəzdən gələn qonaqları söhbətləri ilə heyran qoymuşdur. Ucqar bir dağ kəndində bu cür zəngin dünyagörüşlü din xadiminin olması onları təəcübləndirmişdir.
Başqa bir hadisə isə Əbdülkərim Axundun Mirzə Məhəmmədhüseyn Axundla (İmam Axund) birlikdə Əli Fəhmiylə Lənkərana gələn alimlərlə söhbətləri olmuşdur. Gələn qonaqlarla görüşdə hər iki Axund ədəbiyyat, tarix, coğrafiya, astronomiya və bir sıra elmi sahələrdə biliklərini ortaya qoyaraq fikirlərini söyləmiş, gələn elm adamlarını heyran qoymuşlar. 

İmam Axund Əbdülkərim Axund haqqında qonaqları belə məlumatlandırmışdı: “Mən nucum elminə necə darayamsa, qardaşım da coğrafiya elminə bələddir”. Bu görüşdən sonra Əli Fəhmi “Mən Firdovsini Axunddan (İmam Axund) öyrəndim”, deyərək din xadiminə qiymətini vermişdir.
Əbdülkərim Axund Şəhrəbanu adlı xanımla ailə həyatı qurmuş, bu evlilikdən Əhmədağa, Məhəmməd, Mirishaq, Mirhüseyn, Mirmehdi adında 5 oğlu və 3 qızı olmuşdur. Şeyxin böyük oğlu Əhmədağa 17 yaşında Böyük Vətən müharibəsinə getmiş, geri qayıtmamışdır. 
1961-ci ildə Axund səhhəti ilə əlaqədar olaraq Lənkəran rayonunun Bəlləbur kəndinə köçüb, yaşadığı kənddə həmkəndlilərinin hörmətini qazanaraq ictimai işlərin ərsəyə gəlməsinə el ağsaqqalı kimi rəhbərlik etmişdir.

Əbdülkərim Axund 1962-ci ildə vəfat etmişdir. Vəsiyyətində cənazə namazının qılınmasını Şeyx Bəşiri göstərsə də, o, səhətiy ilə əlaqədar olaraq dəfndə iştirak etməmişdir. Şeyx Əbdülkərimin cənazə namazını Molla Hüseyn icra etmiş, Lənkəranın “Sardəxıl” qəbiristanlığında Mirzə Məhəmmədhüseyn Axundla (İmam Axund) yanaşı dəfn edilmişdir (Kərimli 2000, 115).

10. Şeyx Məhəmməd (1928-2002)Azərbaycan ilahiyyatının tanınmış simalarından biri Şeyx Qüdrətullahın  evində 1928-ci ildə bir oğlan uşağı dünyaya göz açmış, adını Məhəmməd qoyaraq ömrünü Allahdan istəmişlər. Məhəmməd ilk ibtidai dini təhsilini atasından daha sonra Lənkəranın Digah kəndində dövrünün tanınmış xəttatı olan Molla Babadan, Lənkəranın “Giləkoba” (indiki Kiçik bazar) məhəllə məscidinin axundu Molla Baba Tahirdən almışdır. Sonralar doğma ata-baba yurdu Ərkivanda atasının tələbə yoldaşı Şeyx Bəşir axundun yanında elmini kamilləşdirmişdir (Quliyev  (1) (2014).

Şeyx Məhəmməd dini elmlərlə yanaşı, təbiət elmlərini, həndəsə, coğrafiya, riyaziyyat, təbabət, tarix, ədəbiyyatı da yüksək səviyyədə bilmişdir. Məclislərdə klassiklərmizdən (Füzuli, Nizami, Nəsimi, Xəqani, Firdovsi və b.) söylədiyi şeir və qəzəlləri mahir ustalıqla şərh edər, fəlsəfi fikirlərlə hüzn məclisini-auditoriyanı heyran edir, verilən sualları cavablandırmaqda çətinlik çəkməmişdir. O, hələ sovet dövründə sahib olduğu elmi-dini dünyagörüşü ilə camaatın maariflənməsi yolunda çalışmışdır. Alimin fikrinə görə xalqın maariflənməsi üçün izahlı dini kitablara ehtiyac duyulduğu dəfələrlə bildirmişdir.

Şeyx Məhəmməd əmisi qızı Tükəz xanımla ailə həyatı qurmuş, bu evlilikdən Zeynülabidin, Rza, Sadıq, Kazım, Məhəmmədbağır, Tağı adında 6 oğlan və iki qız övladı dünyaya gəlmişdir. Hazırda Şeyxin nəvə-nəticələri Cəlilabad və Bakı şəhərlərində yaşayırlar. Şeyxin bir nəvəsi onun adını daşıyır. Soykökündən olanlar Şeyxin adına layiq Allaha ibadət edir, təqvalı olmaları ilə seçilirlər. Rza adında oğlu Bakı şəhərində din xadimi kimi fəaliyyət göstərir.

Şeyx Məhəmməd 9 sentyabr 2002-ci ildə 74 yaşında dünyasını dəyişmiş, Cəlilabad şəhərində atası Şeyx Qüdrətullahın yanında dəfn edilmişdir. Şeyxin dəfn mərasimi izdihamlı olmuş, Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, xarici ölkələrdən də din xadimləri, ziyalı və digər yüksək rütbəli şəxslər iştirak etmişdir (Abbasov (2) 2010, 12).

Nəticə
“Cənub bölgəsinin tanınmış din xadimləri (XIX-XX əsrlər)” adlı məqaləni yazarkən aşağıdakı nəticələrə gəldik:
Birincisi, İslam təfəkkürünün canlanıb yayılmasında böyük xidmətlər göstərmiş, Azərbaycanın böyük din xadimləri haqqında araşdırılmaların aparılması, onların yazdığı elmi əsərlərin tədqiq edilməsi və milli-mənəvi dəyərlərmizin təbliği fonunda təbliğ edilməsi hər bir azərbaycanlının borcudur.
İkincisi, Azərbaycanın cənub bölgəsi tarixən Azərbaycan ilahiyyatşünaslığının inkişafına öz töhfəsini vermiş, bu sahədə çox görkəmli, hərtərəfli savada malik olmaqla yanaşı, öz vətəninə bağlı ruhanilər, din xadimləri yetişdirmişdir.
Üçüncüsü, Sovet dövründə repressiya dalğası cənub bölgəsinin ruhanilərindən yan keçməmiş, çoxsaylı ruhani və din xadimimiz o ağır günlərin qurbanı olmuş, lakin bir an olsa da belə, öz əqidə və məsləklərindən dönməmişlər.
Dördüncüsü, arxiv sənədlər və xalqın yaddaşı ilə yanaşı, cənub bölgəsinin ruhanilərinin ərsəyə gətirdikləri əlyazma əsərlər bu gün də öz elmi-dini əhəmiyyətini itirməmiş və zaman keçdikcə tədqiqata cəlb ediləcəkdir.
Beşincisi, XIX və XX əsrlər Azərbaycan ilahiyyatşünaslığının zənginləşməsində və hərtərəfli inkişafında cənub bölgəsinin ruhani və din xadimlərinin rolu çox ciddi və danılmazdır.  


Ədəbiyyat
Abbasov Yaqub. İslam alimləri. 2 cilddə. II c. Bakı- 2008
Abbasov Yaqub. Şeyx Məhəmməd Axund. Bakı-2010
İsmayıllı Elşən. Lənkəran qəzasının maarifçi din alimləri. Bakı-2019
Kərimli Əhmədağa. Lənkərandan olan ziyalılar. Bakı-2000
Quliyev Samid. İmam Axund. Məşəl jurnalı. 4-cü say-2014
Quliyev Samid. İslamda orta yol sahibləri. Haqqın nuru qəzeti. 25 aprel-01 may -2014
Quliyev Samid, Vəliyev Etibar. Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları. Bakı-2018
Mövlayi Adil. Qafqazda elm dünyasının ulduzları. Bakı-2013
Şükürlü İdris. Şeyx Qələm Axund. Bakı-2013
Talışlı Mirhaşım, Əhədov Etibar. Lənkəran ensiklopedik məlumat. Bakı-2017

Quliyev Samid,
QMİ-nin əməkdaşı, ilahiyyatçı-alim.

Ambur.az

Oxşar xəbərlər