Dağların füsunkar gözəlliyinə ilahi rəng qatan övliya- Babagil

13 Sen 2021 11:24
243

Lerik mağaralarla, tarixi abidələriylə, maddi-mənəvi irsimizi özündə əks etdirən qədim yaşayış məskənidir. Dağlıq ərazilərdə, ucqar kəndlərdə 200-dən artıq tarixi abidə qeydə alınmışdır. Bunların 42-si ölkə əhəmiyyətlidir. Lerikdə yerləşən abidələrin öyrənilməsi, bərpası, tədqiqi və mühafizəsi Dövlət səviyyəsində aparılmaqdadır. Bucür tarixi abidələrdən biri də, Babagil türbəsidir. 

Bu türbə Lənkəran-Lerik yolunun 40-cı kilometrliyində yerləşir. Qədim qəbristanlıqda orta əsrlərə aid daş qoç fıqurları, günbəz və günəş şəkilli başdaşları mövcuddur. Başdaşlarında olan yazılar oxunmaz hala gəlsə də, daşlarda əsasən  çevrə içərisində günəşin təsviri, ox, əmud, xəncər, daraq şəklinin təsviri, sərkərdə başının oxşarı yer almaqdadır. 

Mənbələrdən məlum olmuşdur ki, Babagil (Gilanlı baba, ağsaqqal, yol göstərən) tayfa ağsaqqalı, çox nüfuzlu şəxs olmuşdur. Lerik ərazisində əsasən Səfəvi ideologiyasını təbliğ edən Baba gil I Təhmasibin (1514-1576) dövründə yaşamışdır. 

Şah Təhmasib Sәfәvi dövlәtinin din siyasətini  sаbiq üsullаrdаn istifаdә еdәrәk “Xәlifәtül-хulәfа” аdlı nümаyәndәlәrinin üzərində qurmuşdur. Ətrаf mәntәqәlәrә savadlı, dini bilgilərə sahib olan şəxsləri göndәrərək onları оn iki imаmçı cаmааtа rәhbәrlik еtmәyә, hаbеlә günаhkаrlаrın cәzаlаndırılmаsı, hökmlәrin icrа оlunmаsı, cümә nаmаzlаrının vахtının tәyin оlunmаsı, nаmаz, оruc vә sаir şәri mәsәlәlәrә dаir fətvа vеrmәk üçün vəzifələndirmişdir.

“Xəlifətül-xüləfa” Lerik mahalında Babagil ləqəbiylə məhşur olsa da, əsl adı Nizaməddin Əmirə Şahsevər Kəskəridir. O, ilk əvvəl Astaranın Asnaqaran (Osnəkəon) kəndində məskunlaşmış, sonradan  Lerik ərazisinə köçmüşdür.

Maraqlıdır ki, Astara, Lerik, Lənkəran və Yardımlının ucqar ərazilərində “Baba” adlı bir çox ziyarətgah mövcuddur. Bəzi tədqiqatçılar bunlardan yeddisinin Nizaməddin Əmirə Şahsevərin qardaşı kimi təqdim etmiş, bəziləri isə onun rəhbərliyi altında dini təbliğatla məşğul olmalarını göstərmişlər. Baba gilə nisbət verilən qardaş-ziyarətgahlar bunlardır:  Baba Məhəmməd, Baba Həsən, Baba Davud, Baba Peyda, Pir Baba, Baba İsa, Baba Rəhman Nizaməddin Əmirə Şahsevərin  övladları Lerikin Babagil kəndində yaşamaqdadırlar. Baba gilin nəslinin davamçılarında olan Qurani-Kərim qədimliyinə, görkəminə, yazı üslubuna görə fərqlənir. Bu gün Azərbaycanda mövcud olan nadir nüsxələrdən sayılır. Quranın cildi dəridəndir, ayələrin sərlövhələri və abzasları göstərən iri nöqtələr qızılı rəngdə işlənmişdir. Hər səhifədə mətnə uyğun olaraq işarələr oxunuşu asanladırmaqdan ötrü nəqş edilmişdir. 

Baba gil məqbərəsi barədə (1509-1788) toplanan sənədlər təxminən 300 illik bir dövrü əhatə edir.  Baba gil və övladları haqqında tarixdə bir çox maraqlı məlumatlar yer almışdır. Bu məlumatlar Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun arxivində 6 sənəd toplusunda saxlanılır. Sənədlər orta əsr Azərbaycan tarixinin və sənətkarlığının öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

1788-ci ildə olan məlumat Cəngəmiran hakimi Nəcəfqulu xana məxsusdur.  Məlumat hakimin verdiyi hökmdən ibarətdir. Həmin məlumatda deyilir: “Qərar verildi ki, Cəngəmiran mahalının kəndxudaları, ağsaqqalları və vergi toplayan məmurları bilsinlər ki, Allahın rəhməti və səlavatı şamil olan Seyid Baba gilin Ahəngəran kəndində yaşayan övladları – Seyid Ruhullanın oğlanları Şeyxliyin pənahları Seyid Şahhüseynin oğlu Seyid Həsən və Şeyx Seyid Nemətin oğlu Seyid Fərzi keçmiş sultanların yazılı əmrlərinə və bizdən əvvəlki hakimlərin yazılı hökmlərinə görə, qədim zamanlardan indiyədək tövqih, təqsim, sursat, bigar, şikar və səvaderdən, habelə mübaşerlərin və divan məmurlarının sair təkliflərindən azad edilmiş və bağışlanmışlar”.

Nizaməddin Əmirə Şahsevər 1578-ci ildə vəfat etmiş, yaşadığı kənddə çayın sahilində yerləşən təpəlikdə dəfn edilmişdir. Çox güman ki, Baba gilin dəfn olunduğu yer əvvəllər də müqəddəslərin uyuduğu məkan olmuşdur. 

(Məlumatdan istifadə edərkən müəllifə istinad etmək zəruridir)
Samid Quliyev,
QMİ-nin əməkdaşı, AJB-nin üzvü, AMEA-nın  doktorantı, 

Ambur.az

Oxşar xəbərlər