“Dövlət orqanlarından çox, Xoşqədəmin, Zaurun qəbuluna düşmək istəyənlər var“ - Deputat

13 May 2022 14:39
62

Son günlər sosial yönümlü televiziya verilişlərində sağlamlıq problemi olan insanların müalicəsi üçün toplanan vəsaitlər ictimaiyyətdə müzakirəyə səbəb olub. 
 
Sonuncu belə xeyriyyəçi addım ATV-də yayımlanan “Bizimləsən” verilişində SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün atıldı. Azyaşlı üçün nə az, nə çox 3 milyon 300 min manat ianə toplandı. Bu həcmdə vəsaitin toplanması hətta Türkiyənin televiziya kanallarından birində də örnək addım kimi yayımlanıb. Qeyd edək ki, Amirin sağalması üçün ona vurulmalı olan “Zolgensma” iynəsinin qiyməti 2 milyon 200 min dollardır. 
 
Mövzu ətrafında sosial şəbəkələrdəki müzakirələrdə insanlar müalicəsi daha az vəsait tələb edən, amma diqqətdən kənarda qalan uşaqların sağalmasına, həmin vəsaitə daha da faydalı işlər görülə biləcəyi və s. kimi fikirlər səsləndiriblər.
 
Ambur.az
xəbər verir ki, məsələ ilə bağlı Ednews-a açıqlamasında millət vəkili Razi Nurullayev bildirib ki, bu sevindirici haldır.
"Açığı bu məni sevindirdi, çünki bu gün xalqımızın kiminsə probleminə bu şəkildə yanğılı, ürəklə yanaşan və qısa müddətə 3 milyonu toplayan nümayəndələri var. Demək hələ də insanlıq qalıb. O ki, qaldı vəsaitin şəffaf xərclənməsi və s. bununla bağlı məlumata malik deyiləm. Əgər şübhəli məqamlar varsa, bununla məşğul olmaq aidiyyatı orqanların işidir. Amma inanmıram ki, orada qeyri-qanuni nələrsə olsun. Zaur Baxşəliyevin, Elgizin, Xoşqədəm xanımın qəbuluna düşmək istəyən minlərlə insan var". 
 
Deputatın sözlərinə görə dövlət orqanlarından çox, onların qəbuluna düşmək istəyənlər var, çünki orada nəticə var:
"Vətəndaş bir çox dövlət orqanının qəbuluna gedir, nəticə hasil olmur. Sonra məktub gəlir ki, vəsaitimiz yoxdur, gözləyin. Yaxud da məktubu başqasına yönləndirirlər, o da digərlərinin. İnsanların ömrü gedir. Amma sağolsun, bu cür televiziya verilişləri ki, nə qədər insana kömək edirlər, cəmiyyətimizdə müəyyən mərhəmətlilik aurası yaradırlar. Kimlərsə buna başqa cür yanaşa, tənqid edə bilər, amma mən bunu çox bəyənirəm. Biz olanları niyə pisləyək ki. Onlar təşəbbüs göstərir, bir azərbaycanlı körpəsinin həyatını xilas edirlər. Bu, az məbləğə başa gələcəksə, qalan vəsaiti digər analoji məqsədlərə yönəltmək olar. 
 
Hər halda dövlət tərəfindən həllini tapmayan məsələləri televiziya vasitəsilə həll etməyə çalışırlar. Amma tibb sahəsində xeyli çatışmazlıqlar qalmaqdadır".

Oxşar xəbərlər