Döyüş yoldaşlarını mühasirədən çıxararkən şəhid olan Sabir Hüseynov

05 Apr 2021 18:54
592

Sabir Elşən oğlu Hüseynov 14 dekabr 1999-cu ildə Siyəzən rayonunun Yenikənd kəndində anadan olub. 1 bacı və 1 qardaş olmaqla ailədə 4 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2005-ci ildə Yenikənd kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2017-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Orta təhsilini başa vurduqdan, 2017-ci ilin yanvar ayında Siyəzən rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Sabir Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Xidmətini nöqsansız başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdıb. Özünə polis olmağı arzulayan Sabir sənədlərini yığırdı ki, arzusuna çatsın. 

27 sentyabr 2020-ci ildən etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində iştirak etmək istəyən Sabir müharibənin ilk günündə -27 -də Siyəzən rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və döyüşə yollanır. Füzuli, Cəbrayıl və Zənqilan istiqamətində gedən ağır döyüşlırdı iştirak edir, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Buna baxmayaraq, qəhrəman Sabir daha sonra Qubadlı uğrunda gedən ağır döyüşlərdə də iştirak edir. Düşmənə sinə gərərək adını qızıl hərflərlə tarixə yazır. Qəhrəman Sabir oktyabr ayının 14-də Qubadlı istiqamətində gedən şiddətli döyüş zamanı öz həyatını təhlükəyə ataraq mühasirədə qalan əsgər yoldaşlarını maşınla çıxartmağa çalışır və düşmən gülləsinə tuş gələrək şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Siyəzən rayonunun Yenikənd kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla dəfn edilir.  

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Siyəzən rayonunun Yenikənd kəndində anadan olan könüllü Sabir Elşən oğlu Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                     Ambur.az

Oxşar xəbərlər