Düşmənin dört zirehli texnikasını məhv edən şəhid Pərviz Balabəyov

27 Apr 2021 17:55
142

Pərviz Tofiq oğlu Balabəyov 17 iyun 1987-ci ildə Hacıqabul rayonunda anadan olub. 2 qardaş və 1 bacı olmaqla ailədə 5 nəfər olublar. 1993-cü ildə Hacıqabul rayon Fariz Cəbrayılov adına 2 saylı tam orta məktəbinin 1-ci sinfinə gedib və 2004-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurub. 2005-ci ildə Pərviz Hacıqabul rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilir. 2007-ci ildə xidmətini başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdır və qaz xətlərinin yenidən qurulma işində qayqançı vəzifəsində işləməyə başlayır. 2011-ci ildən etibarən ölkənin müxtəlif şəhər və rayonlarında su xətlərinin çəkilməsində usta başı vəzifəsində işləyir. Tofiq ərəb dilini sərbəst bildiyindən “Qurani Kərim” kitabını səlist oxuyurdu. 

Ürəyi Vətən sevgisi, torpaq sevgisi ilə döyünən Pərviz könüllü olaraq müddətdən artıq hərbi xidmət etmək qərarına gəlir və 2015-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, BMP zirehli texnikasında tuşlayıcı vəzifəsində xidmət etməyə başlayır. Xidməti dövründə komandanlıq tərəfindən müxtəlif medallarla təltif olunur. 2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı olan Pərviz 2020-ci il sentyabr ayının 27-dən etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində də iştirak edir və ilk döyüş yolu Cəbrayıl istiqamətindən başlayır. Düşmənə sinə gərən qəhrəman Pərviz düşmənin dört zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv edir. Göstərdiyi qəhrəmanlıqlarla adını qızıl hərflərlə tarixə yazan qəhrəman müharibənin ilk günündə şəhadətə ucalır. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Hacıqabul rayonuna gətirilir və orada yerləşən "Şəhidlər Xiyabanı"nda böyük izdihamla torpağa tapşırılır.

Şəhidin bacısı Günel xanım qardaşı Pərviz haqqında belə xatırlayır: "Biz atamızı 2004-cü yol qəzasında itirmişik. Qardaşım çox mərd, qeyrətli bir qardaş idi. Bizim üçün çox əziyyətlər çəkib. O, çox vətənpərvər bir insan idi. Şəhid olmağı özünə çox arzulayırdı. Hər dəfə "Görəsən mən nə vaxt şəhid olacağam?" -deyirdi. Son danışığı müharibə başlamamışdan bir gün öncə -sentyabr ayının 26-da anası ilə oldu, müharibədən heçnə danışmadı, sadəcə "Ana, özündən muğayət ol, özünə yaxşı bax, Allaha əmanət ol" -dedi. Özünə arzuladığı şəhidlik məqamına çatdı. Mən qardaşımla fəxr edirəm. Qardaşım çox mərd, cəsur biri idi".

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Hacıqabul rayonunda anadan olan Pərviz Tofiq oğlu Balabəyov ölümündən sonra "Cəbrayılın azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                     Ambur.az

Oxşar xəbərlər